Almaniyada “Azadlığa gedən yollar” adlı anma mərasimi keçirilib

Almaniyada “Azadlığa gedən yollar” adlı anma mərasimi keçirilib
Berlində 20 Yanvar hadisələrinin 21-ci ildönümünə həsr olunmuş "Azadlığa gedən yollar" adlı anma mərasimi təşkil olunub. Diasporla İş üzrə Dövlət Komitəsindən SİA-ya verilən xəbərə görə, tədbir Azərbaycanın Almaniyadakı Səfirliyinin dəstəyi ilə Berlində fəaliyyət göstərən "Azərbaycan evi", Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi (AAKM) və Berlin-Bakı Qalereyasının birgə təşkilatçılığı ilə keçirilib. AAKM-nin icraçı direktoru Samirə Patzer-İsmayılova Azərbaycan xalqının qan yaddaşına yazılan 20 Yanvar faciəsindən və həmin günün tarixi əhəmiyyətindən danışıb.

Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov xalqımızın taleyinə qara hərflərlə yazılmış Qanlı Yanvar faciəsi barədə ətraflı məlumat verib, bu hadisələri unudulmaz tarix, Azərbaycan xalqının azadlığı uğrunda qəhrəmancasına apardığı mübarizə kimi səciyyələndirib. O, eyni zamanda, milli lider Heydər Əliyevin bu hadisələr zamanı tutduğu əsl vətənpərvərlik mövqeyindən ətraflı bəhs edib. Mərasimdə "Azadlığa gedən yollar" sənədli filmindən fraqmentlər nümayiş etdirilib, 1990-cı ilin yanvarında törədilmiş tarixi cinayətin miqyası bir daha iştirakçıların gözləri qarşısında canlandırılıb.

Tədbir "Yaddaşın sədası" adı altında musiqi nömrələri və rəsm sərgisi ilə davam edib. Berlində yaşayan tarzən Cavad Mirzəyev muğamlarımızdan parçalar və Azərbaycan xalq musiqisi nümunələrini ifa etməklə şəhidlərimizin əziz xatirəsinə ehtiramını ifadə edib. Sərgidə isə həmyerlimiz Gündüz Əlizadənin 20 Yanvar faciəsinə həsr olunmuş rəsm əsərləri nümayiş olunub. Həmin qanlı-qadalı günlərin şahidi olmuş Gündüz Əlizadə mərasimdəki çıxışında 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda keçirdiyi sarsıntılardan və əsərlərin yaranma tarixçəsindən danışıb. Tədbirdə, eyni zamanda, rəssam Əşrəf Heybətovun qanlı yanvar günlərinin dramatik hadisələrinə həsr edilib və hazırda Bakı muzeylərində saxlanılan əsəri haqqında da məlumat verilib. Mərasimdə Azərbaycan, türk diasporu və alman ictimaiyyətinin nümayəndələri, Azərbaycanın Almaniyadakı Səfirliyinin əməkdaşları iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə