Komitə sədri: “Mən inanmıram ki, televiziya və radiolarda yayımlanan mədəniyyət verilişləri ilə bağlı qanun qəbul olunsun”- AÇIQLAMA

Komitə sədri: “Mən inanmıram ki, televiziya və radiolarda yayımlanan mədəniyyət verilişləri ilə bağlı qanun qəbul olunsun”- AÇIQLAMA
"Mən inanmıram ki, televiziya və radiolarda yayımlanan mədəniyyət verilişləri ilə bağlı qanun qəbul olunsun". Bu barədə Milli Məclisin Mədəniyyət komitəsinin sədri, millət vəkili Nizami Cəfərov SİA-ya verdiyi açıqlamasında deyib. O bildirib ki, sözügedən məsələlərlə bağlı qanun qəbul olunmasa da hər halda müzakirələrin aparılması vacibdir ki, prinsipal məqamlar müəyyənləşsin.

Komitənin efirdə gedən verilişlərlə bağlı televiziya və radio rəhbərlərinə vaxtaşırı müraciətlər ünvanladığını deyən N. Cəfərovun sözlərinə görə, bu məsələni tənzimləmək üçün qanun qəbul etmək istəsək də sonradan onun qanunla tənzimlənməsinin çox çətin olacağı məlum olub.

"Bununla bağlı həm Mədəniyyət və Turizm Nazirliyində, həm də ictimai müzakirələr gedir. Bizim komitəyə bir çox məktublar gəlir, insanlar öz rəylərini bildirirlər. Biz də öz növbəmizdə bütün bu müraciətləri, müzakirə olunan məsələləri birləşdirərək müsahibələrimiz vasitəsilə fikrimizi bildiririk. Amma aparılan müqayisələr onu göstərir ki, 10-15 il bundan qabağa nisbətən bu gün bu sahədə xeyli irəliləyiş var. Artıq bir çox şou verilişləri var ki, onlarda maarifçilik özünü göstərir, inkişaf var. Buna baxmayaraq hər dəfə məsələlərə qayıtmaq lazımdır. Xüsusilə də gəncliyimizin zövqünün normal formalaşması üçün müəyyən işlər görmək vacibdir. Muzeylərimizin, teatrlarımızın işi gücləndirilməlidir. Ona görə ki, yaradıcı zövqün formalaşmasında gənclərin səviyyəsi daha çox rol oynayır. Çünki şou göstərən də daha çox gənclikdir, ona qulaq asan da gənclikdir. Bu səbəbdən də biz bu məsələrlə bağlı televiziya və radiolara tövsiyə etmişik ki, onlar özləri də öz verilişlərini vaxtaşırı müzakirə etsinlər", - deyə komitə sədri qeyd edib.

Buna baxmayaraq efirlərdə bayağı verilişlərin də olduğunu dilə gətirən N. Cəfərov söyləyib ki, çox təəssüf ki, həmin verilişlərə baxan, oraya reklam yerləşdirənlər də var.
Millət vəkili qeyd edib ki, bu məsələlər ağıllı şəkildə həll olunmalıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə