İlham Quliyev,
SOCAR “Neftqazelmitədqiqatlayihə” İnstitutunun böyük mühəndisi
Bu xalq öz vətənini göz bəbəyi kimi qorumağa hazır olan mərd və cəsarətli Azərbaycan gənclərini, əsgər və zabitlərini yetişdirməkdədir. Vətənpərvərlik anlayışı özündə vətənə, millətə müxtəlif səviyyə və istiqamətlərdə xidmət etməyi birləşdirirsə, bunların zirvəsində Vətən üçün ölümə hazır olmaq dayanır. Bu, vətənpərvərliyin ən uca və ali formasıdır. Hələ indiyədək bəşər övladı Vətənə xidmət etməyin bundan uca zirvəsini kəşf etməmişdir.
Qəhrəmanlıq haqqında belə bir deyim var ki: "Anadan olanda heç kim dünyaya qəhrəman kimi gəlmir. Qəhrəmanlar döyüşdə doğulur". Bu baxımdan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın növbəti qəhrəmanları doğuldular.
Qeyd etmək lazımdır ki, Azərbaycan xalqı 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırım siyasətinə məruz qalmışdır.
1988-ci ildən Dağlıq Qarabağ ətrafında başlayan hadisələr, erməni ideoloqlarının "dənizdən dənizə Ermənistan" adlı sərsəm bir ideyasını reallaşdırmaq cəhdi, Ermənistan silahlı qüvvələrinin vəhşilikləri nəticəsində kəndlərin, şəhərlərin dağılması, on minlərlə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələndi. Bütün beynəlxalq hüquq normalarına zidd olaraq Ermənistan dövləti Dağlıq Qarabağı özünə birləşdirmək istəyir, bu yolda bütün cinayət və vəhşiliyə hazır olduqlarını nümayiş etdirirdilər.
1994-cü ildə (“Bişkek protokolu”) atəşkəs haqda sənəd imzalandı, mayın 11-dən 12-nə keçən gecə isə atəşkəs rejimi qüvvəyə mindi. Lakin, atəşkəs elan edilməsinə baxmayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini dəfələrlə pozmaqda davam edirlər.
Əslində, Ermənistanın hər dəfə cəbhədə təxribata əl atmasının səbəbi heç kimə sirr deyil: cinayətkar rejim münaqişənin nizamlanması ilə bağlı danışıqlar ərəfəsində daim cəbhədə vəziyyəti gərginləşdirmək və bununla da öz xalqının fikrini ölkədəki ictimai-siyasi, sosial-iqtisadi böhrandan yayındırmağ cəhdidir.
Erməni təcavüzkarlarının növbəti atəşkəs rejimini pozmaq cəhdi 2016-cı il aprel ayının 1-dən 2-nə keçən gecə baş verdi. Gün ərzində Azərbaycanın cəbhə boyu mövqeləri və yaşayış məntəqələri erməni silahlı qüvvələri tərəfindən minaatanlardan və iriçaplı pulemyotlardan da istifadə etməklə güclü artilleriya atəşinə məruz qaldı. Nəticədə 2 dinc sakin ölmüş, 10 nəfər yaralanmış, infrastruktur obyektləri zədələnmiş, evlər dağıdılmış, əhalinin şəxsi təsərrüfatına və əmlakına xeyli ziyan dəymişdir.
Tarixə nəzər yetirərkən aydın olur ki, bütün müharibələrin gedişində bir dönüş nöqtəsi olub və bu dönüş nöqtələri savaşın müqəttaratında böyük rol oynayıb.
Məlum aprel hadisələrini də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində dönüş nöqtəsi kimi qiymətləndirsək yəqin ki, yanılmarıq. Ordumuzun bu hadisələr zamanı göstərdiyi şücaət belə deməyimizə tam əsas verir.
Düşmən hücumlarına layiqli cavab verən igidlərimiz torpaqlarımızın sahibsiz olmadığını bir daha sübut etdilər. Ən başlıçası aprel döyüşləri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində bir çox mətləblərə aydınlıq gətirdi. Əgər ümumiləşdirsək görərik ki, dörd gün davam edən döyüşlər ən əsas danılmaz həqiqəti üzə çıxartdı. Bu həqiqət hərbi müstəvidə tərəflərin nəyə, hansı gücə və potensiala malik olduqlarının açıq şəkildə göstərdiyini sübut etdi.
Nəhayət, həyata keçirilən müvafiq tədbirlər nəticəsində şimal istiqamətində Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış məntəqəsi ətrafında, cənubda isə Horadiz şəhəri və Araz çayı boyunca Cəbrayıl rayonunun bəzi kəndlərinin düşmən təhlükəsindən qorunması məqsədilə Lələtəpə yüksəkliyi və onun ətrafındakı strateji cəhətdən mühüm ərazilər azad edildi. Bölmələrimiz tərəfindən azad edilən ərazilərdə yeni mövqelər quruldu və mühəndis-istehkam tədbirləri həyata keçirildi.
Azərbaycan Ordusu düşmənə qarşı öz ərazilərimizdə əməliyyat aparıb. Bu baxımdan da beynəlxalq təşkilatlar, nüfuzlu ölkələr aprel döyüşləriylə bağlı Azərbaycan əleyhinə bir söz deyə bilməzdilər. Azərbaycan qarşılıqlı qaydada hərbi əməliyyatları dayandırmağa razı oldu və bununla da münaqişənin sülh yolu ilə həllinə üstünlük verdiyini bir daha nümayiş etdirdi.
Düşmənlə müqayisədə Azərbaycan isə münaqişənin dinc yolla həllinə tərəfdardır və bu istiqamətdə səylərini əsirgəmir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dondurulmuş münaqişə deyil, bütün region üçün ciddi təhlükə mənbəyidir. Rəsmi Azərbaycan bəyan edir ki, işğal faktı, mövcud status-kvo ilə barışmaq və Ermənistanın təxribatlarına dözmək niyyətində deyil. Əksinə, düşmənə layiqli cavab vermək, torpaqlarını azad etmək iqtidarındadır.
Prezident İlham Əliyevin bu məsələylə bağlı mövqeyi bir mənalı olaraq dəyişməz qalmaqdadır: “Məsələnin həlli çox sadədir – erməni silahlı birləşmələri işğal edilmiş torpaqlardan çıxmalıdır, Azərbaycan vətəndaşları öz doğma torpaqlarına qayıtmalıdırlar, ondan sonra regionda sülh və təhlükəsizlik yarana bilər. O ki, qaldı xalqların öz müqəddəratını təyin etməsi prinsipinə, bu prinsip ölkələrin ərazi bütövlüyünü pozmamalıdır və Helsinki Yekun Aktında məhz bu ifadələr öz əksini tapır. Bütün münaqişələr ölkələrin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır” deməklə həm problemin həlli yolunu, həm də prinsiplərini bəyan etdi.
Aprel döyüşləri bütün dünyaya Azərbaycan Ordusunun gücünü, qələbə əzmini, ədalətin bərpa olunacağını göstərdi.
Azərbaycanın ərazi bütövlüyünün bərpası, müstəqilliyi, ölkəmizin daha da qüdrətli, daha möhkəm olması yolunda şəhid olmuş bütün insanların əziz xatirəsi Azərbaycan xalqının qəlbində daim yaşayacaq.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB