Azərbaycan Televiziyası "Aprel Zəfəri" adlı tədbiri Horadizdən yayımlayıb

Azərbaycan Televiziyası "Aprel Zəfəri" adlı tədbiri Horadizdən yayımlayıb

Azərbaycan Televiziyasının Horadizdən canlı yayımladığı “Aprel zəfəri” konserti böyük rezonans doğurub. Xarici ölkələrin səfirlikləri, diplomatik korpuslarının nümayəndələri, millət vəkilləri, incəsənət xadimləri, N saylı hərbi hissənin əsgərləri, eləcə də ictimaiyyət nüməyəndələrinin iştirak etdiyi tədbirdə vurğulanıb ki, Horadizin hərb tarixində xüsusi yeri var.

1994-cü il yanvarın 5-də ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun həyata keçirdiyi Horadiz əməliyyatı nəticəsində 21 min hektar ərazi – Füzuli rayonunun 20 Arazboyu kəndi, Horadiz qəsəbəsi və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi də daxil olmaqla 22 yaşayış məntəqəsi işğaldan azad edildi. Prezident İlham Əliyevin göstərişi ilə rayon ərazisində məcburi köçkünlər üçün qəsəbələr salınıb, işğal nəticəsində dağıdılmış minlərlə ev bərpa edilib. Horadiz əməliyyatından 22 il sonra, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi 2016-cı ilin aprelində Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatı nəticəsində yüzlərlə hektar ərazimizi, o cümlədən strateji əhəmiyyətli Lələtəpə yüksəkliyi işğaldan azad olunub. Bu yüksəkliyin geri alınması ilə Horadiz şəhərinə, Horadiz və Qazaxlar kəndinə, Cəbrayıl rayonunun Mehdili kəndi istiqamətində olan Azərbaycan Ordusunun mövqelərinə olan təhlükə aradan qaldırılıb. Azərbaycan Televiziyasının dünənki canlı yayımından da görünürdü ki, artıq Horadizdə həyat qaynayır.

Tədbirdə tanınmış incəsənət xadimlərinin ifaları dinlənilib, xüsusi təyinatlıların nümayiş etdirdiyi döyüş nümunələri maraqla qarşılanıb. Tədbir çərçivəsində eyni zamanda Lələtəpə yüksəkliyinə yürüş təşkil edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə