"Bu, həyəcan təbilidr" MÜTƏXƏSSİS RƏYİ-ÖZƏL

"Bu, həyəcan təbilidr" MÜTƏXƏSSİS RƏYİ-ÖZƏL

“162 saylı məktəbdə baş verənlərin mediada geniş yayılması digər məktəblilərin də psixologiyasına mənfi təsir göstərir”. Bu fikirləri SİA-ya açıqlamasında Bakı şəhəri üzrə Təhsil İdarəsi nəzdində fəaliyyət göstərən Təlimə Dəstək Mərkəzinin psixoloqu, metodisti Səidə Əhmədova deyib.

Hadisənin baş verməsində cəmiyyət olaraq hər kəsin günahı olduğunu deyən mütəxəssis deyib ki, belə hadisələrin kökü ailəyə bağlanır: “Baş verən hadisədə şagirdin ailəsində hər hansı qüsur olduğunu demirik, məktəblinin sadəcə nəzarətdən kənarda qalması intiharın baş verməsinə yol açan səbəblərdəndir. Uşaq embrion vəziyyətini alırsa, əgər dizlərini qucaqlayıb divanda və ya çarpayıda əyləşib gözlərini bir nöqtəyə zilləyirsə, qəmli musiqiyə qulaq asırsa, bu əslində həyəcan təbilinin çalınması deməkdir. Həmin anda valideyn məktəblə birlikdə işləyib məktəblinin problemini aradan qaldırmalıdır”.

S. Əhmədova söyləyib ki, ümumiyyətlə baş verən hadisələr bu cür qabardılmamalıdır: “Biz digərlərini belə hallardan qorumaq üçün ailə nəzarətini artırmalı, məktəblilərin maraqlarına, onların oxuduqları kitablara, əlavə məşğuliyyətlərinə diqqət etməliyik. Hər bir valideyn məktəblinin çantasına diqqət etməli, dəftər-kitabını yoxlamalı, dostluq etdiyi uşaqların xarakterini öyrənməli, onları ailəsinə dəvət edib müşahidə etməlidir”.

Psixoloq qeyd edib ki, artıq məktəblərdə çalışan psixoloqlara yeniyetməlik dövründə olan uşaqları xüsusi nəzarətə götürməklə bağlı tapşırıqlar verilib: “Psixoloqlar gücləri çatmadığı məqamda bizə bildirməli, ya da valideyni istiqamətləndirməlidir ki, onlar övladlarını psixoterapevtə aparsın. Bu da təbii ki, ailə ilə məktəbin müştərək işi olmalıdır. Onu da qeyd edim ki, mart ayında məktəb psixoloqları üçün təşkil olunan seminarda əsas mövzumuz məhz uşaqların neqativ asılılıqları və yaş böhran dövrünün psixologiyası idi. Bu mövzuda 12 inzibati rayonunda yerləşən məktəblərin psixoloqlarla görüş keçirilərək, işlərini bu istiqamətdə qurmaq üçün lazımi materiallar vermişik. Artıq bununla bağlı fəaliyyətə başlanılıb. Gün ərzində bu mövzularla bağlı bizə müraciət edən psixoloqlar olur. Son hadisədən sonra da məktəblərdə çalışan psixoloqlar belə məqamda necə çalışmaqla bağlı məsləhətlər alır, biz də onlara lazımi təlimatları veririk. Məktəblərdə yeniyetmə uşaqlara nəzarəti maksimum artırılmalıdır. Elə uşaqlar var ki, onlara nəzarəti birbaşa edəndə daha da aqressiv olur, qıcıqlanır. Bu baxımdan belə uşaqlara nəzarət dolayı yolla aparılmalıdır. Valideynlər onların oynadığı oyunlara, oxuduqları ədəbiyyata, təmasda olduqları uşaqlarla bağlı nəzarəti gücləndirməlidirlər. Ən böyük məsuliyyət valideynin üzərinə düşər. Çünki psixoloq məktəbdə yüzlərlə uşaqla məşğul olmalıdırsa, valideynin üzərində cəmi 1 və ya 2 uşaqla bağlı məsuliyyət var”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə