"İqtisadi islahatlardan gənclər də yararlanır" RƏY-ÖZƏL

"İqtisadi islahatlardan gənclər də yararlanır" RƏY-ÖZƏL

“Azərbaycanda gənclər siyasəti ən vacib strateji sahələrdən biridir. Bunun üçün ölkəmizdə həm hüquqi baza var, həm də 2011-2015, 2017-2021-ci illəri əhatə edən Dövlət Proqramları qəbul olunub”. Bu fikirləri SİA-ya Gənclər və İdman Nazirliyinin sektor müdiri Əli Məmmədov deyib.

O bildirib ki, 5 ill müddəti əhatə edən Dövlət Proqramları həm ictimai müzakirələr zamanı gənclərin fikir və istəklərini özündə əks etdirməklə yanaşı, eyni zamanda qeyri-hökumət təşkilatlarının, digər qurumların gənclər siyasəti ilə bağlı baxışlarını tam şəkildə əks etdirir.

Onun sözlərinə görə, gənclər siyasəti davamlı siyasət olduğu üçün hər 5 il müddətində bu siyasətin müvafiq qurumlarla birgə keçirilməsi həyata keçirilir, onlara görülən işlərin təyin edilməsi, problemlər, eləcə də qarşıda duran məsələlərlə bağlı müzakirələr aparılır: “Ölkəmizdə gənclərlə bağlı Forumların keçirilməsi sübut edir ki, Azərbaycanda gənclərə diqqət və qayğı dövlət səviyyəsində həyata keçirilir”.

Ə.Məmmədov deyib ki, ölkəmizdə həyata keçirilən iqtisadi islahatlardan gənclər də yararlanır.

Azərbaycan Prezidentinin gənclərlə son görüşünü xatırladan sektor müdiri söyləyib ki, görüşdə dövlət başçısının gənclərin könüllülük fəaliyyətini yüksək qiymətləndirməsi ciddi məsələdir: “Azərbaycanda könüllülük siyasəti uğurla həyata keçirilir. Bu gün demokratik cəmiyyətdə könüllülük məsələsinə gənclərin real yanaşması onların vətənpərvər olduğunun göstəricisidir. Ümumilikdə son 15 ildə həyata keçirilən mərhələli proses bu gün gənclərin bütün sahələrdə Azərbaycanı yüksək səviyyədə təmsil etməsi əldə olunan mühüm uğurlardandır”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə