İcra başçısı dağlıq Marzəsə kəndində əhali ilə görüşdü

İcra başçısı dağlıq Marzəsə kəndində əhali ilə görüşdü

Astara rayonunun ucqar kəndlərindən olan Marzəsə, Səxyəkəran, Bio, Bili kəndləri Siyaku kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə aid olmaqla dağlıq ərazidə yerləşirlər. SİA-nın məlumatına görə, bu kəndlərdə 600 nəfərə yaxın əhali, 100-dən çox təsərrüfat vardır. Marzəsə kəndində bir ümumi orta məktəb, bir klub və seçki məntəqəsi fəaliyyət göstərir. Əhalinin əsas məşğuliyyəti sitrusçuluq, arıçılıq, heyvandarlıqdır.

Rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayevin Marzəsə və ətraf kəndlərin əhalisi ilə keçirdiyi səyyar qəbul və görüşdə rayonun inzibati orqanlarının, idarə və müəssisələrin rəhbərləri iştirak ediblər.

Görüş iştirakçılarını salamlayan icra başçısı bu kənddə üçüncü görüşü olmasına baxmayaraq nümayəndəliyin digər kəndlərində keçirdiyi səyyar qəbullarda daha tez-tez görüşdüklərini qeyd edib. Narahatlıq doğuran məsələləri öyrənmək və həllinə köməklik etmək məqsədi ilə görüşə gəldiyini bildirib.

Kənd sakinlərindən Möhübbət İskəndərov, Zakir Abdullayev, Xankişi Aslanov, Əliağa Quliyev, Elnarə Fətəliyeva və başqaları çıxış edərək son illər respublikamız və rayonumuzda quruculuq-abadlıq sahəsində qazanılan uğurlar barədə fikirlərini bildirib, göstərilən qayğı və diqqətə görə möhtərəm Prezidentimiz İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Sakinlər görülən işlərlə yanaşı kənd yolunun asfaltlaşdırılması, təbii qaz xəttinin çəkilməsi, kənddəki çay üzərində körpünün qoyulması, elektrik xətt təsərrüfatının yeniləşdirilməsi, Marzəsə kənd ümumi orta məktəb binasının təmiri və istilik siteminin yaxşılaşdırılması və s. barədə təkliflər də veriblər.

İcra başçısı Qəzənfər Ağayev sakinlərlə səmimi və işgüzar görüşdən məmnunluğunu bildirib, qaldırılan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcəyini diqqətə çatdırıb.

Əlavə edib ki, kənd mürəkkəb dağlıq ərazidə yerləşdiyindən təmir olunan yollar da tez sıradan çıxır. 2015-ci ildə nümayəndəlik, bələdiyyə, kənd icması və Azərbaycan Kənd İnvestisiya Layihəsi icraçılarının birgə fəaliyyəti ilə bu kəndlərin yolu əsaslı təmir olunmuşdu. Aradan xeyli müddət keçib, yolun yeni təmirinə ehtiyac vardır. İmkan yaranan kimi bu işə yenidən qayıdacağıq.

Sonra Q.Ağayev qeyd edib ki, sitrus bitkiləri üçün keyfiyyətli dərmanların əldə edilməsi, satışının təşkili ilə əlaqədar tədbir görüləcək.

Son illər ölkəmizin hər yerində olduğu kimi rayonda da xeyli abadlıq və quruculuq işlərinin aparıldığını diqqətə çatdıran icra başçısı bu istiqamətdə işlərin davamlı xarakter aldığını bildirib. Nümayəndəliyin bütün kəndlərində yeni məktəb binalarının tikilib istifadəyə verilməsini, yolların asfaltlaşdırılmasını, əksər kəndlərə qaz xəttinin çəkilməsini və digər abadlıq işlərinin görülməsini diqqətə çatdırıb, bunların insanlarımızın rahatlığı naminə həyata keçirildiyini vurğulayıb.

İcra başçısı görülən işlərin ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin yüksək diqqət və qayğısı kimi dəyərləndirərək, bütün insanları dövlətçiliyi göz bəbəyi kimi qorumağa, ölkə rəhbəri ətrafında sıx birləşməyə çağırıb.

İcra başçısı Qəzənfər Ağayev Marzəsə kənd ümumi orta məktəbdə tədrislə maraqlanıb, məktəb kollektivi ilə səmimi söhbət edərək tövsiyələrini verib.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə