Fuad Muradov: “Xaricdə oxuyub ölkəyə qayıdan gənclərin bilik səviyyələri Azərbaycanda olan dövlət iş yerlərinin əmək haqqına uyğun gəlmir” - AÇIQLAMA

Fuad Muradov: “Xaricdə oxuyub ölkəyə qayıdan gənclərin bilik səviyyələri Azərbaycanda olan dövlət iş yerlərinin əmək haqqına uyğun gəlmir” - AÇIQLAMA

Milli Məclisin üzvü, Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının sədri Fuad Muradovun SİA-ya müsahibəsi

- 2010-cu ildə gənclər siyasəti istiqamətində görülən işləri necə qiymətləndirirsiniz. Ümumiyyətlə bu işlər bir gənc olaraq sizi qane edirmi?

- 1993-cü il ulu öndər Heydər Əliyev yenidən hakimiyyətə gəldikdən sonra ölkədəki gənclər siyasəti dövlət siyasətinin əsas hissəsinə çevrildi. Bu gün, keçən il, bundan əvvəlki illərdə, bir sözlə Azərbaycan gənclərin I forumundan tutmuş bu günə qədər həyata keçirilən bütün tədbirlər dövlət səviyyəsində dəstəklənib. Bu gün gənclərimiz öz imkanlarından, bilik və bacarıqlarından istifadə edərək istər Azərbaycan daxilində, istərsə də beynəlxalq aləmdə böyük nailiyyətlər əldə ediblər. 2010-cu il də çox uğurlu bir il olub. Bu il ərzində gənclər təşkilatları uğurlu layihələr, proqramlar həyata keçirib. Eyni zamanda, gənclər idman və digər sahələrdə böyük nailiyyətlər əldə ediblər. Xüsusilə vurğulamaq istərdim ki, 2010-cu ildə gənclər təşkilatlarının əsas istiqaməti məhz region gəncləri ilə birgə tədbirlərin keçirilməsi olub. Bu gün təməli qoyulan və tikintisi başa çatan idman olimpia komplekslərinin, gənclər evlərinin tikilməsi istiqamətində dövlət siyasəti aparılır. Bu gün prezident İlham Əliyevin çıxışlarının, nitqlərinin hamısında əsas istiqamət, əhatə dairəsi gənclərdir. Gənclər də öz növbəsində Azərbaycan dövlətçiliyinin, müstəqilliyinin qorunub-saxlanmasında çox fəal iştirak edirlər. Bunun üçün də xüsusi olaraq dövlət siyasətini həyata keçirən Gənclər və İdman Nazirliyi mövcuddur. Biz düşünürüq ki, ölkədə fəaliyyət göstərən gənclər təşkilatları, ümumiyyətlə gənclər çox fəal bir təbəqədir. Parlamentin özündə də kifayət qədər gənclər təmsil olunurlar. Bunların hamısı Azərbaycanda dövlət gənclər siyasətinin çox yüksək səviyyədə olmasının bir nümunəsidir.

- Bildiyiniz kimi, bu gün ölkədə kifayət qədər gənclər təşkilatları fəaliyyət göstərir. Bəs, şura sədri olaraq necə düşünürsünüz, həmin gənclər təşkilatlarının fəaliyyətini qənaətbəxş hesab etmək olarmı?

- Bu gün düzgün fəaliyyət göstərən gənclər təşkilatları ictimaiyyəti, cəmiyyəti narahat edən məsələlərə toxunurlar. Mənim isə arzum odur ki, gənclər təşkilatları daha fəal olaraq bu işlərdə iştirak etsinlər. Təbii ki, hər zaman hansısa işləri görəndə düşünürük ki, bunları daha da yüksək səviyyədə həyata keçirmək olar. Təbii ki, burada dövlətin dəstəyi çox vacibdir. Mən inanıram ki. gələcək illərdə də dövlət tərəfindən gənclər təşkilatlarına daha da böyük dəstək olunacaq. Bu gün ən əsas məsələlərdən biri də gənclərin asudə vaxtlarının səmərəli təşkili məsələsidir. Mən çox istərdim ki, bunu düşünək. Bu gün Azərbaycanda gənclər mərkəzlərinin tikilməsi və mövcud olması çox vacibdir. Bütün ölkələrdə bu var, ancaq Azərbaycanda hələki bu mərkəzlər yoxdur. Gənclər mərkəzləri elə mərkəzlərdir ki, orada gənclər həm tədbirlər keçirə, həm də gündəlik fəaliyyətlə məşğul ola bilərlər. Bir çox Avropa ölkələrində belə gənclər mərkəzləri var. Artıq Azərbaycanın da belə gənclər mərkəzlərinin tikilməsi və inşası üçün kifayət qədər imkanı var. Mən çalışacam ki, parlamentdə də bu məsələ müzakirə olunsun və yaxın zamanlarda Azərbaycan gənclərinin mərkəzləri olsun. Bu bizim çox vacib məsələmizdir. Biz istəyirik ki, bunu tez bir zamanda həyata keçirək.

- Gəlin etiraf edək ki, bu gün gənclər siyasətində mühüm işlər görülsə də yenə də bir çox problemlər qalmaqdadır. Belə ki, gənclərin iş tapması ən mühüm problemlərdən biridir. Sizcə gənclərin sosial vəziyyətinin yaxşılaşdırılması, lazımi iş yerləri ilə təminatı və digər bu kimi problemlərinin həlli istiqamətində hansı işlər görülməlidir?

- Bu və ya digər problemləri qısa zamanda müzakirə edib qəbul etmək çox çətin bir məsələdir. Ancaq bizim təşkilat ciddi məşğul olub, sorğular keçirib, araşdırmalar aparıb. Onu deyim ki, son 6-7 ildə gəncərin işə cəlb olunması faizi yüksək səviyyədə artıb. Yeni iş yerlərinin açılması ona gətirib çıxarıb ki, gənclər həm dövlət, həm də qeyri-dövlət təşkilatlarında gənclərin işləməsi, yeni iş yerləri tapması faizi son illərdə artıb. Amma buna baxmayaraq bütün ölkələrdə olduğu kimi Azərbaycanın da bununla bağlı narahatçılığı var. Bu isə təkcə gənclərlə bağlı olan məsələ deyil. Ümumiyyətlə bu istiqamətdə dövlətin ardıcıl siyasəti var. Təbii ki, bugün bizim gənclərimiz xaricdə oxuyub ölkəyə qayıdırlar, amma bəzi hallarda onların bilik səviyyələri Azərbaycanda olan dövlət iş yerlərinin əmək haqqına uyğun gəlmir, ona görə də həmin gənclər biznes qurumlarına üz tuturlar. Bu istiqamətdə də dövlət proqramları var, ancaq bunların həlli istiqamətində mühüm işlər görülməlidir. Biz bu gün düşünürük ki, Azərbaycan gənclərinin işlə təmin olunması məsələsi onların biliklərinə, savadlarına, dünyagörüşlərinə uyğun olmalıdır. Bu məsələni, problemi bu gün bütün Avropa ölkələri də yaşayır. Təbii ki, bu kimi probelmlərin, məsələlərin həllində işlər davam etdirilməlidir.

- Bu il Azərbaycan Gənclər Təşkilatları Milli Şurası 15 illik yubileyini qeyd edəcək. Bu illər ərzindəki fəaliyyətinizi necə şərh edərdiniz?

- Bəli, bu il Şura 15 illik yubileyini qeyd edir. Belə ki, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası 21 noyabr 1995- ci ildə 11 gənclər təşkilatı tərəfindən təsis edilib, 31 yanvar 1996-cı ildə isə dövlət qeydiyyatına alınıb. Hazırda öz ətrafında 70 uşaq və gənclər təşkilatlarını birləşdirir. XV ildönümünü qeyd edən ARGTMŞ Dövlət Gənclər Siyasətinin hazırlanmasında və həyata keçirilməsində, ölkədə fəaliyyət göstərən gənclər təşkilatlarının fəaliyyətinin əlaqələndirilməsində, gənclərin ictimai proseslərə və dövlət əhəmiyyətli tədbirlərə səfərbər edilməsində mühüm rol oynayıb. Bundan əlavə, şura Azərbaycan gəncliyinin beynəlxalq aləmdə layiqli təmsilçiliyinin təmin edilməsində, eyni zamanda Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında real uğurlara imza atıb.
1996 və 1999-cu illərdə Azərbaycan Respublikası Gənclər, İdman və Turizm Nazirliyi ilə birgə təşkil olunan Azərbaycan Gənclərinin Forumlarında ümummilli lider Heydər Əliyev də iştirak edib. 2005- ci ildə keçirilən forumda isə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin iştirakı gənclər siyasətinə yeni təkan verib.
Milli Şura 1997-ci ildən Avropa Gənclər Forumunun tam hüququlu üzvü, 2002- ci ildən BMT-nin İqtisadi və Sosial Şurasının məşvərətçi statuslu üzvü, 2004-cü ildən Dialoq və Əməkdaşlıq naminə İslam Konfransı Gənclər Forumunu təsisçisi və tam hüquqlu üzvüdür.

- Cari il şuranın yubileyinin qeyd olunması, 2 fevral gənclər günü və gənclər siyasətinin digər istiqamətləri üzrə hansı işlər görüləcək?

- Təbii ki, ilk öncə Gənclər Təşilatları Milli Şurası olaraq 15 illik yubileyimizi qeyd edəcəyik. 15 il bizlə olan gənclər təşkilatları, qeyri-hökumət təşkilatları, dövlət qurumlarının hamısı bu tədbirə dəvətlidir. Çalışacağıq ki, 15 il ərzində gördüyümüz işlər barədə ictimaiyyətə geniş məlumat verək, planlaşdırdığımız işlər barədə ictimaiyyəti məlumalandıraq. İndidən hər bir məlumatı vermək istəməzdim, çünki yaxı olardı ki, bizi tanıyanlar, sevənlər bu tədbirdə iştirak edib 15 illik fəaliyyətimizə onlar qiymət versinlər. Bundan əlavə, hesab edirəm ki, 2 fevral-Gənclər Günü ərəfəsində də bir çox tədbirlər təşki olunacaq. Burada da hər birimiz çox fəal iştirak edəcəyik. Qeyd edim ki, cari il cənab prezidentin sərəncamı elan edilən turizm ili çərçivəsində gənclərin də üzərinə böyük məsuliyyət düşür. Onlar da öz növbəsində ölkədəki turizm sektorunun inkişafına öz töhfələrini verməlidir. Bir sözlə, hər il olduğu kimi bu il də dövlət siyasətinin prioritet istiqaməti olan gənclər siyasətinin inkişafında mühüm işlər, layihələr, proqramlar həyata keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə