Məktəblinin intiharında günahı kimdə axtaraq? ARAŞDIRMA

Məktəblinin intiharında günahı kimdə axtaraq? ARAŞDIRMA

Yaşadığımız həyatda mütəmadi olaraq intihar hadisələri ilə bağlı xəbərlərlə tez-tez rastlaşırıq desək yanılmarıq. Bəzən belə hadisələri asanlıqla qəbul da edirik. Amma 162 saylı məktəbdə VII sinif şagirdinin intihar etməsi ilə bağlı hadisədən demək olar ki, heç kim yan keçə bilmədi. Geniş müzakirə mövzusuna çevrilən Elina Hacıyevanın intiharı haqqında müxtəlif fikirlər irəli sürüldü. Kimlərsə tənqid, kimlərsə təhqir də edərək hadisənin baş verməsində, müəllimi, məktəb direktorunu, valideyni və hətta cəmiyyəti günahkar bildilər. Baş verənlərdən qalmaqal yaradanlara da rast gəldik.

Bəs görəsən baş verənlərdə günahkar kimdir?

Təhsil eksperti, əməkdar müəllim Almaz Həsrət deyib ki, bəzən cəmiyyətimizdə elə insanlar var ki, onlar hər hansı hadisəni qınaq edərkən, məsələ araşdırılmadan öz təfəkkür, fikirləri, əxlaqı çərçivəsində təhqir dolu münasibət sərgiləyir, anlayışı qəbul olmayan fikirləri yaymağa çalışırlar: “162 saylı məktəbdə VIII sinif şagirdi ilə bağlı baş verən hadisələr həqiqətən də çox dəhşətlidir. Gənc, tam formalaşmayan bir şagirdin özünü intihar etməsi ağırdır. Hər birimizə məlumdur ki, övlad ilk tərbiyəni ailədə görür. Ailədə olan boşluq zamanı övladın tərbiyəsində müəyyən kənarlaşmalar olur. Ailədəki diqqətsizlik, soyuqqanlılıq, məsuliyyətsizlik, övlada qarşı qeyri-ciddi davranışın aqibəti belə hallara gətirib çıxara bilir. Uşaqlar ailədə ona qarşı sevgi olmayanda, onunla maraqlanan valideynin olmadığını görəndə, sevgini ailəsində tapa bilmədikdə bu balansını doldurmaq üçün başqa yollara üz tutur. Son hadisə ilə bağlı aparılan araşdırma zamanı məlum oldu ki, həmin şagird VIII sinfə qədər 3 məktəb dəyişsə də, heç bir təhsil müəssisəsində öz yerini tapa bilməyib. Əgər həmin şagirdin beynindən intihar etmək keçibsə, o bu hadisəni təkcə məktəbdə deyil, eləcə də digər yerdə də edə bilərdi. Onun yolda özünü avtomobilin altına atması, eləcə də başqa cür intihar etməsi istisna deyildi. Çünki, həmin gəncin psixoloji durumunda problemlər var idi. Zatən həmin şagird həm psixoloqda, rayon icra hakimiyyətində çətin tərbiyə olunan yeniyetmələrə aid olan şöbədə, eləcə də polis bölməsində qeydiyyatda olub. Belə hallar hər yerdə var. Çətin tərbiyə olunan, psixoloji problemləri olan uşaqlar hər zaman nəzarətdə saxlanılır. İntihar edən gənc də belə şagirdlərdən olub. Hadisənin baş verməsi ilə bağlı hüquq mühafizə orqanları tərəfindən ciddi şəkildə araşdırma aparılır. Lakin biz burada günahkar axtarmağa çalışsaq, o zaman deyə bilərik ki, hadisənin baş verməsinin əsas səbəbkarı ailə olub. Valideynin övladı ilə maraqlanmaması nəticədə belə bir hadisə ilə yekunlaşdı. Gənc qız ailə sevgisinin azlığı, bəzən nəzarətsizliyi ucbatından düşünmədən intihar hadisəsinə əl atıb. Bəlkə də həmin qız məhz ailəsinin diqqətini çəkmək üçün bu yoa əl atıb. Lakin bu addımla o ömrünün sonuna səbəb olacağını düşünməyib. Əgər yeniyetmənin bu durumdan çıxması üçün məktəb, müəllim, psixoloq, icra nümayəndəlikləri əllərindən gələni edibsə, lakin ailə buna dəstək olmayıbsa, valideyn məktəblə əlaqəyə girməyib və övladının vəziyyətinin yaxşılaşdırılması işinə kömək etməyibsə, o zaman burada əsas günahın yarıdan çoxunun valideynin üzərində olması real görünə bilər. Biz övladı dünyaya gətirdikdən sonra onun təlim tərbiyəsi ilə dövlətin məşğul olacağını düşünməməliyik”.

Valideynin üzərinə düşən öhdəliklər

Məktəb və müəllimin uşaqların təlim tərbiyəsində önəmli rola malik olduğunu deyən təhsil eksperti söyləyib ki, təlim-tərbiyə ilk növbədə ailədə formalaşmalıdır: “Şagirdin bütün davranışları ailədən məktəbə gətirilir. Əgər hər hansı uşaq sevgini ailəsindən kənarda axtarırsa, o zaman bu uçuruma gətirib çıxarır. Biz bu hadisəyə qədər də belə hallarla az rastlaşmamışıq. Xüsusilə də qəbul imtahanlarında az bal toplayan abituriyentlərin düşünməmiş addım atdıqlarının, intihar etdiklərinin şahidi olmuşuq. O zaman heç kim ailələrdən soruşmur ki, bu niyə baş verib? Hamı deyir ki, ailədə abituriyentə imtahana getməmişdən öncə “az bal toplasan üzünə baxmaram, instituta girməsən başımı aşağı salmış olarsan, əziyyətimizi sənə halal etmərik” kimi fikirlər səsləndirilib. Lakin heç kim valideyni günahlandırmır və hadisəni rahatlıqla intihar adlandırıb qəbul etmiş oluruq. Əgər bu intihar hadisəsi məhz məktəbdə olursa, bu o demək deyil ki, burada günah müəllimədə və ya məktəbdədir. Biz unutmamalıyıq ki, müəllim, psixoloq hər gün bir neçə sinfə girir və yüzlərlə şagirdlə təmasda olur. Müəllim, psixoloq və ya direktor nə bilsin ki, şagirdin beynindən nə keçir? Lakin bu hadisə hər birimizi şagirdlərə daha çox diqqət ayırmağımız üçün silkələdi. Amma burada da valideyn mütləq şəkildə dəstək olmalıdır. Valideyn biganə qalanda bu işi kompleks şəkildə həyata keçirmək mümkün olmur. Hər bir insan ailəsindəki sevgi üzərində zirvəyə qalxır. Hər bir cəmiyyətin, fərdin formalaşması ilk növbədə ailədən gəlir”.

Uşağın psixoloji durumu ilə bağlı “həyəcan təbili”ni necə bilərik?

Bakı şəhəri üzrə Təhsil İdarəsi nəzdində fəaliyyət göstərən Təlimə Dəstək Mərkəzinin psixoloqu, metodisti Səidə Əhmədova söyləyib ki, baş verən son hadisənin geniş şəkildə yayılması analoji halın digər məktəblərdə yaranmasına yol aça bilər: “Bunun mediada geniş yayılması digər məktəblilərin psixologiyasına mənfi təsir göstərir. Bu hadisənin olmasında cəmiyyət olaraq hər birimizin günahı var. Amma belə hadisələrin kökü ailəyə bağlanır. Baş verən hadisədə şagirdin ailəsində hər hansı qüsur olduğunu demirik, məktəblinin sadəcə nəzarətdən kənarda qalması intiharın baş verməsinə yol açan səbəblərdəndir. Uşaq embrion vəziyyətini alırsa, əgər dizlərini qucaqlayıb divanda və ya çarpayıda əyləşib gözlərini bir nöqtəyə zilləyirsə, qəmli musiqiyə qulaq asırsa, bu əslində həyəcan təbilinin çalınması deməkdir. Həmin anda valideyn məktəblə birlikdə işləyib məktəblinin problemini aradan qaldırmalıdır. Bu məsələdə həmin məktəbdə çalışan psixoloqun fəaliyyəti də araşdırıldı. Onlar qızın vəziyyətindən xəbərdar idilər və dəfələrlə məktəblinin ailə üzvlərini çağıraraq şagirdə kömək etməklə bağlı xəbərdarlıq edilib. Lakin valideyn azyaşlı uşağı olduğu üçün məktəbə gələ bilmədiyini deyib. Bundan başqa uşaq rus dilli olduğu üçün psixoloqla onun arasında dil baryeri olub. Uşaq Azərbaycan dilində başa düşmədiyi, psixoloqun isə fikirlərini ona rus dilində düzgün çatdıra bilmədiyi üçün problemlər yaranıb. Amma əslində yanvar ayından məktəb uşağı nəzarətə götürüb”.

Mütəxəssisin sözlərinə görə, baş verənlərdən sonra artıq psixoloq həmin məktəbin bütün uşaqları ilə bir müddət işləməlidir: “Məsələnin araşdırılması baxımından müvafiq qurumlar həmin uşaqları sorğu suala çəkir. Bu əlbəttə ki, onların işidir. Amma bunun özü məktəblilərə travma olduğu üçün psixoloq bunun üzərində çalışmalıdır. Ümumiyyətlə, baş verən hadisə bu cür qabardılmamalıdır. Biz digərlərini belə hallardan qorumaq üçün ailə nəzarətini artırmalı, məktəblilərin maraqlarına, onların oxuduqları kitablara, əlavə məşğuliyyətlərinə diqqət etməliyik. Hər bir valideyn məktəblinin çantasına diqqət etməli, dəftər-kitabını yoxlamalı, dostluq etdiyi uşaqların xarakterini öyrənməli, onları ailəsinə dəvət edib müşahidə etməlidir.

Baş verənlərdən sonra psixoloqlara hansı tapşırıqlar verilib?

S.Əhmədova qeyd edib ki, artıq məktəblərdə çalışan psixoloqlara yeniyetməlik dövründə olan uşaqları xüsusi nəzarətə götürməklə bağlı tapşırıqlar verilib: “Psixoloqlar gücləri çatmadığı məqamda bizə bildirməli, ya da valideyni istiqamətləndirməlidir ki, onlar övladlarını psixoterapevtə aparsın. Bu da təbii ki, ailə ilə məktəbin müştərək işi olmalıdır. Onu da qeyd edim ki, mart ayında məktəb psixoloqları üçün təşkil olunan seminarda əsas mövzumuz məhz uşaqların neqativ asılılıqları və yaş böhran dövrünün psixologiyası idi. Bu mövzuda 12 inzibati rayonunda yerləşən məktəblərin psixoloqlarla görüş keçirilərək, işlərini bu istiqamətdə qurmaq üçün lazımi materiallar vermişik. Artıq bununla bağlı fəaliyyətə başlanılıb. Gün ərzində bu mövzularla bağlı bizə müraciət edən psixoloqlar olur. Son hadisədən sonra da məktəblərdə çalışan psixoloqlar belə məqamda necə çalışmaqla bağlı məsləhətlər alır, biz də onlara lazımi təlimatları veririk. Məktəblərdə yeniyetmə uşaqlara nəzarəti maksimum artırılmalıdır. Elə uşaqlar var ki, onlara nəzarəti birbaşa edəndə daha da aqressiv olur, qıcıqlanır. Bu baxımdan belə uşaqlara nəzarət dolayı yolla aparılmalıdır. Valideynlər onların oynadığı oyunlara, oxuduqları ədəbiyyata, təmasda olduqları uşaqlarla bağlı nəzarəti gücləndirməlidirlər. Ən böyük məsuliyyət valideynin üzərinə düşər. Çünki psixoloq məktəbdə yüzlərlə uşaqla məşğul olmalıdırsa, valideynin üzərində cəmi 1 və ya 2 uşaqla bağlı məsuliyyət var”.

Mətbuat intihar hadisələrinin yayılmasında nələrə diqqət etməlidir?

Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli vurğulayıb ki, son baş verən hadisə həqiqətən də ağır hadisədir: “Təbii ki, bu məsələ ciddi şəkildə araşdırılıb üzərinə gedilməlidir ki, bu cür hallar baş verməsin. Əgər yeniyetmələr arasında bu cür meyllər yaranarsa, bu, ciddi fəsadlara yol aça bilər. Son müzakirələrdə məni narahat edən məsələ hadisənin baş verməsinə qədər olanlardır. Hadisəyə səbəb olan məqamlar, kimlərin günahkar olması araşdırılmalıdır. Yalnız bundan sonra baş verən hadisənin necə işıqlandırılması məsələsi ortaya gəlir. Əgər biz baş vermiş hadisəni 100 şkalalıq səviyyədə götürsək, orada medianın payı 20 faizdir. Ona qədər olan 80 faiz araşdırılmalıdır ki, bu hadisədə məktəbdə təlim-tərbiyəyə məsul olan şəxslər, uşaqların valideynləri, uşağı bu hala gətirib çıxaran, meylləndirən kimlər varsa, onlar axtarıb-tapılmalı, araşdırılmalıdır. Buna görə də səbəbkarlar müəyyənləşdirilməli, səhvə yol verilənlər cəzalandırılmalıdır. Burada medianın məsuliyyəti baş vermiş hadisənin necə işıqlandırılmasıdır. Medianı şərti olaraq iki qrupa bölmək olar. Burda peşəkar, bir də qeyri-peşəkar medianın qolu olan sosial media daxildir. Peşəkar mediamız kifayət qədər peşəkar məsuliyyətli davranaraq, hadisə ilə bağlı ajiotajın yaranmamasına, əsas səbəbkarların araşdırılmasına cəhd göstərdi. Amma sosial media və sarı media səhvlərə yol verdi. Bilirsiniz ki, həm KİV qanunvericiliyi, həm də etik kodeksimiz tələb edir ki, bu cür hallarda detallı görüntüləri, informasiyaları yaymaq olmaz. Burada KİV-in araşdıracağı məsələ hadisənin necə olması, baş verməsi, səbəbkarların olmasıdır. Lakin intihar hallarının özünü paylaşmaq qanunla qadağandır, buna yol vermək olmaz. Çünki, yeniyetməlik yaşına çatmayan gənclərin qavramasında çətinliklər, hadisəyə meyllilik yarada bilər. Bu əlbəttə ki, sonuncu mərhələdir. Buna qədər məsələlər araşdırılmalıdır. Burada günahı medianın üzərinə yıxmaqla nəticə əldə edə bilmərik. Burada məsuliyyətli şəxslər, qurumlar müəyyənləşdirilməlidir”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə