İcra başçısı Lovayın yaşayış məntəqəsində qəbul keçirdi

İcra başçısı Lovayın yaşayış məntəqəsində qəbul keçirdi

Astara Rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayevin Kijəbə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Lovayın yaşayış məntəqəsində əhali ilə keçirdiyi səyyar görüşdə rayonun inzibati orqanlarının, idarə və müəssisələrin rəhbərləri iştirak ediblər. SİA-nın məlumatına görə, İcra başçısı görüş iştirakçılarını salamlayaraq, bildirib ki, dəfələrlə qəsəbədə və qonşu kəndlərdə görüşlərimiz olmuş, təkliflər əsasında qaldırılan problemlərin əksəriyyətinin həllinə birlikdə nail olmuşuq. Bunun nəticəsidir ki, son illər nümayəndəliyin ərazisində çoxsaylı quruculuq abadlıq işləri görülüb. Bu görüşdə də narahatlıq doğuran məsələləri öyrənmək və həllinə köməklik etmək məqsədi ilə gəlmişik.

Sakinlərdən Nurəli Şəkərov, Nəsrəddin Teymurov, Müsair Qəmbərov, Əlibala Qəmbərov, İbrahim Rəhmətov, Ağahüseyn Nəhmətov, Rauf Mirzəyev, Elxan Qəmbərov, Tofiq Ramazanov və başqaları çıxış edərək müntəzəm olaraq onlarla görüşə gəldiyinə görə icra başçısına minnətdarlıq ediblər. Ölkə Prezidenti cənab İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində qazanılan uğurlardan sevindiklərini, cənab Prezidentin son aylarda əhalinin sosial rifahının yaxşılaşdırılması ilə əlaqədar imzaladığı sərəncamlar, qəbul edilən qərarlardan ürəkdolusu danışaraq bu qayğı və diqqətə görə möhtərəm Prezidentə minnətdarlıq ifadə ediblər.

Çıxış edənlər kəndin əsas avtomobil yolunun asfaltlaşdırılması, kənddən keçən çayın üzərində yeni körpünün tikintisi, elektrik xətt təsərrüfatının yeniləşdirilməsi və əlavə transformatorun qoyulması, kəndə əlavə telefon nömrələrinin verilməsi, yeni salınmış məhəllələrdəki evlərə təbii qazın verilməsi, Lovayın kənd tam orta məktəbi üçün yeni binanın tikintisi, Kijəbə qəsəbə körpələr evi - uşaq bağçasında əlavə qrupların açılması barədə arzu və təkliflərini dilə gətiriblər.

İcra başçısı hazırda Respublikada və rayonda böyük sosial layihələrin həyata keçirildiyini bildirərək bunların ulu öndər Heydər Əliyevin məqsədyönlü siyasətinin təntənəsi və bu siyasəti uğurla davam etdirən ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin yorulmaz fəaliyyətinin nətcəsi olduğunu diqqətə çatdırıb. Əlavə edib ki, bütün sahələrdə sürətlə inkişaf edən müstəqil respublikamızın timsalında rayonumuzun siması da gündən-günə dəyişir. Quruculuq-abadlıq işləri geniş vüsət alıb. Görülən işlər göz qabağındaır.

Qəzənfər Ağayev vətəndaşlar tərəfindən verilən təkliflərə münasibət bildirərək qaldırılan əksər məsələlərin qısa vaxt ərzində həlli ilə əlaqədar aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlar verib.

Sərraf Mirsəfəoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə