Əlilləri cəmiyyətə inteqrasiya edən reabilitasiya fəaliyyəti ARAŞDIRMA

Əlilləri cəmiyyətə inteqrasiya edən reabilitasiya fəaliyyəti ARAŞDIRMA

İqtisadi inkişaf dinamikasına görə dünyada lider mövqeyə sahib olan Azərbaycan öz iqtisadi gücünü sosial sferaya yönəltməyi qarşısına məqsəd qoyan ölkədir. Dövlət olaraq qarşıya qoyulan əsas məqsədin, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən siyasətin qayəsində ölkə vətəndaşlarının rifah halının daha da yaxşılaşdırılması, onların sosial müdafiəsinin gücləndirilməsi təşkil etməsi bir daha sübut edir ki, ölkəmizdə həyata keçirilən sosial siyasət davamlı xarakter daşıyır. Azərbaycanda əlilliyi olan şəxslərlə bağlı ölkə qanunvericiliyi daim təkmilləşdirilir, yeni hüquqi normativ aktlar qəbul edilir. Əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud uşaqlar Azərbaycan qanunvericiliyində, BMT Baş Məclisinin qəbul etdiyi Əlillərin hüquq bəyannaməsində təsbit olunmuş bütün sosial-iqtisadi, siyasi, şəxsi hüquq və azadlıqlara malikdirlər. Əlilliyi olan şəxslərin maddi təminatının gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biridir.

Prezident İlham Əliyev tərəfindən imzalanan müvafiq fərman və sərəncamlara əsasən, əlillərin əmək pensiyalarının və sosial müavinətlərin məbləği mütəmadi olaraq artırılır. Ölkəmizdə həssas təbəqəyə malik olan əlillərin etibarlı müdafiəsi, onların maddi və mənəvi tələbatlarının ödənilməsi ilə yanaşı, onların tibbi-sosial reabilitasiyası ilə bağlı da çevik dövlət siyasəti həyata keçirilir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Heydər Əliyev Fondu tərəfindən “2016-cı ilin aprel döyüşlərində yaralanmış əsgər və zabitlərin yüksək texnologiyalı protezlərlə təmin edilməsi” layihəsi də bu sahədə görülən işlərə nümunədir. Qarabağ müharibəsi əlillərinə dövlət qayğısı siyasətinə dəstək məqsədi daşıyan bu layihənin davamı olaraq 2018-ci və 2019-cu illərdə daha bir qrup Qarabağ müharibəsi əlili Heydər Əliyev Fondunun dəstəyi ilə yüksək texnologiyalı protezlərlə təmin olunub. Ümumilikdə layihə çərçivəsində protezlərlə təmin olunan 100-dən çox Qarabağ müharibəsi əlili artıq aktiv həyata geri dönərək əmək fəaliyyətini davam etdirir.

Əlillərin reabilitasiyası nə deməkdir?

Milli Məclisin əmək və sosial siyasət komitəsinin üzvü, deputat İlham Məmmədov deyib ki, ümumiyyətlə, reabilitasiyanın əsas fəlsəfəsini əlilliyin bərpa olunması və cəmiyyətə inteqrasiyası təşkil edir.

Onun sözlərinə görə, müxtəlif səbəblərdən əlil olan şəxslər müəyyən reabilitasiya prosesləri nəticəsində iş qabiliyyətlərini bərpa etmək, yenidən sağalmaq kimi imkanlar əldə edə bilirlər: “Reabilitasiya əlilliyin ümumiyyətlə, bərpasında ən vacib olan amillərdən biridir. Bu məsələlər Milli Məclisin Əmək və sosial siyasət komitəsində qaldırılır və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən icra edilir. Ölkəmizdə müasir avadanlıqlarla təchiz olunan reabilitasiya mərkəzləri fəaliyyət göstərir. Bu mərkəzlər təkcə paytaxtda deyil, eləcə də regionda yaşayan əlilləri də əhatə edir. Hazırda Yevlaxda belə bir mərkəzin tikintisi həyata keçirilir”.

Reabilitasiyanın həyata keçirilməsi üçün hansı imkanlarımız var?

Deputat söyləyib ki, əlillərin reabilitasiyasına diqqət Ümummilli lider Heydər Əliyevin hakimiyyəti dövründə öndə duran məsələlərdən olub: “Azərbaycanın iqtisadi vəziyyətinin heç də yaxşı olmayan dövrlərində belə həmin şəxslərin reabilitasiya üçün vəsait ayrılır və bu vəsait hesabına onlar xarici ölkələrə göndərilirdi. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycanın iqtisadi gücünün artması əlillərimizin reabilitasiyasının ölkəmizdə yüksək səviyyədə aparılmasına imkanlar yaradıb. Bura sağlamlıq imkanları məhdud olan şəxslərlə yanaşı, müharibə əlliləri də daxildir. Müasir texnoloji, yeni nəsil protezləşmə işlərinin aparılması üçün vəsait ayrılır, bu işlər yüksək səviyyədə həyata keçirilir. Bakı şəhərində yerləşən Əlillərin Reabilitasiya Mərkəzi reabilitasiya işlərinin həyata keçirilməsi üçün xüsusi avadanlıqlarla təchiz edilib. Təbii ki, burada Heydər Əliyev Fondunun fəaliyyətini qeyd etməmək mümkün deyil. Görülən işlər nəticəsində artıq heç bir əlilimiz reabilitasiya üçün xarici ölkələrə göndərilmir. Bu, əlillərin sosial müdafiəsi istiqamətində ən vacib elementlərdən biridir”.

Kadr potensialı yetərlidirmi?

İ.Məmmədov qeyd edib ki, Azərbaycanda reabilitasiya sahəsində mütəxəssislərin yetişdirilməsi üçün tibb təhsilində xüsusi istiqamət müəyyənləşdirilməlidir: “Reabilitasiya sahəsi gündəmdə olan məsələdir və bu gün bu sahədə peşəkar mütəxəssislər fəaliyyət göstərir. Lakin hesab edirəm ki, hələ də reabilitasiya sahəsi ilə bağlı mütəxəssislər yetişdirilməli, həkimlərin peşəkarlığı artırılmalıdır. Bu gün Azərbaycanda dünyada analoqu olmayan, keyfiyyətli protez cihazlarının quraşdırılması həyata keçirilir. Ümumi reabilitasiya sahəsində orqanın fəaliyyətini bərpa edə biləcək mütəxəssislərin yetişdirilməsi bu sahədə yararlı ola bilər. Fizioterapiya istiqamətində peşəkar kadrlarımız var. Amma reabilitasiya ilə bağlı yaradılan müasir şərait, müasir avadanlıq və qurğulardan istifadə edən daha çox peşəkarın yetişdirilməsinə ehtiyac var. Azərbaycan Tibbi Universiteti buna öz töhfəsini verə bilər”.

Əlillərin reabilitasiya vasitələri ilə təmini necə həyata keçirilir?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat katibi Fazil Talıblı söyləyib ki, əlillərin reabilitasiyası ilə bağlı işlər reabilitasiya mərkəzləri tərəfindən həyata keçirilir.

Onun sözlərinə görə, reabilitasiya sahəsində vasitələrin təmini məsələsi öndə durur ki, bununla da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzi məşğul olur: “İl ərzində minlərlə əlil bu xidmətdən istifadə edir. Son statistikaya əsasən cari ilin yanvar-mart aylarında tərəfindən 2788 əlilliyi olan şəxsə protez-ortopedik bərpa xidməti göstərilib. Onlardan 329 nəfəri ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər olub. Qeyd olunan dövrdə Mərkəz tərəfindən əlilliyi olan şəxslərə 356 əlil arabası, 262 aşağı və yuxarı ətraf, habelə döş protezi, 1699 müxtəlif reabilitasiya vasitəsi, bel və boyun nahiyəsi üçün 46 korset, 479 cüt protez ayaqqabı, 1253 cüt ortopedik ayaqqabı, 298 dördayaqlı dayaq vasitəsi verilib. Əlilliyi olan şəxslər həmçinin 678 qoltuqaltı və dirsəkaltı ağac, 489 ədəd əsa və s. reabilitasiya vasitələri ilə təmin ediliblər. Ümumilikdə, 2019-cu ilin birinci rübündə Protez-Ortopedik Bərpa Mərkəzi tərəfindən əlilliyi olan şəxslərə 7583 reabilitasiya vasitəsi verilib, 178 nəfərə stasionar şəraitdə reabilitasiya xidmətləri göstərilib”.

Reabilitasiya mərkəzlərində vəziyyət necədir?

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin mətbuat katibi Gülnar Əzizova bildirib ki, hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Mərkəzinin nəzdində Sumqayıt, Yevlax və Naftalan Əlillərin Regional Bərpa Mərkəzlərində, eləcə də, Mərdəkan qəsəbəsində yerləşən Müalicə Pansionatında əsaslı təmir və tikinti işləri davam etdirilir: “Əlilliyi olan vətəndaşlara reabilitasiya xidmətlərinin daha səmərəli təşkili üçün qeyd olunan mərkəzlər yenidənqurma tədbirlərindən sonra ən son avadanlıq və müasir infrastrukturla təmin olunacaqlar. Əlilliyi olan şəxslər bu mərkəzlərdə bərpa potensiallarının reallaşdırılması üçün fərdi reabilitasiya proqramları əsasında səmərəli bərpa müalicə prosedurlarına cəlb olunacaqlar. Qeyd edək ki, bu il Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin nəzdində Şəki, Şirvan Lənkəran və Xaçmaz şəhərlərindəki Bərpa Mərkəzlərində, eləcə də əlilliyi olan şəxslər üçün Şağan Müalicə Pansionatında da əsaslı təmir və yenidənqurma işlərinə başlanması nəzərdə tutulub. Dövlət başçısının tapşırıqlarına əsasən, sağlamlıq imkanları məhdud uşaqlar üçün də reabilitasiya infrastrukturu daim təkmilləşdirilir. Sağlamlıq imkanları məhdud uşaqlar üçün reabilitasiya mərkəzlərinin respublikamızın bölgələri üzrə genişləndirilməsi nəzərdə tutulur. Bu məqsədlə cari ildə Şəmkir və Qəbələ rayonlarında, 2020-ci ildə isə Bakı şəhəri Xəzər rayonu, Quba, Masallı, Ağcabədi, Xaçmaz və Lənkəran rayonlarında uşaqlar üçün bərpa mərkəzlərinin tikintisinə başlanması planlaşdırılır. Əlilliyi olan şəxslər və o cümlədən sağlamlıq imkanları məhdud uşaqlara reabilitasiya xidmətləri Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində olan 14 Bərpa Mərkəzi tərəfindən həyata keçirilir. İl ərzində minlərlə əlilliyi olan şəxsə həmin Bərpa Mərkəzlərində müxtəlif reabilitasiya xidmətləri göstərilir və protez – ortopedik məlumatlar, reabilitasiya vasitələri ilə təmin edilirlər. Qeyd edək ki, ötən il Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin nəzdində olan 14 Bərpa Mərkəzində ümumilikdə, 11900 əlilliyi olan şəxsə reabilitasiya xidmətləri göstərilib, 278 əlilliyi olan şəxs peşə-əmək reabilitasiyasına cəlb olunub, onlara 35300 reabilitasiya vasitəsi verilib, eyni zamanda 7557 əlilliyi olan şəxsə sanator-kurort yollayışları təqdim olunub. Xidmətin balansında olan Protez-Ortopedik Bərpa Mərkəzi tərəfindən isə 9300 əlilliyi olan şəxs protez-ortopedik xidmətlərlə təmin edilib”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə