Ağstafalı gənclər hərbi xidmətə yola salındı VİDEO

Ağstafalı gənclər hərbi xidmətə yola salındı VİDEO

“Azərbaycan Respublikası vətəndaşlarının 2019-cu il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamının icrası ilə bağlı Ağstafa rayonunda gənclərin hərbi xidmətə yola salınması münasibəti ilə təntənəli mərasim keçirilib.

SİA-nın xəbərinə görə, Ağstafa şəhər Heydər Əliyev Mərkəzinin qarşısında baş tutan tədbirdə rayon rəhbərliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin əməkdaşları, rayon ağsaqqalları və Qarabağ müharibəsi əlliləri, yerli icra nümayəndələri və bələdiyyə sədrləri, çağırışçı gənclər, valideynlər, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev mərkəzinin qarşısında ucaldılan ulu öndərin abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək xatirəsini ehtiramlarını bildiriblər.

Tədbirdə çıxış edən Ağstafa rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağstafa rayon şöbəsinin rəisi Nazim Çələbiyev ordu sıralarına yola düşən gəncləri təbrik edərək, onlara yaxşı yol, uğurlu hərbi xidmət arzulayıblar. Tədbirdə həmçinin şəhid ailələri, Qarabağ müharibəsi əlliləri, valideynlər çıxış edərək gənclərimizə uğurlar arzulayıb, xeyir-dua veriblər.

Gənclər Vətənə sədaqətlə xidmət edəcəklərinə, hərbi sirlərə mükəmməl yiyələnəcəklərinə və düşmən tapdağı altında olan torpaqlarımızı azad etmək üçün Azərbaycan Prezidenti, Ali Baş komandan İlham Əliyevin əmrinə daim hazır olacaqlarına and içib, Azərbaycan bayrağını öpərək, Quranın altından keçib və ordu sıralarına yola düşüblər.

Kamran Əskiparalı

Bütün xəbərlər Facebook səhifəmizdə