Azərbaycan brendi olan "ASAN xidmət" mərkəzlərinin sayı artır TƏHLİL
Dövlət başçısı Bakı şəhərində iki yeni "ASAN xidmət" Mərkəzinin layihələndirilməsi və tikintisi haqqında Sərəncam imzalayıb
Müasir Azərbaycan innovativ texnologiyalardan istifadə imkanları ilə dünyada seçilən ölkələr sırasındadır. Dövlət başçısı tərəfindən Azərbaycanda ən qabaqcıl texnologiyaların tətbiqi, cəmiyyətdə informasiya texnologiyalarının istifadəsinə əlverişli şəraitin yaradılması üçün məqsədyönlü işlər həyata keçirilir. Dövlət qurumlarının fəaliyyətində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi istiqamətində əhəmiyyətli işlər görülüb və müvafiq hüquqi baza formalaşdırılıb. Azərbaycan Prezidenti İlham Əliyevin "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Fərmanı ölkəmizdə, nəinki elektron hökumətin inkişafı və həm də korrupsiyaya qarşı mübarizənin daha da gücləndirilməsində mühüm rol oynadı. Əksər dövlət orqanlarında əhaliyə elektron xidmətlərin göstərilməsi təmin edilib. Bu xidmətlər bürokratik əngəlləri və mümkün korrupsiya hallarını aradan qaldırır. 2012-ci ildən bu sahədə daha mühüm islahata imza atıldı. Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və onun tabeliyində olan "ASAN xidmət" mərkəzləri yaradıldı. Bu qurumun yaradılmasında məqsəd vətəndaşlara birbaşa xidmət göstərəcək "ASAN xidmət" mərkəzlərinin vahid şəkildə idarə edilməsi idi.
2012-ci il dekabrın 29-da pilot layihə olaraq Bakıda 1 saylı "ASAN xidmət" Mərkəzi fəaliyyətə başladı. 2013-cü il ərzində paytaxtın bir neçə rayonunda "ASAN xidmət" mərkəzləri istifadəyə verildi. Daha sonra bu proses regionları da əhatə etməyə başladı. Bu gün ölkəmizin müxtəlif məkanlarında bu mərkəzlər fəaliyyət göstərir. Bu gün mərkəzlərin sayı artır. Eyni zamanda, "ASAN xidmət" səyyar şəkildə də vətəndaşlara xidmət göstərir. Azərbaycanın regionlarına səyyar təşkil olunan xidmətdən yüzlərlə insan yararlanır və dövlət tərəfindən yaradılan
şəraitdən məmnun qalırlar. "ASAN xidmət" mərkəzlərində 11 dövlət qurumu və özəl müəssisələr tərəfindən birgə 300-dən çox müxtəlif xidmətlər həyata keçirilir. Eyni yerdə xidmətin göstərilməsi, tam şəffaflıq, korrupsiya və rüşvətxorluq sıfıra endirilib. "ASAN xidmət" bir çox ölkələr üçün cəlbedicidir. Hazırda ölkəmizdə 15 mərkəz fəaliyyət göstərir. Onlardan 5-i Bakıda, 10-nu isə Azərbaycanın bölgələrindədir. Sırf Azərbaycan brendi olan "ASAN xidmət"in yaradıldığı gündən indiyə qədər gündəlik müraciət sayı 30 minə yaxın olan 28 milyondan çox müraciət edilib. Qeyd edək ki, xidmətlərin göstərilməsində könüllülər də cəlb olunur. Demək olar ki, hər mərkəzdə yüzə yaxın könüllü çalışır. 2019-cu ilin sonunadək daha beş mərkəzin istifadəyə verilməsi nəzərdə tutulmuşdur.
Bu günlərdə isə Bakı şəhərində iki yeni "ASAN xidmət" Mərkəzinin layihələndirilməsi və tikintisi haqqında Azərbaycan Respublikası Prezidenti Sərəncam imzalayıb. Sərəncama əsasən, bu sahədə işlərin davam etdirilməsinin əhəmiyyətini, habelə, Bakı şəhərində əhalinin sıxlığı və müvafiq dövlət xidmətlərinin yalnız "ASAN xidmət" mərkəzlərində həyata keçirilməsi nəticəsində, müraciətlərin sayının artması ilə bağlı yeni "ASAN xidmət" mərkəzləri yaradılmasının zəruriliyini nəzərə alaraq, Bakı şəhərində iki yeni "ASAN xidmət" Mərkəzinin layihələndirilməsi və tikintisi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə, ilkin olaraq, 6,0 (altı) milyon manat ayrılıb.
Təbii ki, müasir dövrümüzdə "ASAN xidmət" qısa müddətdə uğur qazanıb və dünyaya nümunə olan modelə çevrilib. Azərbaycan Prezidenti İlham Əliyevin dövlət idarəçiliyinin təkmilləşdirilməsi sahəsində həyata keçirdiyi islahatların tərkib hissəsi olan "ASAN xidmət" dövlət və özəl xidmətlərin vahid məkandan innovasiyaların tətbiqi ilə vətəndaşlara çatdırılması sahəsində uğurlara səbəb olub. Milyonlarla insanın müraciət etdiyi bu xidmət bürokratiyasız, korrupsiyasız, rahat və mədəni şəkildə gözəl xidmətlər həyata keçirir. Azərbaycan Prezidenti İlham Əliyev vətəndaşların rahatlığını təmin edən mərkəz haqqında dediyi kimi: "ASAN xidmət", "doğrudan da, ictimai xidmətlər, ümumiyyətlə, ictimai əlaqələr sahəsində bir inqilab olub. Bu gün dünyanın aparıcı maliyyə qurumları bizim təcrübəmizi çox yüksək qiymətləndirir və tövsiyə edirlər ki, bu
təcrübə başqa ölkələrdə də tətbiq olunsun. Azərbaycan indi intellektual məhsulları həm yaradır, həm də ixrac edir. Bu, doğrudan da, çox böyük hadisədir".
Azərbaycanın "ASAN xidmət" modeli dünyanın bir çox ölkələri, beynəlxalq təşkilatları tərəfindən yüksək qiymətləndirilir və bu təcrübəyə böyük maraq var. "ASAN" Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidməti Mükafatına layiq görülüb.
Bu gün Azərbaycan dünyaya inteqasiya edir, öz məhsullarını dünya bazarına çıxarır, moderin və yenilikçi ölkə olaraq dünyanın qabaqcıl ölkələri ilə əməkdaşlığa üstünlük verir. Əvvəllər yeni texnologiyalar, yeniliklər xaricdən Azərbaycana gətirildiyi halda, müasir dünyamızda Azərbaycan bu yeniliklərlə dünyanı təəccübləndirir. İnkişaf etmiş ölkələr intellektual məhsulun sahibi kimi çıxış edirdilərsə də, bu gün Azərbaycanda intellektual məhsulu yaradılıb. Cənab İlham Əliyev "ASAN xidməti" xalqımızın intellektual səviyyəsinin və Azərbaycanın inamlı inkişafının göstəricisi kimi dəyərləndirir.
Dövlət başçısı çıxışlarının birində bildirib ki, "ASAN xidmət" Azərbaycan brendidir, Azərbaycanın intellektual məhsuludur: "O məhsul ki, bu gün biz onu xaricə ixrac edirik. Bir neçə ölkə "ASAN xidmət"lə maraqlanır. Bizim "ASAN xidmət" bir neçə ölkə ilə müvafiq sənədlər imzalayıb və artıq bir neçə ölkədə "ASAN xidmət" mərkəzləri yaradılır.
Ümumiyyətlə, Azərbaycanda gedən bütün işlər müasir səviyyədə həyata keçirilir. Hər görülən iş, aparılan islahatlar, reallaşan layihələr insanların sosial məişətinin və həyatın firəvanlığına yönəlib. Buna Azərbaycanın, bütövlükdə, inkişafı imkan verir. "Ölkəmiz müasirləşir və inkişaf edir. "ASAN xidmət"in fəaliyyətə başlaması bizim niyyətimizi göstərir. Biz istəyirik ki, insanlar rahat yaşasınlar, ən gözəl xidmətlərə malik olsunlar" deyən Cənab İlham Əliyev korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizədə də "ASAN xidmət"in çox mühüm rol oynadığını vurğulayıb. Eyni zamanda, bu mərkəzdə yeni texnologiyalar və innovasiyalar tətbiq olunur. Bu, innovasiya, yeni fikrin və yeni yanaşmanın yaranması Azərbaycanın inkişafının göstəricisidir.
Bu gün "ASAN xidmət" Mərkəzində vətəndaşların rahatlığı, şəffaflıq təmin edilir və "bir pəncərə" prinsipi tətbiq olunur. Əlbəttə ki, bu dövlət qulluqçusu-vətəndaş münasibətlərində yeni düşüncə tərzinin "dövlət qulluqçusunun vəzifəsi vətəndaşın hüququnu təmin etməkdir" yanaşmasının formalaşdırılmasına da müsbət təsirini göstərir.
ZÜMRÜD BAYRAMOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB