Məleykə Abbaszadə: “2011/2012-ci tədris ili üçün dövlət sifarişli ixtisasların siyahısı hələ ki komissiyaya təqdim olunmayıb”

Məleykə Abbaszadə: “2011/2012-ci tədris ili üçün dövlət sifarişli ixtisasların siyahısı hələ ki komissiyaya təqdim olunmayıb”
2011/2012-ci tədris ili üçün dövlət sifarişli ixtisasların siyahısı hələ ki Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına təqdim olunmayıb. SİA-nın xəbərinə görə, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə məlumat verib. O bildirib ki, prezidentin sərəncamı ilə dövlət sifarişli yerlərin siyahısı qısa zamanda komissiyaya verilməli idi, ancaq hələ ki Maliyyə, İqtisadi İnkişaf və Təhsil nazirlikləri mövcud planları təqdim etməyib. M.Abbaszadənin sözlərinə görə, bu dövlət sifarişli yerlərin komissiyaya nə vaxt təqdim olunması bilinmir: "Ona görə də cari tədris ili üçün hansı ixtisasın dəyişib və ya əlavə olunması ilə bağlı hələ ki dəqiq söz deyə bilməyəcəyəm. Dövlət sifarişli yerlərin planının tutulması bir neçə qurumdan asılıdır, amma bu baş nazir tərəfindən təsdiq olunur".

Komissiyanın orta məktəb məzunlarının sayı ilə bağlı statistikasının Təhsil Nazirliyinin hazırladığı statistikaya uyğun gəlmədiyi məsələsinə gəlincə M.Abbaszadə qeyd edib ki, hər il məzunların 60 faizi ali məktəblərə qəbul olmaq üçün sənəd verirlər. Onun sözlərinə görə, biz bu rəqəmləri hazırlayanda Təhsil Nazirliyinə müraciət edir və onlar da bizə statistikanı təqdim edir: "Biz bu rəqəmləri aprel ayında da Təhsil Nazirliyindən istəyirik. Onlar da bizə deyir ki, neçə nəfər imtahanda iştirak edib və onlardan neçəsi kəsilib. Bu rəqəmləri Təhsil Nazirliyindən alırıq. Ancaq elə məktəblər var ki, onlar Təhsil Nazirliyinin tabeçiliyində deyillər. Həmin məktəblərin məzunları haqqında məlumatları o təhsil müəssisələrinin özlərindən alırıq. Ola bilsin ki, Təhsil Nazirliyi o məktəbləri nəzərə almır. Bu elə də ciddi rəqəmlər deyil".

Rezidenturaya qəbulla bağlı məsələyə münasibət bildirən TQDK sədri qeyd edib ki, bunun üçün seminarlar keçirilir və ekspertlərlə iş aparılır. Onun sözlərinə görə, fevral ayında rezidenturaya qəbul proqramını dərc ediləcək. Bunun üzərində xüsusi qrupun işlədiyini deyən M.Abbaszadə imtahanların sentyabr-oktyabr ayında keçiriləcəyini vurğulayıb.

Sonra komissiya sədri qeyd edib ki, TQDK 2010-ci ilin fevral ayından başlayaraq 2010/2011-ci tədris ili üçün qəbul imtahanlarının elmi-statistik təhlilinə həsr olunmuş zona müşavirələri keçirməyi qərara alıb. Onun sözlərinə görə, respublikanın müxtəlif bölgələrində keçiriləcək ənənəvi müşavirələrdə ayrı-ayrı şəhər və rayonlarının orta məktəb məzunlarının qəbul imtahanlarında göstərdikləri nəticələr geniş müzakirə olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə