QHT-lərə Dövlət Dəstəyi Şurası 2010-cu ilin hesabatını verdi- FOTOSLAYD

QHT-lərə Dövlət Dəstəyi Şurası 2010-cu ilin hesabatını verdi- FOTOSLAYD

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2010-cu ilin yekunlarına həsr olunmuş hesabat konfransı keçirib. SİA-nın məlumatına görə, şura sədri Azay Quliyev çıxışında 2010-cu ilin QHT-lərə Dövlət Dəstəyi Şurasının fəaliyyətində kifayət qədər məhsuldar il olduğunu bildirib. O, 2010-cu ildə keçirilən iki maliyyə yardımı müsabiqəsi üzrə, eləcə də Kontrapart İnterneşnel təşkilatı və "Qaradağ-Sement" ASC ilə birlikdə maliyyələşdirilən 352 layihəyə 2 milyon 102 min manat vəsait xərcləndiyini qeyd edib.

A.Quliyev insan hüquqları və demokratiya istiqaməti üzrə 54, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üzrə 43, Azərbaycanın dünya birliyinə inteqrasiyası üzrə 19, ətraf mühitin mühafizəsi üzrə 24, region QHT-lərinin təşəbbüslərinin dəstəklənməsi üzrə 59, təhsil və mədəniyyət üzrə 39, səhiyyə məsələlərinə dair təşəbbüslər üzrə 16, sosial və iqtisadi məsələlər üzrə isə 98 layihənin maliyyələşdirildiyini vurğulayıb. O, layihələrdə çalışaraq əmək haqqı alanların sayının 1100 nəfər, layihələrdən faydalananların sayının 213 min 552 nəfər, layihələr çərçivəsində çap edilmiş nəşrlərin sayının 141, çəkilmiş filmlərin sayının 11, hazırlanmış saytların sayının isə 12 olduğunu qeyd edib: "Layihələrin icra prosesində QHT-lər tərəfındən 74 təlim keçilib, 32 maarifləndirmə tədbiri reallaşdırılıb, 11 araşdırma aparılıb, 52 kütləvi aksiya, 46 seminar-müzakirə həyata keçirilib. İl ərzində şuranın aylıq "Vətəndaş cəmiyyəti" jurnalının 12 sayı nəşr edilib, müntəzəm yenilənən QHTXEBER.AZ saytı qeyri-hökumət təşkilatlarının həyata keçirdiyi layihələrin icrasını və nəticələrini işıqlandırıb. Şuranın bütün rəsmi xəbərlərini yayan cssn.gov.az saytı da fəaliyyətini davam etdirib. 2010-cu ilin fevral ayından ölkə QHT-lərinin rekvizitləri və fəaliyyət istiqamətləri haqqında ictimaiyyətə geniş məlumatların verilməsi məqsədilə "Azərbaycan QHT-ləri" sorğu-məlumat kitabı şura tərəfındən çap olunub. Kitabda 801 QHT haqqında əsas məlumatlar - QHT-nin yaranma və qeydiyyat tarixi, rəhbəri, ünvanı, əlaqə vasitələri, üzvlərinin sayı, fəaliyyət istiqaməti və həyata keçirdiyi layihələr barədə məlumatlar verilib. Şura tərəfındən ölkəmizdə ilk dəfə olaraq Azərbaycan Respublikasında QHT-lərin vəziyyəti haqqında Milli Hesabat sənədi hazırlanıb. Azərbaycanda vətəndaş cəmiyyətinin son iyirmi illik inkişaf təcrübəsinin nəzəri və praktiki aspektlərinin təhlili hesabatın hazırlanması üçün mühüm əhəmiyyət kəsb edib".

QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri bildirib ki, 2010-cu ildə şura Azərbaycanın qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyasından irəli gələn məsələlərin həlli istiqamətində daha bir addım ataraq vətəndaş cəmiyyətinin möhkəmləndirilməsi işinə öz töhfəsini verib. A.Quliyev qeyd edib ki, növbəti illərdə şura beynəlxalq tərəfdaşlarla birgə qrant müsabiqələrinin davam etdirilməsini, milli QHT-lərin idarəçilik təcrübəsinin zənginləşdirilməsi üçün Beynəlxalq QHT Məktəbinin yaradılmasını, habelə QHT fəaliyyətinin beynəlxalq standartlara uyğunlaşdırılması üçün QHT xartiyasının hazırlanması, QHT sektoru haqqında milli hesabatın yeniləşdirilməsi, vətəndaş cəmiyyətinin gücləndirilməsi üçün milli strategiyanın və fəaliyyət planının hazırlanması və digər bu kimi vacib məsələlərin reallaşdırılmasını nəzərdə tutur".

Sura sədri qanunvericiliyə əməl etməyən və layihə hesabatlarını vaxtlı-vaxtında təqdim etməyən QHT-lərə qarşı ciddi ölçülərin götürüləcəyini söyləyib: "İlk olaraq həmin təşkilatlar növbəti layihələrdən uzaqlaşdırılacaq. Bu öz nəticəsini verməzsə, həmin QHT-lər bir və yaxud iki il müsabiqələrə buraxılmayacaq. Bütün bunlar da nəticəsiz qalsa, hüquq-mühafizə orqanlarına müraciət olunacaq. Edilən güzəştlər problemləri daha da artırır. Güzəştlər kifayət qədər olunub. QHT standartları hazırlanıb. Gələn aydan başlayaraq bu standartlar ictimai müzakirələrə veriləcək. Bu standartlara cavab verməyən QHT-lərin dövlət maliyyəsi alması da mümkünsüz olacaq".

Daha sonra Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov çıxış edib. O, layihələrin icrası və hesabatların təqdimatı zamanı QHT-lərin yol verdiyi nöqsanlara toxunub. QHT-lərin hesabatların hazırlanmasında çətinlik çəkdiyini deyən F.Qurbanov bildirib ki, vətəndaş cəmiyyəti təşkilatları şura ilə bağlanan müqavilələrin şərtləri ilə tanış olmur və bu müqavilə şərtlərinin yerinə yetirilməsi zamanı problem yaradır. Şura Katibliyinin icraçı direktoru layihələrdən əldə olunan nəticələrin əksər hallarda hesabatlarda əksinin tapmadığını, bunun isə layihə ilə bağlı müəyyən şübhələrə yol açdığını deyib.

Konfrans işini müzakirələrlə davam etdirib.

Bütün xəbərlər Facebook səhifəmizdə