Nizami Xudiyevə Prezidentin fərdi təqaüdü veriləcək

Nizami Xudiyevə Prezidentin fərdi təqaüdü veriləcək

Prezident İlham Əliyev Nizami Xudiyevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Nizami Manaf oğlu Xudiyevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin.

Nazirlər Kabineti sərəncamdan irəli gələn məsələləri həll edəcək.

Qeyd edək ki, Nizami Manaf oğlu Xudiyev 1949-cu il aprelin 1-də Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda anadan olmuşdur. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun filologiya fakültəsini bitirmişdir. Filologiya elmləri doktoru, professordur. Əməkdar elm xadimi, "Qızıl qələm" mükafatı laureatıdır. 60-dan çox kitabın, 300-dən çox məqalənin müəllifidir. Rus və alman dillərini bilir.

Azərbaycan Yazıçılar Birliyinin və Jurnalistlər İttifaqının üzvüdür. Lütfizadə adına Beynəlxalq Müasir Elmlər Akademiyasının və Nyu-York Elmlər Akademiyasının həqiqi üzvüdür.

1970-ci ildən Azərbaycan Dövlət Pedaqoji İnstitutunda müəllim, baş müəllim, dosent, professor, həmkarlar ittifaqı komitəsinin sədri, birinci prorektor işləmişdir. 1994-1996-cı illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru olmuşdur. 1996-cı ildən Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin sədri, 2005–2006-cı illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifələrində çalışmışdır.

Yeni Azərbaycan Partiyası Siyasi Şurasının və İdarə Heyətinin üzvüdür.

Birinci və ikinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.

2005-ci il noyabrın 6-da 56 saylı Xaçmaz kənd seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin Elm və təhsil məsələləri daimi komissiyasının üzvüdür. Azərbaycan-Amerika Birləşmiş Ştatları, Azərbaycan-Belarus, Azərbaycan-Böyük Britaniya, Azərbaycan-Hindistan, Azərbaycan-Pakistan, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür.

Evlidir, 3 övladı var.

Bütün xəbərlər Facebook səhifəmizdə