İlham Əliyev: "Azərbaycanda sığorta sahəsində boşluqlar var və bir çox hallarda biz bunu görürük"
Hər bir cəmiyyətin tərəqqisinin əsas məqsədləri sırasında yer alan sosial rifah və onun daim yüksələn xətt üzrə inkişafına nail olunması müasir dövrdə ən vacib vəzifələrdən biridir. Sosial rifah halının, insanların həyat səviyyəsinin yüksək olmadığı cəmiyyətdə və dövlətdə böyük nailiyyətlərlə müşayiət edilən inkişafdan söhbət açmaq mümkün deyil. Sosial siyasət insanların həyatnın bütün sahələrini - əmək və məişət şəraitinin yaxşılaşdırılmasını, sosial ədalət prinsipinin reallaşdırılmasını, əhalinin etibarlı sosial müdafiəsinə nail olunmasını, məşğulluq probleminin həllini, maddi və mənəvi tələblərin təminatını və digər bu qəbildən olan halları əhatə edir. Ölkədə Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə bu sahədə həyata keçirilən uğurlu siyasət nəticəsində əhalinin, onun müxtəlif, o cümlədən, aztəminatlı təbəqəsinin etibarlı sosial müdafiəsi yaradılıb, insanların həyat səviyyəsi davamlı olaraq yüksəlib. Bakının Nizami rayonundakı Ticarət Mərkəzində baş vermiş yanğınla əlaqədar martın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sədrliyi ilə keçirilən müşavirdə dövlət başçısının vurğuladığı kimi: "Azərbaycan çox güclü sosial siyasət aparır. Bu siyasət özünü müxtəlif sahələrdə büruzə verir. Bildiyiniz kimi, bu ilin əvvəlində çox ciddi və böyük sosial paket təsdiqləndi. Sosial təşəbbüslər nəticəsində, 3 milyondan çox insan bu proqramla əhatə olunur. Deyə bilərəm ki, dünyada belə bir təşəbbüsün bənzəri yoxdur".
İqtisadi sferada islahatlar prosesi dərinləşdikcə, dövlət vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı üzərinə yeni-yeni öhdəliklər götürür, sosialyönümlü siyasətin miqyasını daha da genişləndirir. Həyata keçirilən müxtəlif tədbirlər, islahatlar və maliyyə təminatının gücləndirilməsi sayəsində milli iqtisadiyyatımız 3,3 dəfədən çox artıb ki, bu da dünya üzrə rekord göstəricidir. Son 15 ildə Azərbaycan Respublikasında əhalinin sosial müdafiəsi sahəsində qəbul edilmiş qanunlar, fərman və sərəncamlar, əhalinin sosial müdafiəsi sahəsində əsaslı islahatlar bu sahədə prinsipcə yeni vəzifələr yaratmış, qarşıya milli normaların beynəlxalq təcrübəyə uyğunlaşdırılması, əhalinin sosial müdafiəsinə yeni yanaşma və ənənəvi metodların təkmilləşdirilməsi kimi tələblər qoymuşdur.
Ölkəmizdə sosial sığorta sistemi daha da təkmilləşdirilir. Əmək qabiliyyətli insanların fəaliyyətlərinin reallaşdırılması üçün hər cür şərait yaradılır, dövlət təqaüdçülər, əlillər, əmək qabiliyyətindən məhrum olan digər insanlar, eləcə də, büdcədən sosial müavinətlər alanlar qarşısındakı sosial öhdəliklərini də müvəffəqiyyətlə yerinə yetirir.
Bu gün Azərbaycan Prezidenti İlham Əliyev ölkədə sosial məsələlərin həllini, əhalinin rifahının yüksəlişini prioritet məsələ hesab edir və ölkəmizdə bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirilir. Bildiyimiz kimi, 2019-cu il həyatımıza sosial müdafiə və sosial rifah ili kimi daxil olub. Bu addımlar planlı, Azərbaycan dövlətinin sosial-iqtisadi inkişafına uyğun, dövlət büdcəsinin imkanlarına və hazırlanan proqramlara uyğun olaraq həyata keçirilir. Bu, bir daha göstərir ki, Azərbaycan dövlətinin siyasətinin əsasında xalqın rifahının yüksəlməsi dayanır.
Azərbaycan iqtisadiyyatının ümumi dinamik inkişafı sığorta bazarının da davamlı inkişafını şərtləndirir. Ölkəmizdə "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta" haqqında və "İcbari sığortalar haqqında" Azərbaycan Respublikası qanunları qüvvədədir. Təbii ki, Azərbaycanda bütün əmlakın və biznes fəaliyyətinin, hər bir insanın icbari tibbi, eləcə də, həyatı sığorta təminatı da vacib məsələlərdəndir. Hər hansı bir qəza, təbii fəlakətin - daşqın, sel, zəlzələ kimi təbii fəlakətlərin baş verməsindən heç bir dövlət sığortalanmayıb. Elə bu yaxınlarda Şamaxı, Ağsu və İsmayıllı rayonlarında zəlzələ baş verdi və bu təbii fəlakətlərin qarşısını almaq mümkün olmadı. Əlbəttə ki, dövlətin öz vətəndaşının yanında olması bütün çətinliklərin aradan qaldırılmasında önəmlidir. Zəlzələlər nəticəsində Şamaxı, İsmayıllı və Ağsu rayonlarında onlarla fərdi yaşayış evi qəzalı vəziyyətə düşdü, sosial və infrastruktur obyektlərinə ziyan dəydi. Təbii fəlakətdən dərhal sonra görülən təxirəsalınmaz tədbirlər nəticəsində, adıçəkilən rayonlarda mühəndis-kommunikasiya təminatı sistemləri tam bərpa edildi, zərər çəkmiş əhaliyə ilkin yardım göstərildi. İqtisadi cəhətdən güclü dövlət olan
Azərbaycan dəymiş ziyanı asanlıqla aradan qaldırdı. Prezident İlham Əliyevin çıxışlarının birində vurğuladığı kimi, "...heç bir təbii fəlakət bizi sarsıda bilməz. Azərbaycan dövləti güclü dövlətdir".
Zəlzələ nəticəsində zərərçəkən vətəndaşlar dövlətimizin başçısının diqqət və qayğısını bir daha görmüş oldular. Dövlət başçısının hər bir vətəndaşın çətin anında yanında olmasından insanlar şərəf duyur və xalqımızı xoşbəxt gələcəyə aparan Lider ətrafında daha da sıx birləşiblər. Şamaxı, İsmayıllı və Ağsu rayonlarında yaşayış evlərinə, sosial və infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması məqsədi ilə dövlət başçısı Sərəncam imzaladı. Bu, Azərbaycan Prezidenti İlham Əliyevin öz vətəndaşının yanında istənilən zaman olduğunu bir daha təsdiqlədi. Humanizm siyastəini bir daha nümayiş etdirdi. Bakının Nizami rayonundakı Ticarət Mərkəzində baş vermiş yanğınla bağlı, "biz burada əziyyət çəkən, maddi ziyan dəyən sahibkarların vəziyyətini başa düşməliyik, onlara kömək göstərməliyik və göstərəcəyik" deməsi də dövlət başçısının hər bir vətəndaşın yanında olduğunu bir daha təsdiqləmiş oldu. Bu, dövlətimizin həyata keçirdiyi siyasətdir.
Təbii ki, "Diqlas" Ticarət Mərkəzi özəl sektor olduğundan sahibkarlar əmlaklarını sığorta etdirməli idilər. "Adətən, inkişaf etmiş ölkələrdə belə hadisələr baş verdikdə, burada bütün maliyyə yükünü sığorta şirkətləri öz üzərinə götürür" deyən Cənab Prezident Azərbaycanda sığorta sahəsində boşluqların olduğunu diqqətə çatdırıb. Dövlət başçısı bu yaxınlarda Şamaxı, İsmayıllı, Ağsu rayonlarında baş vermiş zəlzələ nəticəsində minlərlə evə ziyan dəydiyini və heç bir evin sığortalanmadığını bildirib: "Təbii ki, dövlət öz dəstəyini göstərir və göstərməlidir. Artıq evlərin tikintisi başlamışdır və bu ayın əvvəlində birinci evlərin vətəndaşlara təqdimetmə mərasimi keçirilmişdir. Bütövlükdə, sahibkarlara məsləhət görülür ki, onlar öz əmlakını sığortalatsınlar. Belə olan halda, tam əmin ola bilərlər ki, bədbəxt hadisə baş verdikdə, onların əmlakı batmayacaq".
Bakı şəhərinin Nizami rayonundakı Ticarət Mərkəzində baş vermiş yanğın nəticəsində zərər çəkmiş sahibkarlara maddi yardım göstərilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı dövlətin hər zaman vətəndaşını dəstəklədiyini bir daha göstərmiş oldu. Sərəncama əsasən, dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə, ilkin olaraq, 3,0 (üç) milyon manat ayrılıb.
Cənab Prezidentin bu addımı dövlətin hər zaman vətəndaşının yanında olduğunu bir daha göstərdi.
Nəzakət ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB