Azərbaycanlıların soyqırımından 101 il ötür - 31 Mart

Azərbaycanlıların soyqırımından 101 il ötür - 31 Mart

Tarixdən məlumdur ki, XIX əsrin əvvəllərindən başlayaraq, ermənilər Azərbaycan torpaqlarında kütləvi şəkildə məskunlaşdırılmağa başlamış və azərbaycanlılar qədim torpaqlarından, ata-baba yurdlarından qovularaq, deportasiya edilmişlər. Təcavüzkar erməni millətçiləri tərəfindən xalqımıza qarşı iki yüz ilə yaxın bir dövrdə yeridilən soyqırımı siyasətinin məqsədi azərbaycanlıları tarixi torpaqlarından qovmaq, xarici havadarlarının köməyi ilə həmin yerlərdə Ermənistan dövləti yaratmaq olmuşdur. Bu mənfur ideyanı reallaşdırmaq istiqamətində, ardıcıl olaraq hərbi, ideoloji və təşkilati xarakterli tədbirlər həyata keçirilmişdir. Azərbaycanlılar tərdicən doğma torpaqlarından qovulmuş, onların ərazilərində başqa ölkələrdən köçürülmüş ermənilər məskunlaşdırılmışdır.

Azərbaycanlılara qarşı yeridilən soyqırımı siyasəti, tarixi əsrləri əhatə etsə də, bu barədə əsl həqiqət Ümummilli Liderimiz Heydər Əliyevin qətiyyəti sayəsində ictimaiyyətə çatdırılmışdır. Soyqırımı yalnız Onun 1998-ci il 26 mart tarixli Fərmanından sonra öz hüquqi-siyasi qiymətini almışdır. O vaxtdan başlayaraq, 31 Mart Azərbaycanlıların Soyqırımı Günü kimi dövlət səviyyəsində qeyd olunur, soyqırımı qurbanlarını anma tədbirləri keçirilir, dünya ictimaiyyətinin diqqəti bu məsələyə cəlb olunur.

Hadisələri ardıcıllıqla izləsək, başımıza gətirilən olayların tarixdə, demək olar ki, eyni ssenari üzrə cərəyan etdiyinin şahidi olarıq. Erməni daşnaklarının 1918-ci il martın 31-də xalqımıza qarşı törətdikləri soyqırımından, artıq 101 il ötür. Bu zamana qədər ermənilərin xalqımıza qarşı həyata keçirdikləri genosid siyasətinin nəticəsi olaraq, azərbaycanlıların başına olmazın müsibətlər, faciələr gətirilmiş, xalqımıza qarşı deportasiya və soyqırımı siyasəti həyata keçirmişdir. "Məqsədə doğru addımlayan" ermənilər xalqımızın tarixini kobud tərzdə saxtalaşdırır, milli-maddi və mədəniyyət abidələri, toponimləri erməni təcavüzünə məruz qalırdı.

Elmi-tarixi mənbələrdən bəlli olduğu kimi, "Türkmənçay" müqaviləsindən sonra Rusiya imperatoru I Nikolayın 21 mart 1828-ci il tarixli fərmanı ilə İrəvan və Naxçıvan xanlıqları ərazisində "Erməni vilayəti"nin yaradıldığı elan edilib, 7331 azərbaycanlı və 2369 erməni ailəsinin məskunlaşdığı İrəvan şəhəri bu vilayətin tərkibinə daxil edilib. Bu və ya digər faktlar göstərir ki,

Azərbaycan torpaqları hesabına dövlət quran ermənilər tarixin bütün mərhələlərində xalqımıza qarşı insanlığa yaraşmayan qanlı əməlləri ilə yadda qalmışlar. Xüsusilə, onların 1905-1907-ci, 1915-1920-ci, 1947-1953-cü və 1988-1994-cü illərdə törətdikləri kütləvi qətliamlar və işğalçılıq siyasətləri bu qanlı əməllərin ən dəhşətli mərhələləri olmuşdur.

Mart soyqırımı - 1918-ci ilin mart-aprel aylarında, başda Stepan Şaumyan olmaqla, erməni daşnaklarının Azərbaycan türklərinə qarşı törətdikləri kütləvi qırğınlar Bakıda, Şamaxıda, Muğanda, Lənkəranda və digər yerlərdə on minlərlə günahsız soydaşımızın qətlə yetirilməsinə səbəb olmuşdur. Azərbaycanın tarixi şəhəri olan İrəvanda 1920 azərbaycanlının evi yandırılmış, 132 min soydaşımız qətlə yetirilmişdir. 1918-ci ilin mart-aprel soyqırımı İsmayıllıdan da yan keçməmişdir. Belə ki, rayona məxsus 12 kənddə 1044 nəfər amansızcasına öldürülmüşdür. Ən böyük qırğın 360 nəfərin öldürüldüyü Tircan, 225 nəfərin qətlə yetirildiyi Mücü, 100 nəfərin məhv edildiyi Bizlan və s. kəndlərdə törədilmişdir. Mart soyqırımından bir il sonra ermənilər bu hadisələri bolşeviklərlə müsəlmanlar arasında cərəyan edən hakimiyyət mübarizəsi kimi mətbuatda yaydılar.

Xatırladaq ki, 1918-ci ildə Rusiyada yaranmış vəziyyətdən istifadə edən ermənilər öz istədiklərinə bolşevizm bayrağı altında nail olmağa cəhd göstərmişlər. Bakı Kommunası 1918-ci ilin martında cinayətkar planı həyata keçirməyə başlayır. Təxminən 7 min erməni əsgəri müxtəlif cəbhələrdən Bakıya gətirilir. Bundan başqa, "Qırmızı Qvardiya" adı altında yaradılan 10-12 minlik ordunun da 70 faizi ermənilərdən ibarət idi. Martın 30-da axşam saatlarında Bakıda ilk atəş səsləri eşidilir. Təpədən-dırnağa qədər silahlanmış erməni əsgərləri müsəlmanların evlərinə basqınlar edərək, onları vəhşicəsinə öldürür, körpələrə və qocalara aman vermirdilər. Qadınlar daha ağır işgəncələrlə öldürülürdü. Arxiv materiallarına əsasən, qulaqları-burunları kəsilən, orqanları parça-parça edilən 37 qadının meyiti tapılmışdı. Mart soyqırımı zamanı təkcə Bakıda 12 mindən çox adam qətlə yetirildi.

Ermənilər bütün Azərbaycanı işğal etməyə cəhd göstərirdilər. Belə ki, Qarabağda yaşayan ermənilərlə birləşib, Gəncəyə hücum planı hazırlanırdı. Lakin 1918-ci ilin mayında Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması, Azərbaycanın ərazi bütövlüyü uğrunda ölüm-dirim mübarizəsinin başlanması işğalçıların bütün planlarını pozdu.

Mart hadisələri, əslində, bolşeviklərin daşnaqlarla birlikdə həyata keçirdikləri milli qırğın idi. Hadisənin təşkilatçısı olan S.Şaumyan qırğından bir neçə gün sonra 1918-ci il aprelin 13-də RSFSR XKS-yə yazdığı məktubunda etiraf edirdi ki, biz süvari dəstəmizə birinci silahlı hücum cəhdindən bəhanə kimi istifadə etdik və bütün cəbhə boyu hücuma keçdik: "...Bizim altı min nəfərə yaxın silahlı qüvvələrimiz var idi... "Daşnaksütyun"un da üç-dörd min nəfərlik milli hissələri var idi ki, bunlar da bizim ixtiyarımızda idi. Milli hissələrin inkişafı vətəndaş müharibəsinə qismən milli qırğın xarakteri vermişdi, lakin buna yol verməmək mümkün deyildir. Biz bilərəkdən buna yol verdik".

1918-ci il sentyabr ayının 20-si və 26-da Bakı bolşevikləri Ağcaqum çöllərində güllələnməyə aparılarkən, yolda qəflətən Anastas Mikoyan və Stepan Şaumyan yoxa çıxmış və yenidən Rusiyada peyda olmuşlar. SSRİ zamanı isə bizlərə Stepan Şaumyan qəhrəman kimi aşılanmış və onun Bakı bolşevikləri ilə güllələndiyi bildirilmiş, 70 il ərzində, onun kimi yüzlərlə erməni qaniçənlərinin xatirələri əziz tutulmuşdu. Sonradan yenidənqurma və müstəqillik illərində gizli arxivlər açılanda, məlum oldu ki, çox hiyləgər erməni olan Stepan Şaumyan heç də 1918-ci ildə güllələnməmiş, əksinə, ingilis gəmiləri ilə İrana qaçmış, oradan da, İngiltərəyə gedərək, qəribə bir yaşayış məkanı seçərək, ömrünün sonuna kimi Hindistanda yaşamışdır.

Bu gün dünya ictimayyətinin nəzərinə 31 Mart Soyqırımı ilə bağlı əsaslı dəlillərdən biri olaraq Quba kütləvi məzarlığı təqdim olunur. Quba şəhərinin şimalında yerləşən kütləvi məzarlıqda 1918-ci ildə ermənilər və bolşeviklər tərəfindən vəhşicəsinə öldürülmüş azərbaycanlılar basdırılıb. 2007-ci ildə aşkarlanan məzarlıqdakı, iki dolu arx insan skeletləri, ermənilərin Qubada soyqırımı həyata keçirdiklərinin əyani sübutdur. Bu məzarlıq ermənilərin 1918-ci ildə Qubada törətdikləri qətliamların üzə çıxan bir hissəsidir. Artıq dünya ictimaiyyəti bu və digər dəlillər vasitəsilə erməni siyasəti ilə tanış ola bilirlər.

Ermənilər zaman-zaman tarixi təkrarlayaraq, iyrənc siyasətin müəllifinə çevrilirlər. Belə ki, ermənilər sovet rejimindən bəhrələnərək, ötən əsrin son illərində yenidən azərbaycanlıları öz tarixi torpaqlarından qovdular. Məhz elə, bunun nəticəsi olaraq, 1990-cı ilin yanvar ayında getdikcə güclənən xalq hərəkatını boğmaq məqsədilə Bakıya qoşunlar yeridildi, yüzlərlə azərbaycanlı şəhid oldu, yaralandı, digər fiziki təzyiqlərə məruz qaldılar. Məlum proseslərin davamı olaraq, 1992-ci ilin fevralında ermənilər Xocalı şəhərinin əhalisinə misli görünməyən divan tutdular. Tariximizə Xocalı soyqırımı kimi həkk olunan bu qanlı faciə minlərlə azərbaycanlının məhv edilməsi, əsir alınması, şəhərin yerlə yeksan edilməsi ilə qurtardı. Millətçi-separatçı ermənilərin Dağlıq Qarabağda başladığı qəsbkar hərəkətin nəticəsi olaraq, bu gün ərazimizin 20 faizi işğal altındadır.

Vaxtilə 31 mart tarixində qətlə yetirilən azərbaycanlıların uyuduğu məzarlıqda bu gün həmin yüzilliyin sonunda şəhid olan vətən oğulları uyuyur. Bəşəriyyət tarixində ermənilərin xalqımızın başına gətirdikləri faciə ilə müqayisə ediləcək dəhşətli cinayət törədilməyib. Xocalı şəhərində yaşayan insanlara qarşı həyata keçirilən soyqırımı aktı da ermənilərin hazırladığı növbəti ssenari əsasında baş tutdu. Müstəqil dövlət olaraq, bu gün dünyaya qapı açdığımız zamanda, tariximizin hər bir səhifəsi bizə ibrət dərsi olmalı, tariximizi unutmamalı və ondan vaxtında düzgün nəticələr çıxarmalıyıq.

Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü uğurlu xarici siyasət nəticəsində, artıq dünya və beynəlxalq təşkilatlar Ermənistanı işğalçı dövlət kimi tanıyır. Azərbaycan Prezidentinin bu məsələdəki birmənalı mövqeyi təsdiqlədi ki, Dağlıq Qarabağın Azərbaycandan ayrılma mexanizmi yoxdur və heç vaxt da olmayacaq. Azərbaycan Prezidenti İlham Əliyevin vurğuladığı kimi, "Ermənistanda başa düşməlidirlər ki, biz artıq orta əsrlərdə yox, XXI əsrdə yaşayırıq və XXI əsrin əlamətləri hər bir ölkə üçün əsas olmalıdır. Biz istəyirik ki, bölgədə sülh olsun. Biz istəyirik ki, beynəlxalq hüquq normaları təmin edilsin. Hər bir işğalçı bilməlidir ki, bu işğalın sonu olmayacaqdır. Bu işğalın sonu ya sülh müqaviləsidir, ya da qaçılmaz məğlubiyyətdir". Azərbaycan iqtisadi və hərbi potensialını sürətlə artırmaqda, regionun ən güclü dövlətinə çevrilməkdədir.

Azərbaycan xalqının mənəviyyatına, milli qüruruna və mənliyinə böhtanlar atan, siyasi və hərbi təcavüz həyata keçirən ermənilərin bu vəhşiliklərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılması yönündə son illərdə bir sıra tədbirlər görülür. Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilən kampaniya, dünyanın bir çox şəhərlərini əhatə etməklə, Azərbaycanın xaricdəki 50-yə yaxın diplomatik nümayəndəliyini və diaspor təşkilatlarını da bu prosesə cəlb etdi. Fondun hazırladığı və nəşr etdirdiyi kitab və bukletlər, Xocalı soyqırımını əks etdirən fotoşəkillər mötəbər təşkilatlarda düzənlənən mərasimlərdə bir daha xarici ölkə vətəndaşlarının diqqətini Azərbaycan xalqının faciəsinə, ermənilərin isə vandalizminə yönəltdi. Fondun nəşr etdirdiyi "Qarabağ həqiqətləri" toplusu Azərbaycan həqiqətlərini bütün dünyaya tanıtdı. "Xocalıya ədalət" kampaniyası isə Azərbaycan gəncliyinin Qarabağ həqiqətlərini, münaqişənin həllində ölkəmizin ədalətli mövqeyini və Xocalı soyqırımını bütün təfərrüatı ilə dünya ictimaiyyətinin diqqətinə çatdırmaq baxımından müasir tariximizin mühüm mərhələsi oldu. Heydər Əliyev Fondunun hazırladığı Azərbaycan internet portalı isə ermənilərin yüz illər boyu xalqımıza qarşı yürütdüyü soyqırımı siyasətini daha mükəmməl formada beynəlxalq səviyyədə təqdim edir. 6 min səhifədən ibarət olan portalda ölkəmiz haqqında, o cümlədən, Dağlıq Qarabağ münaqişəsinin tarixi haqqında istənilən məlumatı əldə etmək mümkündür.

Tarix heç zaman unudulmur, tarix yazılır. Erməni vəhşilikləri Azərbaycan tarixinin qanla yazılmış səhifəsi olsa da, güclü Azərbaycan yerləşdiyi bölgədə söz və nüfuz sahibi olmaqla, bütün problemlərin öhdəsindən hər zaman uğurla gəlmək iqtidarındadır.

ZÜMRÜD BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə