"Şəhid ailələri və müharibə iştirakçılarına qayğı dövlətin diqqətindədir" AÇIQLAMA-ÖZƏL

"Şəhid ailələri və müharibə iştirakçılarına qayğı dövlətin diqqətindədir" AÇIQLAMA-ÖZƏL

“Aprel döyüşlərində həlak olmuş qəhrəman Vətən oğullarının ailələri, yaralanmış əsgər və zabitlər dövlətin hərtərəfli qayğısı ilə əhatə olunurlar. Belə ki, dövlət başçısının tapşırığına uyğun olaraq, şəhid ailələri və həmin döyüşlərdə yaralanaraq əlil olmuş hərbçilərlə bağlı mühüm sosial müdafiə tədbirləri həyata keçirilir. Cari ildə bu sahədə növbəti mühüm addım kimi 2019-cu il fevralın 1-dən həmin təqaüd 300 manata çatdırılıb”. Bu fikirləri SİA-ya açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyin mətbuat katibi Fazil Talıblı deyib.

O bildirib ki, “Hərbi qulluqçuların sığortası haqqında” qanuna əsasən aprel döyüşlərində şəhid olmuş hərbi qulluqçuların vərəsələri 11 manat məbləğində sığorta ödənişi alıblar.

F.Talıblı söyləyib ki, aprel döyüşlərində iştirak edən müharibə iştirakçıları isə təqaüdlərini aprelin 1-dən edilən artımlara uyğun olaraq şəkildə alacaqlar: “Müharibə əlilləri kimi, hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar əlilliyi olanların, o cümlədən aprel döyüşləri ilə əlaqədar əlilliyi olanlar üçün müavinət və təqaüdlər də cari il aprelin 1-dən 100 faizədək artırılıb. Artıma əsasən, I qrup üzrə müharibə əlilləri 150 manatı sosial müavinət, 250 manatı Prezident təqaüdü olmaqla aylıq 450, II qrup əlillər 130 manatı sosial müavinət, 230 manatı Prezident təqaüdü olmaqla aylıq 360, III qrup əlillər isə 110 manatı sosial müavinət, 210 manatı Prezident təqaüdü olmaqla aylıq 320 manat alacaqlar ”.

Aprel döyüşlərində yaralanmış əsgər və zabitlərin reabilitasiyasına xüsusi qayğı göstərildiyini deyən mətbuat katibi qeyd edib ki, reabilitasiya Heydər Əliyev Fondu və Əmək və Əhalinin sosial Müdafiəsi Nazirliyinin Protez Ortopedik Mərkəzi tərəfindən həyata keçirilir: “Lakin müasir və yüksək texnologiyalı protezlərlə təminat məhz Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tapşırığı əsasında Heydər Əliyev Fondu tərəfindən reallaşdırılır. Belə ki, cari ilin fevral ayında 30-dək hərbçidən ibarət daha bir qrup Qarabağ müharibəsi əlili də protezləşməyə cəlb edilib. Onların hər birinin fərdi xüsusiyyətləri, aktivlik dərəcələri, həyat tərzləri nəzərə alınmaqla yüksək texnologiyalı məhsullar seçilərək təmin olunublar”.

F. Talıblı əlavə edib ki, aprel döyüşlərində şəhid olanların ailələrinin, müharibə əlillərinin digər sahələrdə də qayğı ilə təmin olunması üçün müvafiq işlər aparılır ki, bura onların mənzil şəraitinin yaxşılaşdırılması, avtomobil təminatı, sanatoriyada istirahətlərinin təşkili daxildir. Belə ki, müharibə veteranları ildə bir dəfə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müxtəlif sanatoriyalarda istirahətə göndərilir.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə