Sosial siyasətin mərkəzində vətəndaş amili dayanır

Sosial siyasətin mərkəzində vətəndaş amili dayanır

İlham Əliyev: "Sosial təşəbbüslər nəticəsində 3 milyondan çox insan bu proqramla əhatə olunub və bu təşəbbüsün dünyada bənzəri yoxdur"

Məlum olduğu kimi, Bakının Nizami rayonundakı Ticarət Mərkəzində baş vermiş yanğınla əlaqədar Prezident İlham Əliyevin Sədrliyi ilə müşavirə keçirilib. Müşavirədə çıxış edən Prezident İlham Əliyev martın 26-da paytaxtın Nizami rayonundakı ticarət mərkəzlərindən birində baş vermiş yanğın zamanı xoşbəxtlikdən insan itkisinin olmadığını, lakin orada çalışan insanlara maddi ziyan dəydiyini bildirib. Hazırda hadisənin səbəblərinin araşdırıldığını və sahibkarların problemlərinin həlli ilə bağlı tədbirlərin görüldüyünü deyən dövlətimizin başçısı qeyd edib ki, onlar iş yerlərini, əmlaklarını itirib, onlara ciddi maddi ziyan dəyib.

Prezident İlham Əliyev çıxışı zamanı Azərbaycanda güclü sosial siyasətin aparıldığını və bu siyasətin davamlı olduğunu deyib: "Azərbaycan güclü sosial siyasət aparır. Bu ilin əvvəlində ciddi sosial paket təsdiqləndi. Sosial təşəbbüslər nəticəsində 3 milyondan çox insan bu proqramla əhatə olunub və bu təşəbbüsün dünyada bənzəri yoxdur".

Prezident İlham Əliyev yanğının səbəblərinin araşdırılması ilə bağlı bir daha tapşırıqlarını verib və bildirib ki, bütün ticarət mərkəzlərində ciddi təftiş aparılmalı və təhlükəsizlik tədbirləri gücləndirilməlidir. Azərbaycan Prezidenti bir daha vurğulayıb ki, dövlət sahibkarların yanındadır və yanğından zərər çəkmiş sahibkarlara operativ qaydada maliyyə dəstəyi göstəriləcək.

Prezidentin siyasətdə uğur modeli: xalq-dövlət birliyi

Ümumiyyətlə, ölkə Prezidenti İlham Əliyev hakimiyyətdə olduğu son 15 il müddətində daima xalqla birbaşa təmasda olub. İstər xarici siyasətlə bağlı fəaliyyətdə, istərsə də daxili idarəetmədə Prezident İlham Əliyev sadə vətəndaşlara söykənir: "Mən bütün azərbaycanlıların Prezidentiyəm" şüarını gerçəyə çevirir.

Göründüyü kimi, Azərbaycan Prezidenti İlham Əliyev on beş illik fəaliyyəti dövründə xalqa verdiyi vədləri, bütünlüklə yerinə yetirib. Bu gün də bunun şahidiyik. Bu müddət ərzində ölkəmizin bütün sahələrdə sürətli inkişafına nail olunub və insanların rifah halı daha da yaxşılaşıb. Azərbaycanın siyasi, iqtisadi imkanları genişləndirilib və ölkəmizin beynəlxalq arenadakı mövqeləri möhkəmləndirilib. Bu gün regionda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı, onun milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir.

Dünyada etibarlı tərəfdaş kimi tanınan Azərbaycan ilə əməkdaşlıq etmək istəyən dövlətlərin sayı kifayət qədər çoxdur. Bu gün Azərbaycan müxtəlif dövlətlərlə, o cümlədən, Avropa İttifaqına üzv 9 ölkə ilə strateji tərəfdaşlıq əlaqələrinə malikdir. Eyni zamanda, Azərbaycanın təşəbbüsü ilə müxtəlif formatlarda əlaqələr qurulur və inkişaf etdirilir.

On beş il ölkə iqtisadiyyatında qazanılan misilsiz uğurlarla da xarakterikdir. Bu illər ərzində, Azərbaycan iqtisadiyyatı 3,2 dəfə, qeyri-neft sektoru 2,8 dəfə, sənaye istehsalı 2,6 dəfə, kənd təsərrüfatı 1,7 dəfə artıb, qeyri-neft ixracı 4,1 dəfə çoxalıb. Azərbaycanın 2004-cü ildə 1,8 milyard dollar olan valyuta ehtiyatları bu gün 46 milyard dollara çatdırılıb.

Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan bu gün dünyada irimiqyaslı layihələrin təşəbbüskarı və uğurlu icraçısı kimi tanınır. Bu gün Azərbaycan artıq dünyada sayı məhdud olan kosmik ölkələr sırasındadır. Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordu sırasında yer alır. Dünyada böyük maraq doğuran Azərbaycan brendi - "ASAN xidmət" təcrübəsi bir sıra ölkələr tərəfindən öyrənilir və tətbiq edilir. Dünyada böyük multikultural dəyərlərə malik ölkə kimi tanınan Azərbaycanda ötən 15 il ərzində milli-mənəvi dəyərlərin, multikulturalizm və tolerantlıq ənənələrinin qorunub-saxlanılması istiqamətində mühüm işlər görülüb. Bütün bunlar dövlətimizin başçısı İlham Əliyevin 15 illik prezidentlik fəaliyyətinin əsas qayəsində xalqa ləyaqətlə xidmət etmək, hər bir azərbaycanlının Prezidenti olmaq, dövlətçiliyimizi hər vasitə ilə möhkəmləndirmək dayanır.

Göründüyü kimi, Azərbaycan dövlətinin sosial siyasətinin fəlsəfəsi iqtisadi inkişafın nəticələrini əhalinin rifah halını yüksəltməyə yönəltməkdir. Bu prinsip hər gün daha geniş şəkildə davam etdirilir və bu gün dövlətimizin başçısının rəhbərliyi ilə ölkəmizdə dünyaya nümunə göstərilən bir inkişaf modeli formalaşıb. Ən önəmli məqam isə, ondan ibarətdir ki, Azərbaycan dövlətinin həyata keçirdiyi sosial siyasətin mərkəzində Azərbaycan vətəndaşının firavan yaşam tərzi dayanır. Məhz Prezident İlham Əliyevin rəhbərliyi ilə, ötən dövr ərzində, əhalinin sosial rifahının yüksəldilməsi və sosial infrastrukturun ən müasir standartlara uyğun tərzdə yenidən qurulması istiqamətində məqsədyönlü siyasət həyata keçirilmiş və mühüm uğurlar əldə olunmuşdur.

Bir sözlə, Azərbaycan dövlətinin sosial inkişaf sahəsində əldə etdiyi uğurlu nəticələr, deməyə əsas verir ki, Azərbaycan uğurlu inkişafdadır. Ən başlıcası isə, qazanılan iqtisadi uğurlar sosial siyasətin genişlənməsinə yeni imkanlar yaradır. Çox qürurverici ənənədir ki, həyata keçirilən sosial siyasət tamamilə Azərbaycan vətəndaşının həyatını müsbət istiqamətdə dəyişdirməyə və insanların özlərini güvənli hiss etməyə sövq edir. Qətiyyətlə bildirmək olar ki, ölkə başçısı İlham Əliyevin yeritdiyi kurs, nəinki böyük hərflərlə qeyd ediləcək İSLAHAT-dır, hətta islahata inqilabi yanaşma nümunəsidir.

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə