Azərbaycanlıların diaspor təşkilatları birləşir

Azərbaycanlıların diaspor təşkilatları birləşir

Moskva şəhərində Dünya Azərbaycanlıları Birliyinin (DAB) və Dünya Azərbaycanlıları Mədəniyyət Fondunun (DAMF) təşəbbüsü və rəhbərliyi ilə Azərbaycan diasporu üçün xüsusi əhəmiyyət kəsb edən iki hadisə baş verib. SİA-nın məlumatına görə, qarşılıqlı görüşdə diasporumuzun ondan artıq ictimai təşkilatının rəhbərləri, o cümlədən Rusiyanın Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş azərbaycanlılarla bağlı yeddi ictimai təşkilatı birləşdirən Moskva azərbaycanlılarının yerli milli-mədəni muxtariyyatları Koordinasiya Şurasının üzvləri DAB və DAMF ətrafında birləşmək istədiklərini söyləyiblər.

Daha sonra diaspor nümayəndələrimiz Rusiyada və MDB ölkələrində soydaşlarımızın bir ictimai təşkilat altında birləşməsi məsələlərini müzakirə ediblər. Görüşün bütün iştirakçıları diaspor təşkilatlarımızın Dünya Azərbaycanlıları Birliyi ətrafında birləşməsini dəstəkləyiblər.

Toplantının rəsmi hissəsi başa çatdıqdan sonra Moskva şəhərində azərbaycanlıların milli–mədəni muxtariyyətləri üzrə Əlaqələndirmə Şurasının sədri Əli Kazımov və Dünya Azərbaycanlıları Birliyinin prezidenti Füzuli Məmmədov arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

Məlumatda bildirilir ki, əməkdaşlığın məqsədi, Azərbaycan diasporunu bütün dünyada, habelə Rusiya və MDB ölkələrində, həmvətənlərimizi vahid beynəlxalq ictimai təşkilat ətrafında birləşdirməkdir.

Görüşdə bir sıra ictimai təşkilatların rəhbərləri və fəalları, diasporumuzun tanınmış ziyalıları və iş adamları, o cümlədən professor Zahid Qocayev, tarix elmləri doktoru Əşrəf Hüseynov, "Şəhriyar ədəbi-mədəni cəmiyyəti" Regional İctimai Təşkilatının sədri Vasif Məmmədov, Nizami Bəşirov, Rahib Bayramov, Elxan Rüstəmov, İlxan Tağıyev, Əli Kazımov, Natiq Mirzəyev, İmran Quliyev, Elşən Qasımov, Həşim Əliyev, Alışan Zakirov və başqaları iştirak ediblər.

Daha sonra görüş iştirakçıları 1918-ci ilin mart-aprel aylarında erməni millətçilərinin əli ilə həlak olmuş azərbaycanlıların və Azərbaycanın digər hadisələr zamanı şəhid olmuş insanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Sonra 1918-ci ilin martında daşnak və bolşeviklərin azərbaycanlılara qarşı törətdikləri soyqırımına həsr olunmuş sənədli film nümayiş etdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə