Astarada Novruz şənlikləri

Martın 17-də Astarada keçirilən Novruz şənliyinə yığışan yüzlərlə insan keçirilməsi yasaq olunmuş bu milli bayramı xalqa qaytaran Ulu Öndər Heydər Əliyevin əziz xatriəsini xoş sözlərlə yad ediblər. Ölkədə yaradılan əmin-amanlığa, firavan, xoş günlərə görə möhtərəm Prezident cənab İlham Əliyevə minnətdarlıq edərək dövlətimizin inkişafı, xalqımızın xoşbəxt gələcəyi naminə gördüyü böyük işlərdə uğurlar arzuladılar.

SİA-nın məlumatına görə, Ulu Öndərin parlaq ideyalarının cənab Prezident tərəfindən uğurla davam etdirilməsi ilə doğma Vətənimiz Azərbaycan gündən-günə inkişaf edir, gözəlləşir. Bahar fəslində bu gözəlliyə təbiət də bəzəkli naxışlarını vurur.

Gül-çiçək, gözəllik sərgisinə bənzəyən yurdumuzun hər qarışı xalqımızın milli bayramı olan Novruz bayramının qeyd edilməsi ilə sanki yaraşığını bir az da artırıb. Vətənimizin dilbər guşələrindən olan Astara ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin diqqət və qayğısı ilə gündən-günə inkişaf edir, gözəlləşir.

Novruz bayramı şənliyi zövqlə bəzədilmiş yaraşıqlı dənizkənarı park-bulvarda rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayevin və rayon ictimaiyyətinin iştirakı ilə geniş şəkildə qeyd olundu. “Ölkəmizi tanıyaq” tur-aksiyasının Ucar, Ağsu, Ağdaş və Qobustan rayonundan olan iştirakçılarının bayram tədbirinə qatılması şənliyin möhtəşəmliyini daha da artırıb. Yerli sakinlər və rayona gələn qonaqların əsl istirahət məskəninə çevrilmiş dənizkənarı park-bulvarda şənliyə toplaşanların çöhrəsindəki sevinc aydın duyulurdu.

Milli bayramımızın əsas siması olan Bahar qızı izdihama yaxınlaşaraq bahar xonçası ilə meydana daxil oldu. Sonra rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev bayram tonqalını yandırdı. Aşıqların ifası, meyxanaçıların deyişməsi tamaşıçılar tərəfindən maraqla qarşılandı. Rayonun bədii özfəaliyyət kollektivləri, müğənnilər şən mahnılar, rəqs qrupları milli rəqslər ifa etdilər. İdmançıların çıxışları daha böyük coşqu yaradaraq alqışlarla qarşılandı.

Xalqımızın qədim adət-ənənələrini, sənətkarlıq nümunələrini nümayiş etdirən sərgilər və Novruz personajları olan xalq oyunları da bayram iştirakçılarında böyük maraq doğurdu.

Keçirilən Novruz şənliyi hamıda xoş və unudulmaz təəssürat oyatdı.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə