"Sığorta xidmətindən istifadə edilməsi icbari xarakter daşımalıdır" RƏY-ÖZƏL

"Sığorta xidmətindən istifadə edilməsi icbari xarakter daşımalıdır" RƏY-ÖZƏL

“Ticarət mərkəzində baş verən son yanğın hadisəsi bir daha sübut etdi ki, dövlət sahibkarın yanındadır. Dövlət sahibkarlara sığortası olmasa da belə dəstək oldu”. Bu fikirləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Vüqar Bayramov deyib.

O bildirib ki, baş verən hadisə ilə əlaqədar Azərbaycan Prezidenti tərəfindən sahibkarlara maliyyə yardımının ayrılmasını özündə ehtiva edən sərəncam praktiki olaraq onlara dəyən ziyanın dövlət tərəfindən ödənilməsini gətirib çıxaracaq: “Prezident İlham Əliyev məlum hadisə ilə bağlı keçirdiyi müşavirədə də qeyd etdi ki, Azərbaycanda sığorta sistemində boşluqlar var. Sığorta sistemi xüsusən də biznes və real sektorda ciddi şəkildə inkişaf etməyib”.

Sığorta sistemi ilə bağlı fəaliyyətin genişləndirilməsinin vacibliyini xatırladan ekspert söyləyib ki, sahibkarların sığortadan istifadə etməsinin təşviq edilməsinə ehtiyac var: “Nəticə etibarı ilə həm Maliyyə Nazirliyi, həm də sığorta assosiasiyaları tərəfindən fəaliyyətlərin gücləndirilməsi vacibdir. Sığorta nəticə etibarı ilə həm biznesi gözlənilməyən xərclərdən qoruyur, həm də bu sistemin inkişafı ilə bağlı mühüm əhəmiyyət kəsb edir. Düşünürəm yaxın dövrlərdə əsas prioritet sığortaya inamın artırılması, məlumatlandırma tədbirlərinin genişləndirilməsi ilə bağlı olmalıdır”.

V. Bayramov qeyd edib ki, iri obyektlər (supermarketlər, ticarət mərkəzləri və digərləri) və orada olan məhsulların sığortalanması həmin obyektlərin rəhbərləri tərəfindən həyata keçirilməlidir: “Bu halların icbari xarakter almasına ehtiyac var. İri obyekt rəhbərləri kifayət qədər iri məbləğdə gəlir əldə edirlər. İri obyektlərdə icarə haqlarının məbləğinin yüksək olduğunu nəzərə alsaq o zaman onlar üçün məhz sığorta xidmətindən istifadə edilməsi icbari xarakter daşımalıdır”.

Ekspertin sözlərinə görə, sığorta sistemində iki mühüm məqam var ki, bunlardan biri inamın aşağı, digəri isə sığortanın əhəmiyyəti ilə bağlı məlumatlandırmanın az olmasıdır: “Bu baxımdan insanların sığortaya inamının artırılması istiqamətində fəaliyyətin gücləndirilməsinə ehtiyac var. Sığorta Assosiasiyaları bu istiqamətdə fəaliyyətlərini gücləndirməlidirlər. Çünki bəzi hallarda sığorta şirkətlərinin bəzilərinin öz öhdəliklərini yerinə yetirə bilməməsi nəticədə ümumi sığortaya olan inamın azalmasına gətirib çıxarır. Bu da bir sıra hallarda sığorta şirkətlərinin öz öhdəliklərinə ya tam , ya da qismən yerinə yetirməməsi ilə bağlıdır. Məlumatlandırma vacibdir, medianın bu istiqamətdə rolu çox böyükdür. Media sığortanın əhəmiyyəti ilə bağlı həm sahibkarlar, həm vətəndaşlar arasında məlumatlandırma kampaniyası aparmalıdır. Bu da sığortadan istifadə edənlərin sayının artmasına gətirib çıxara bilər”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə