Diaspor Komitəsinin nümayəndələri Finlandiyada Novruz şənliyində iştirak ediblər

Diaspor Komitəsinin nümayəndələri Finlandiyada Novruz şənliyində iştirak ediblər

Diasporla İş üzrə Dövlət Komitəsinin aparat rəhbəri və Komitə sədrinin köməkçisi Finlandiyada keçirilən Novruz şənliyində iştirak edib. SİA-nın verdiyi məlumata görə, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

İlk olaraq Skandinaviya ölkələri üzrə Koordinasiya Şurasının Finlandiyadakı əlaqələndiricisi Ülviyyə Cabbarova çıxış edib. O, Novruz bayramı haqqında məlumat verib, bayramın əhəmiyyətindən danışıb. Daha sonra Diasporla İş üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Daşqın Rəcəbli qonaqlara Komitə sədrinin salamlarını və bayram təbrikini çatdırıb, onlara həm milli bayramımız haqqında ətraflı məlumat verib, həm də birlik və bərabərlik arzulayıb.

Bayram tədbirində bu ölkədəki türk diaspor təşkilatlarının təmsilçiləri, Finlandiyadakı diplomatik korpusun nümayəndələri, Norveçdəki “Can” təşkilatının rəhbəri Şervin Nəsəfpur, Kölndən gələn və Azərbaycanı çox sevən istedadlı müğənni Seyran İsmayılxanov iştirak edib.

14 yaşlı Aysu Saeidinin hazırladığı Novruzu xarakterizə edən video böyük marağa səbəb olub.

Qonaqlara Diasporla İş üzrə DK-nın tanıtım videosu da təqdim edilib.

Novruz şənliyi bədii hissə ilə davam edib. Qeyd edək ki, bir neçə gün əvvəl ilaxır çərşənbə Finlandiyada ilk dəfə qalanan tonqal ətrafında qeyd olunmuşdu. Bu da Azər-Türk Gənclər Təşkilatının təşkilatçılığı ilə baş tutub.

Şənlikdə azərbaycanlı incəsənət xadimlərinin çıxışları və səslənən milli musiqilər maraqla qarşılanıb. İştirakçılar Novruz şənliyinin yüksək səviyyədə qeyd olunmasını təqdir ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə