Binəqədidə 31 Mart Soyqırımı anılıb

Binəqədidə 31 Mart Soyqırımı anılıb

Binəqədi rayon icra hakimiyyəti və Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının birgə təşkilatçılığı ilə 31 Mart Azərbaycanlılara qarşı törədilmiş soyqırımın növbəti ildönümü ilə əlaqədar tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov bildirib ki, 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və "Daşnaksütyun"dan olan erməni silahlı dəstələri azərbaycanlılara qarşı misli görülməmiş qırğınlar törədiblər. Bu soyqırımı faciəsi tarixdə öz qəddarlığı, xüsusi amansızlığı ilə çox az rast gəlinən soyqırımı aktlarındandır. Belə ki, soyqırımı nəticəsində minlərlə azərbaycanlı qətlə yetirilib, on minlərlə insan itkin düşüb. Azərbaycanın kənd və şəhərləri yerlə yeksan edilib.

R.Göyüşov çıxışında bildirib ki, Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Sərəncamı ilə hər ilin 31 mart tarixinin Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunluğunu vurğulayıb. Son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən uğurlu islahatlardan bəhs edərək, dövlətimizin haqlı mövqeyinin dünya ictimaiyyəti tərəfindən dəstəklənməsi istiqamətində həyata keçirilən işlərdən danışıb.

Tədbirdə çıxış edən Bakı Dövlət Universitetinin professoru Həsən Bayramov 31 Mart Azərbaycanlıların Soyqırımı haqqında ətraflı məlumat verib. Qeyd edib ki, 1813-cü və 1828-ci illərdə imzalanmış Gülüstan və Türkmənçay müqavilələri ilə Azərbaycan xalqının parçalanması və tarixi torpaqlarımızın bölünməsinin əsası qoyulub, sonrakı dövrdə isə həmin torpaqların özgəninkiləşdirmə prosesinə başlanılıb. Qısa müddətdə ermənilərin kütləvi surətdə Azərbaycan torpaqlarına köçürülməsi həyata keçirilib. İrəvan, Naxçıvan və Qarabağ xanlıqlarının ərazilərində məskunlaşdırılan ermənilər orada yaşayan azərbaycanlılarla müqayisədə azlıq təşkil etmələrinə baxmayaraq, öz havadarlarının himayəsi altında "Erməni vilayəti" adlandırılan inzibati bölgünün yaradılmasına nail olublar. Süni ərazi bölgüsü, əslində, azərbaycanlıların öz torpaqlarından qovulması, Azərbaycan xalqına qarşı soyqırımı siyasətinin həyata keçirilməsinə şərait yaradıb.

Azərbaycan torpaqlarında "böyük Ermənistan" ideyasını reallaşdırmaq üçün erməni xalqının tarixinin saxtalaşdırılmasına başlanılıb.

H.Bayramov çıxışında onu da diqqətə çatdırıb ki, bu gün də ermənilərin soyqırımı siyasətləri davam edir. Buna ən bariz nümunə kimi bəşəriyyətdə törədilmiş ən vəhşi soyqırımı olan Xocalı Soyqırımını göstərmək olar. Lakin xalqımız daim ayıq-sayıq olmalı və düşmənlə mübarizəmizi sona çatdırmalıdır.

Sonra tədbir diskussiya şəklində davam etdirilib.

ZÜMRÜD BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə