"Əlillərin reabilitasiya mərkəzləri ən son avadanlıqla təmin olunacaq" AÇIQLAMA-ÖZƏL
“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Mərkəzinin nəzdində Sumqayıt, Yevlax və Naftalan Əlillərin Regional Bərpa Mərkəzlərində, eləcə də, Mərdəkan qəsəbəsində yerləşən Müalicə Pansionatında əsaslı təmir və tikinti işləri davam etdirilir. Əlilliyi olan vətəndaşlara reabilitasiya xidmətlərinin daha səmərəli təşkili üçün qeyd olunan mərkəzlər yenidənqurma tədbirlərindən sonra ən son avadanlıq və müasir infrastrukturla təmin olunacaqlar”. Bu barədə SİA-ya Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin mətbuat katibi Gülnar Əzizova məlumat verilib.
O bildirib ki, əlilliyi olan şəxslər bu mərkəzlərdə bərpa potensiallarının reallaşdırılması üçün fərdi reabilitasiya proqramları əsasında səmərəli bərpa müalicə prosedurlarına cəlb olunacaqlar.
Bu il Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin nəzdində Şəki, Şirvan Lənkəran və Xaçmaz şəhərlərindəki Bərpa Mərkəzlərində, eləcə də əlilliyi olan şəxslər üçün Şağan Müalicə Pansionatında da əsaslı təmir və yenidənqurma işlərinə başlanmasının nəzərdə tutulduğunu deyən mətbuat katibi söyləyib ki, dövlət başçısının tapşırıqlarına əsasən, sağlamlıq imkanları məhdud uşaqlar üçün də reabilitasiya infrastrukturu daim təkmilləşdirilir.
G.Əzizova qeyd edib ki, sağlamlıq imkanları məhdud uşaqlar üçün reabilitasiya mərkəzlərinin respublikamızın bölgələri üzrə genişləndirilməsi nəzərdə tutulur: “Bu məqsədlə cari ildə Şəmkir və Qəbələ rayonlarında, 2020-ci ildə isə Bakı şəhəri Xəzər rayonu, Quba, Masallı, Ağcabədi, Xaçmaz və Lənkəran rayonlarında uşaqlar üçün bərpa mərkəzlərinin tikintisinə başlanması planlaşdırılır. Əlilliyi olan şəxslər və o cümlədən sağlamlıq imkanları məhdud uşaqlara reabilitasiya xidmətləri Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində olan 14 Bərpa Mərkəzi tərəfindən həyata keçirilir. İl ərzində minlərlə əlilliyi olan şəxsə həmin Bərpa Mərkəzlərində müxtəlif reabilitasiya xidmətləri göstərilir və protez – ortopedik məlumatlar, reabilitasiya vasitələri ilə təmin edilirlər”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB