Göygöl könüllüləri Səyyar ASAN xidmətin fəaliyyəti ilə tanış olublar - FOTOLAR

Göygöl könüllüləri Səyyar ASAN xidmətin fəaliyyəti ilə tanış olublar - FOTOLAR

Xəbər verdiyimiz kimi, aprelin 1-dən Göygöl Rayon İcra Hakimiyyəti Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə əlaqələndirməklə rayonda gənclər arasında könüllülük fəaliyyətinin daha geniş təşviq edilməsinə başlayıb.

SİA-nın xəbərinə görə, ötən gün Göygöl rayon İcra Hakimiyyətinin könüllülərlə işin təşkili üzrə koordinatoru Vüqar Hüseynovun rəhbərliyi ilə bir qurp könüllü Səyyar ASAN Xidmətin yerləşdiyi ünvana gələrək əhaliyə göstərilən xidmətlərlə maraqlanıb, iş prinsipi ilə daha yaxından tanış olublar.

Səyyar ASAN Xidmətin qrup rəhbəri Mehrac Cabbarlı məlumat verərək bildirib ki, prezident İlham Əliyevin tapşırığı əsasında “ASAN xidmət” mərkəzlərinin olmadığı regionlarda vətəndaşların dövlət xidmətləri ilə təmin edilməsi üçün müasir texniki avadanlıqla təchiz olunan Səyyar ASAN Xidmət avtobusunda notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi, fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi daxildir.

Qrup rəhbəri qeyd edib ki, Səyyar ASAN Xidmətin həyata keçirilməsinin əsas məqsədi dövlət xidmətlərinin vətəndaşlar üçün daha rahat, yeni və innovativ üsullarla əlçatanlığını təmin etmək və region sakinlərinin məmnunluğuna nail olmaqdır.

Prezident İlham Əliyevin tapşırığına əsasən vətəndaşların rahatlığını təmin etmək məqsədilə təşkil olunmuş bu xidməti rayon sakinləri də yüksək qiymətləndiriblər. Onlar üçün yaradılan şəraitə və yüksək xidmətə görə ölkə başçısına dərin minnətdarlıqlarını bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə