Qabil Hüseynli: "Ölkəmizin həm insan ehtiyatları, həm hərbi, həm də döyüş hazırlığı ruhu çox yüksəkdir"
- Ötən gün Moskvada keçirilən xarici işlər nazirlərinin görüşü Dağlıq Qarabağ münaqişəsinin həllində hər hansı bir rol oynadımı?
- Məsələ burasındadır ki, Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanla Ermənistan arasında əksikliklər, çətinliklər qalmaqdadır. Bunu nazirlərin görüşü də təsdiq etdi. Məsələn, Azərbaycan tərəfinin Dağlıq Qarabağa ölkə hüdudları daxilində yüksək status və ya muxtariyyət verməsini bəyan etməsi onun göstərir ki, ölkəmizin mövqeyi ilə qarşı tərəfin mövqeyi yenə də diametral qaydada bir-birinin əksidir. Ermənistan heç cür Dağlıq Qarabağın müstəqilliyi ideyasından əl çəkmək istəmir, Azərbaycan isə Dağlıq Qarabağa öz ərazisi daxilində ən yüksək status, öz müqəddəratını təyin etmək hüququ verməyə hazır olduğunu bildirir. Xarici işlər nazirləri bu cür prinsipal məsələləri həll etmirlər, onlar sadəcə fikir mübadiləsi aparırlar. Prinsipal məsələlər, bilavasitə danışıqlar prosesinin ana xəttini təşkil edən məsələlər prezidentlərin görüşündə müzakirə edilir.
- Ötən gün Moskvada baş verən partlayış nazirlərin və ya gələcəkdə baş tutacaq prezidentlərin görüşünü arxa plana sala bilərmi?
- Ötən gün Moskvada baş verən partlayış nə nazirlərin görüşünü, nə də prezidentlərin görüşünü arxa plana keçirmədi və keçirməyəcəkdir. Məncə, prezidentlərin görüşü də baş tutacaq. Ola bilsin ki, zaman və vaxt məsələsində bir qədər dəyişiklik olsun. Çünki hazırda Rusiya rəhbərliyinin başı orada baş verən partlayışın nəticələrinin ləğv edilməsinə qarışıb. Amma ümumilikdə hadisə görüşlərə heç bir təsir edə bilməz.
- Nazirlərin görüşündən sonra Minsk Qrupunun həmsədrlərinin bölgəyə səfəri gözlənilir. Bu səfər problemin həllində nəyisə dəyişə biləcəkmi?
- Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində faktiki olaraq ciddi bir iş görmürlər. Yəni danışıqlar prosesində öz üzərinə düşən vasitəçilik missiyasını yerinə yetirmirlər. Vasitəçilik missiyası kompromis missiyasını öz üzərinə götürmək deməkdir. Kompromislər isə hər iki tərəfin güzəştləri ilə əldə edilir. Azərbaycan indiyə qədər kifayət qədər güzəştlərə gedib. Amma Ermənistan bir dəfə də olsun öz tərəfindən güzəştə getməyib. Belə olan təqdirdə Ermənistana təzyiq etmək lazımdır. Ermənistanı kompromislərə zorlamaq lazımdır ki, danışıqlar prosesində irəliləyişlər əldə edilsin. Əgər Minsk qrupunun həmsədrləri bu dəfə də köhnə trafaretləri, şkafları işə salacaq, Azərbaycanın güzəştə getməsinə çalışcaqlarsa, mən güman etmirəm ki, bu dəfəki səfərdən irəliləyiş əldə etmək mümkün olsun.
- Belə bir ehtimal var ki, ATƏT-in Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin həllinə tərəfdar deyillər. Onlar bu məsələni uzatmaqla Azərbaycanı əllərində saxlamaq niyyətindədirlər. Bu ehtimal nə dərəcədə doğru ola bilər?
- Bunu bir ehtimal kimi qəbul etmək olar. Amma sadəcə olaraq Dağlıq Qarabağ üzrə Minsk qrupunun həmsədrləri daim Ermənistan üçün əlverişli olan variantlar üzərində düşünürlər. Bunu da danışıqların prinsipinə çevirirlər. Ona görə də bu versiya az ehtimalla da olsa, mümkündür. Mən belə qənaət edirəm ki, daha böyük ehtimalla onlar problemin həll olunması istəyirlər, lakin onun həllində Ermənistanın arzularına cavab verən sülh sazişinə nail olmaq istəyirlər.
- Erməni ekspertləri Azərbaycan hərb yoluna əl atmağa imkanı yoxdur kimi fikirlər irəli sürürlər. Sizin buna münasibətiniz?
- Əgər hərb yolu Ermənistan Azərbaycan rakursunda aparılarsa, o zaman ölkəmizin hərbi gücünə şübhə yoxdur. Çünki ölkəmizin həm insan ehtiyatları, həm də hərbi, həm də döyüş hazırlığı ruhu çox yüksəkdir. Mən deyərdim ki, Azərbaycanın ordusu kifayət qədər yaxşı hazırlanıb və Ermənistan üzərində qələbə çalmaq üçün yetərli imkanlara malikdir. Amma burada bir məsələ var o da Rusiyanın neytrallaşdırılmasıdır. Əgər Rusiya neytrallaşmazsa və Kollektiv Təhlükəsizlik Müqaviləsi Şurasına uyğun olaraq Ermənistanın təhlükəsizlik məsələlərini öz üzərinə götürəcəksə, düşmən ölkəyə hər cür dəstək, hərbi yardım edəcəksə, o zaman vəziyyət bir az çətinləşə bilər. Hərbi dəstəyə kəşfiyyat materialları da daxildir. Ona görə də Azərbaycanın bu məsələdə bir az da gözləməsinə ehtiyac duyulur. Yəni gözləməliyik ki, Rusiyada proseslər dəyişilsin. Buna böyük ehtiyac var. Söhbət Rusiyada yeni prezident seçkiləri, Medvedyevin həqiqi mənada prezident seçilməsi, Putinin sıradan çıxarılması, ölkədə demokratikləşmə proseslərinin başlanmasından gedir. Bu prosesi Qərb də dəstəkləyir. Belə olarsa, Rusiyanın Cənubi Qafqazda eləcə də Dağlıq Qarabağ problemində münasibətində dəyişikliklər əmələ gələ bilər ki, bu da ölkəmizin xeyrinə cavab verə bilər.
- Cari ildə münaqişənin həllinə dair hər hansı bir irəliləyişlər gözləniləndirmi?
- Bu barədə proqnoz vermək çox çətindir. Çünki il yeni başlayıb. Hələ ki, xarici işlər nazirlərinin görüşündə elə bir irəliləyişlər əldə olunmadı. Bu prezidentlərin görüşü üçün də yaxşı siqnal deyil. Onun nəticələri üçün də yaxşı heç nə vəd etmir. Buna görə də mən bu ildə münaqişənin həlli ili hesab etməkdə çətinlik çəkirəm. Danışıqlar prosesi gedəcək, amma problemin konkret həlli, onun sülh sazişinə çevrilməsi prosesi məncə baş verməyəcək. Azərbaycanın problemi ATƏT çərçivəsində, BMT müstəvisinə çıxarmaq kimi niyyətlərini də bura əlavə etsək, onda məsələnin hələ də uzanacağını söyləmək mümkündür. Ona görə də strateji baxımdan regionda qlobal proseslərin baş verməsi vacibdir. Söhbət regionda Rusiyanın təsirinin zəifləməsindən, onun Qərbə inteqrasiyası, demokratikləşməsindən gedir. Əgər bunlar baş verərsə, Qafqazın özündə qüvvələr nisbətində ciddi dəyişiklik baş verəcək. Yəni Rusiyanın Ermənistana müdaxiləsi minimuma enəcək. Əgər düşmən ölkə indiyə qədər Rusiyaya arxalanıb qeyri konstruktiv mövqedə dayanıb təkidedici mövqe tutursa, geosiyasi vəziyyət dəyişməsi zənnimcə, Ermənistanın Azərbaycan qarşı təkəbbürlü mövqeyini dağıdacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB