Bu gün “Yel çərşənbəsi”dir, bəs ümumiyyətlə külək necə yaranır. Bunu jurnalistlərə açıqlamasında ETSN-nin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva bildirib
Əlbəttə ki, burada fizika qanunları – termodinamika, termotənzimlənmə özünü göstərir. Atmosferdə, evimizdə olduğu kimi hava isti yerdən daha soyuq yerə hərəkət edir. Beləliklə, qütblərlə ekvator arasında yaranmış temperatur fərqi nəticəsində istidən soyuğa doğru hava axını yaranır.
Havanın hərəkət formulu ilk dəfə XVIII əsrdə yaşamış məşhur fransız riyaziyyatçısı H. Koriolis tərəfindən irəli sürülüb. Billiard havəskarı olan Koriolis tavandan billiard şarı asır. O fikir verir ki, otaqda fırlanan şar ətrafında tütün tüstüsü istiqamətlənmiş hərəkət alır. Beləliklə də o, hərəkətdə olan sistemdə əlavə qüvvənin fəaliyyətdə olması nəticəsinə gəlir.
Yerin fırlanması, o cümlədən onun relyefi, xüsusilə okeanlar, dağlar, meşələr hava kütlələrinin transformasiyası üçün əlavə faktora çevrilir. Buna görə də küləklər müxtəlif istiqamətlərdə əsir.
Bu ümumilikdə Yer üzrədir. Bəs konkret götürülmüş region üzrə nə baş verir? Burada hər şeyə nəhəng atmosfer kütlələri – tsiklon və antitsiklonlar cavab verir. Bizim ölkəmizin yerləşdiyi şimal yarımkürəsində tsiklonda hava kütlələri saat əqrəbinin əksi istiqamətində hərəkət edir, antitsiklonda isə əksinə.
Həmçinin, kiçik əraziləri əhatə edən yerli küləklər mövcuddur ki, bunların da yaranmasına yerli şərait, misal üçün dəniz, dağlar və ya yarımsəhra təsir göstərir.
Sinoptikə küləyin istiqamətinin düzgün müəyyənləşdirilməsində yerli xüsusiyyətləri, oroqrafiyanı bilmək, sinoptik səraitin dərin analizi, o cümlədən müasir hidrodinamik model köməklik edir.
Bu gün ərzində Bakıda 5-10 m/s mülayim cənub-qərb küləyi müşahidə edilib. Axşama doğru küləyin sürətinin 15 m/s-dək artacağı, sabah cənub-qərb küləyinin 18 m/s-dək yüksələcəyi gözlənilir. Martın 14-də isə şimal küləyinin 15-20 m/s-dək, bəzi hallarda isə 25 m/s-dək artması nəticəsində havanın temperaturunun 5-7 dərəcə aşağı düşməsi gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə