Azərbaycan Vətəndaş Həmrəyliyi Partiyasında Azərbaycan dili müzakirə olunub

Azərbaycan Vətəndaş Həmrəyliyi Partiyasında Azərbaycan dili müzakirə olunub
Bu gün Azərbaycan Vətəndaş Həmrəyliyi Partiyasının (AVİP) qərargahında Azərbaycan dilinin vəziyyəti ilə bağlı müzakirələr aparılıb. SİA-nın məlumatına görə tədbirdə partiyanın sədri Sabir Rüstəmxanlı, Miqrasiya İctimai Birliyinin sədri Əlövsət Əliyev və digərlər rəsmi şəxslər iştirak ediblər. Tədbiri giriş sözü ilə açan partiyanın sədri bildirib ki, dil millətin varlığıdır, dil varsa, millət var, yoxdursa, millət yoxdur. Onun sözlərinə görə, ölkəmizdə dil haqqında qanuna əsasən dövlət idarələrində, müəssisələrdə bu dildən istifadə olunsa, da buna arxayın olmaq olmaz.

Partiyanın dillə bağlı mətbuata daim müraciət ünvanladığını deyən S. Rüstəmxanlı bu müraciətlərin davamlı olacağını dilə gətirib. O hətta söyləyib ki, partiya tərəfindən dillə bağlı bülletenlər də çap olunacaq: "Sovet dövründə dil komissiyası var idi ki, o bu istiqamətdə mübarizə aparırdı. Hazırda ölkəmizdə dil institutu yalnız tədqiqatla məşğul olur, real fəaliyyət göstərmir. Bir azdan bizim dilimiz hədəfə çevriləcək. Dil haqqında qanunun olmasına baxmayaraq şəhərdə mağaza və müəssisə adlarında ingilis və ya türk dilindən istifadə olunur. Bu dil problemi yox, psixologiya problemidir. Əgər yanına birini qoşmadan yaşaya bilmirsənsə, bu xəstəlikdir. Bundan sağalmaq lazımdır".

Daha sonra müzakirələrə qoşulan Əlövsət Əliyev ölkə qanunvericiliyini bəzi ölkələrin qanunvericiliyi ilə müqayisə edib. O bildirib ki, ölkəmizdə dil haqqında qanun qəbul olunsa da onun adı ilə məzmunu bir-birini tamamlamır. Onun sözlərinə görə, əslində isə qanun layihəsinin adı tərkibi ilə üst-üstə düşməlidir. O söyləyib ki, dil haqqında qanun həm ölkə vətəndaşları, həm dövlət, həm də vətəndaşlığı olmayanlar qarşısında öhdəliklər qoyur.

Müzakirələr davam edib. Tədbir iştirakçıları Azərbaycan dilinin vəziyyəti ilə bağlı öz fikirlərini bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə