Azərbaycanın yeni tarixini yazan Prezident İlham Əliyev bütün nailiyyətləri ilə yanaşı, həm də torpaqlarımızın xilaskarı oldu. Prezident İlham Əliyev cox qısa zaman ərzində Azərbaycanın ugur tarixini yazdı.
Leyla NƏCƏFOVA,
Qaradağ rayon Heydər Əliyev Mərkəzinin Baş Fond müdiri
Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin xilaskarı oldu. Heydər Əliyevin vətənə, xalqa, dövlətə sonsuz məhəbbəti, zəngin siyasi və idarəçilik təcrübəsi, diplomatik məharəti, dövlətçilik təcrübəsi qarşısına qoyduğu məqsədlərin - Azərbaycanın xilası və inkişafı məramının gerçəkləşdirməsində əsas faktor oldu. Bəli, Ulu Öndər Heydər Əliyev Azərbaycanı məhv olmaq, tarix səhnəsindən, dünyanın siyasi xəritəsindən silinmək təhlükəsindən xilas etdi. O, Azərbaycanı dərin uçurumdan, böhran burulğanından çıxararaq, böyük və sürətli inkişaf yoluna təqdim etdi. O, müasir və müstəqil Azərbaycan dövlətini qurdu. Qurucusu və memarı olduğu Azərbaycan dövlətinin güclü, qüdrətli, inkişaf etmiş ölkəyə çevrilməsinin dayanıqlı sütunlarını yaratdı.
Lakin bütün bunlarla bərabər, Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısında Azərbaycanın müstəqilliyini əbədi edəcək, ona ağır miras kimi qalmış Qarabağ probleminin, ərazi bütövlüyü məsələsinin həllinə nail ola biləcək Liderin yetişdirilməsi daha vacib məqam, tarixi vəzifə və borc idi. Ümummilli Lider Heydər Əliyev digər məsələlərdə olduğu kimi, məhz bu məqamı da tarixi şans kimi dəyərləndirdi və tarixi addımını atdı. Ulu Öndər Azərbaycan dövləti və Azərbaycan xalqı naminə başladığı siyasi kursun layiqli davamçısı kimi cənab İlham Əliyevi təqdim etdi.

Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətini və xalqını məhv olmaqdan xilas etməklə yanaşı, həm də Azərbaycanın gələcək xilaskarını – itirilmiş torpaqların xilaskarını, ərazi bütövlüyünü bərpa edəcək Böyük Sərkərdəni xalqa təqdim etdi. Məhz bu amil – cənab İlham Əliyevin siyasi varis kimi təqdim edilməsi Ulu Öndər Heydər Əliyevin tarix qarşısında bəlkə də ən böyük, müqayisəolunmayacaq xidmətlərindən biri, bəlkə də birincisi oldu.
Azərbaycanın gələcəyinə həmişə nikbin baxan Ulu Öndər tarixi missiyasının oğul İlham Əliyev tərəfindən inamla və uğurla davam etdiriləcəyinə inanırdı. Ulu Öndər 2003-cü ildə xalqa müraciətində “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyiniz ilə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” fikirləri əslində Azərbaycanın gələcək inkişaf yolunu, xalqın və dövlətin xoşbəxt gələcəyini müəyyənləşdirirdi. Tarix sübut etdi ki, xalqımızın böyük oğlu, dünya siyasətinin zərgər ustadlarından hesab olunan Heydər Əliyev bu seçimində də yanılmayıb.

Tarixi hər zaman misilsiz və müqayisəsiz üstün fərqli keyfiyyətləri özündə cəm edən tarixi şəxsiyyətlər və sərkərdələr yazıb. Bu gün Azərbaycan xalqının şanlı tarixini də Ali Baş Komandan İlham Əliyev yazdı. Bu mühüribəni Azərbaycan qazandı. Çünki bu onun haqq işi idi. Bu müharibəni xalqımız qazandı. Çünki onun Ulu Öndər Heydər Əliyevin siyasi varisi, İlham Əliyev kimi yenilməz Lideri vardır.
Şuşanın azad edilmləsi münasibətilə xalqa müraciət edən Prezident İlham Əliyev bəyan etdi: “Xoşbəxt adamam ki, Ata vəsiyyətini yerinə yetirdim”. Bəli, Prezident İlham Əliyev Ata vəsiyyətini, Azərbaycan xalqına verdiyi vədi yerinə yetirdi. Bu gün tək Qarabağ yox, işğal altında olan bütün torpaqlarımız geri qaytarıldı. Azərbaycanın ərazi bütövlüyü bərpa edildi. Bu, tarixi ədalətin bərpası, xalqımızın böyük qələbəsi idi. Bu qələbənin isə bir şəriksiz müəllifi var – Ali Baş Komandanımız, Azərbaycan Prezidenti İlham Əliyev.

Prezident İlham Əliyev dünya səviyyəsində Azərbaycanın söz sahibi olduğunu, həmçinin XXI əsrdə dövlətlərin böyüklüyünün, yaxud kiçikliyinin fərq etmədiyini, dövlətin müstəqil siyasət yeridə bilməsinin əsas olduğunu ortaya qoydu. Az vaxtda nümunəvi dövlət modelinin yaradılmasını dünyanın nüfuzlu liderləri təqdir edirlər. Azərbaycan həm regionda, həm də islam dünyasında lider dövlət kimi qəbul olunur.
Azərbaycan Prezidentinin sülhsevər və xeyirxah siyasətinin beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilməsi, həmçinin bu sahədə beynəlxalq mükafatlar alması faktlarının sayı çoxdur. Azərbaycan Prezidenti bir neçə dəfə beynəlxalq təşkilatlar tərəfindən “İlin adamı” elan olunub, ona müxtəlif ölkələrin ali mükafatları təqdim olunub, müxtəlif sorğularda lider seçilib. Məqsədimiz onları burda sadalamaq deyil. Lakin ən böyük qiyməti ona həmişə Azərbaycan xalqı verib - 4 dəfə ardıcıl özünə dövlət başçısı seçməklə və onun siyasətinə inandığını göstərməklə. Və bu yaxınlarda baş verənlər də xalqın yanılmadığını bir daha sübut etdi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Qarabağ müharibəsində düşmən üzərində sarsıdıcı qələbə qazandı və özünün 30 ilə yaxın Ermənistanın işğalı altında qalan ərazilərini azad etdi. Bu Qələbə Azərbaycanın respublika tarixinə qızıl hərflərlə yazıldı.

Dövlət başçısının apardığı siyasət nəticəsində ölkədə sosial-iqtisadi vəziyyət xeyli yaxşılaşıb, multikultural ənənələrə və milli-mənəvi dəyərlərə söykənən bir cəmiyyətin formalaşması təmin edilib, bütün ictimai institutlar, ziyalılar Azərbaycançılıq ideologiyası ətrafında birləşərək ümumi maraq və mənafelər uğrunda çalışmağa başlayıb. Demokratik cəmiyyətin mövcudluğunu şərtləndirən amillərin ölkədə bərqərar olmasına çalışan dövlətimizin bu istiqamətdə atdığı addımlar göz önündədir. Azərbaycan sivil dəyərlərə sadiqliyini sözdə deyil, əməli işdə dünyaya nümayiş etdirir. Dünyada demokratiyanın əsas göstəricilərindən biri də söz və mətbuat azadlığının səviyyəsidir. Bu gün ölkəmizdə azad mətbuatın inkişafı uçun normal şərait yaradılıb. Dövlət başçısı həmişə vurğulayır ki, insan hüquq və azadlıqlarının, o cümlədən fikir azadlığının müdafiəsi Azərbaycan dövlətinin ali məqsədi və fəaliyyətinin ən mühüm istiqamətlərindən biridir. Dövlətimizin humanizm siyasətini yüksək dəyərləndirən beynəlxalq birlik mütəmadi olaraq imzalanan əfv fərmanlarını demokratik inkişaf yolunda atılan addım kimi təqdir edir.

İlham Əliyevin xalqımıza verdiyi söz müasir Azərbaycanın inkişafına, tərəqqisinə yönələn fəaliyyətin konsepsiyasına çevrilib. “Müstəqillik bizim üçün ən böyük sərvətdir, ən böyük dəyərdir. Ancaq müstəqilliyi əldə etmək onu qoruyub saxlamaqdan, möhkəmləndirməkdən daha asandır. Bu gün Azərbaycan sözün əsl mənasında müstəqil ölkədir, biz həm daxildə, həm də xaricdə müstəqil siyasət aparırıq. Bizim siyasətimiz Azərbaycan xalqının maraqlarına xidmət göstərir”- İlham Əliyev öz fikrini açıq ifadə edib. Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən bu siyasət Azərbaycanı xoş gələcəyə aparır. Bunu görməmək, qiymətləndirməmək və buna sevinməmək mümkün deyil.
Ali Baş Komandanımızın uğurlu siyasəti və diplomatiyası sayəsində Rəşadətli Ordumuz düşmənə öz layiqli cavabını verdi. Əzəli torpaqlarımız Vətən müharibəsinin uğuru və qələbəsi nəticəsində öz sahiblərinə qayıtdı. Biz bu qələbəyə, həm də tək nail olmadıq, məhz yumruq kimi, dəmir yumruq kimi nail olduq. Çünki İlham Əliyev kimi dövlət başçımız var. Cənab Prezidentimiz bizə tək dövlət başçısı deyil, hər bir azərbaycanlı üçün nümunəvi qəhrəman və böyük qardaşdır.
İlham Əliyev Azərbaycan xalqının taleyində və Azərbaycançılıq düşüncəsinin inkişafında ayrıca bir dövrdür. Bu da ondan ibarətdir ki, onun gördüyü böyük işlər nəticəsində Azərbaycan xalqının bütün dünyada nüfuzu yüksəlir. Bu gün heç bir azərbaycanlı özünü heç bir millətdən aşağı hiss etmir. Xalqın qürurunu, dünya miqyasında özünü kifayət qədər yüksək hiss etməsini təmin etməyi hər dövlət başçısı bacarmaz. Bunu məhz bizim Prezidentimiz İlham Əliyev etdi. Biz hamımız ona minnətdarıq, ad gününü ürəkdən təbrik edirik.









Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB