"Artıq əlillər reabilitasiya üçün xarici ölkələrə göndərilmir" AÇIQLAMA - ÖZƏL

"Artıq əlillər reabilitasiya üçün xarici ölkələrə göndərilmir" AÇIQLAMA - ÖZƏL

“Azərbaycanda əlillərin reabilitasiyasına diqqət Ümummilli lider Heydər Əliyevin hakimiyyəti dövründə öndə duran məsələlərdən olub. Azərbaycanın iqtisadi vəziyyətinin heç də yaxşı olmayan dövrlərində belə həmin şəxslərin reabilitasiya üçün vəsait ayrılır və bu vəsait hesabına onlar xarici ölkələrə göndərilirdi. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycanın iqtisadi gücünün artması əlillərimizin reabilitasiyasının ölkəmizdə yüksək səviyyədə aparılmasına imkanlar yaradıb. Bura sağlamlıq imkanları məhdud olan şəxslərlə yanaşı, müharibə əlliləri də daxildir”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü, deputat İlham Məmmədov deyib.

O bildirib ki, müasir texnoloji, yeni nəsil protezləşmə işlərinin aparılması üçün vəsait ayrılır, bu işlər yüksək səviyyədə həyata keçirilir: “Bakı şəhərində yerləşən Əlillərin Reabilitasiya Mərkəzi reabilitasiya işlərinin həyata keçirilməsi üçün xüsusi avadanlıqlarla təchiz edilib. Təbii ki, burada Heydər Əliyev Fondunun fəaliyyətini qeyd etməmək mümkün deyil. Görülən işlər nəticəsində artıq heç bir əlilimiz reabilitasiya üçün xarici ölkələrə göndərilmir. Bu, əlillərin sosial müdafiəsi istiqamətində ən vacib elementlərdən biridir”.

İ.Məmmədov qeyd edib ki, Azərbaycanda reabilitasiya sahəsində mütəxəssislərin yetişdirilməsi üçün tibb təhsilində xüsusi istiqamət müəyyənləşdirilməlidir: “Reabilitasiya sahəsi gündəmdə olan məsələdir və bu gün bu sahədə peşəkar mütəxəssislər fəaliyyət göstərir. Lakin hesab edirəm ki, hələ də reabilitasiya sahəsi ilə bağlı mütəxəssislər yetişdirilməli, həkimlərin peşəkarlığı artırılmalıdır. Bu gün Azərbaycanda dünyada analoqu olmayan, keyfiyyətli protez cihazlarının quraşdırılması həyata keçirilir. Ümumi reabilitasiya sahəsində orqanın fəaliyyətini bərpa edə biləcək mütəxəssislərin yetişdirilməsi bu sahədə yararlı ola bilər. Fizioterapiya istiqamətində peşəkar kadrlarımız var. Amma reabilitasiya ilə bağlı yaradılan müasir şərait, müasir avadanlıq və qurğulardan istifadə edən daha çox peşəkarın yetişdirilməsinə ehtiyac var. Azərbaycan Tibbi Universiteti buna öz töhfəsini verə bilər ”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə