Prezident verilən sözə əməl etməyin nümunəsini göstərdi

Prezident verilən sözə əməl etməyin nümunəsini göstərdi

"Zəlzələ təbii fəlakətdir. Bu, əvvəllər də olub. Bir neçə il bundan əvvəl Zaqatalada, Balakən bölgəsində də olubdur. Orada da 3 mindən çox ev yenidən tikildi. Burada da indi 1000-dən çox ev yenidən tikiləcək, bərpa olunacaq. Xoşbəxtlikdən heç kim həlak olmayıb, hamı sağ-salamatdır. Biz də sizinlə tanış olduq və yeni bir ev də tikildi. Şamaxı, Ağsu, İsmayıllı rayonlarında zəlzələdən ziyan çəkmiş qalan evlər də tikiləcək, bərpa olunacaq. Vətəndaşlar da bunu bilir". Bunu martın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev zəlzələnin fəsadlarının aradan qaldırılması ilə bağlı görülən işlərlə tanışlıq məqsədilə Şamaxıda səfərdə olarkən deyib.

Prezident bildirib ki, ancaq Azərbaycanda bu işlər bu qədər qısa müddət ərzində görülür: "Hər yerdə zəlzələ, daşqın olur. İnkişaf etmiş ölkələrdə dövlət, ümumiyyətlə kömək etmir, bütün evlər sığortalıdır, vətəndaş sığortanı ödəyir, zəlzələ olandan sonra sığorta şirkətinə müraciət edir. Onlar baxırlar, təhlil aparırlar. Aylarla vaxt keçir, sonra da ona sığorta pulu verilir, gedir özü tikir. Amma Azərbaycanda necədir? Zəlzələdən bir gün sonra komissiya gəldi, Fövqəladə Hallar Nazirliyi, icra hakimiyyəti. Ona görə bu bir daha göstərir ki, Azərbaycan dövləti Azərbaycan vətəndaşının yanındadır, onun arxasındadır və ağır vəziyyətə düşən vətəndaş hər zaman bilməlidir ki, dövlət ona kömək edəcək. Görülən işlər, bax, budur. Bu, birincidir. Hələ minlərlə ev tikiləcək".

Qeyd edək ki, bu il fevralın 5-i və 6-da baş verən zəlzələlər nəticəsində İsmayıllı və Ağsu rayonları ilə yanaşı, Şamaxı rayonunda da fərdi evlərə, sosial və infrastruktur obyektlərinə ziyan dəyib. İndiyədək Şamaxıda 4893 evə baxış keçirilib. Müəyyən olunub ki, Şamaxıda 244 ev kəskin qəzalıdır. Onlardan da 96-sı şəhər, 35-i qəsəbələr, 113-ü isə kəndlər üzrədir. Hazırda şəhər üzrə kəskin qəzalı hesab edilmiş evlərdən 6-sı inşa olunur. Rayonda, ümumilikdə, 1111 evin bərpasına və gücləndirməsinə ehtiyac var ki, onlardan da 561-i şəhərdə, 87-si qəsəbələrdə, 463-ü isə kəndlərdədir. Şamaxıda təbii fəlakətlə bağlı şəhər üzrə 866, qəsəbələr üzrə 123, kəndlər üzrə isə 811 olmaqla, ümumilikdə, 1800 evin təmirə ehtiyacı var.

Təbii fəlakətdən dərhal sonra Prezident İlham Əliyevin tapşırıq və göstərişlərinə əsasən görülən tədbirlər nəticəsində artıq zəlzələnin fəsadları aradan qaldırılır. Bu məsələdə dövlət başçısının imzaladığı müvafiq Sərəncam və Prezidentin Ehtiyat Fondundan ayrılan vəsait xüsusi əhəmiyyətə malikdir.

Bütün xəbərlər Facebook səhifəmizdə