Akif Nağı: “20 Yanvar faciəsinə hüquqi qiymət vermək üçün Azərbaycanda da kifayət qədər istintaq materialları var” - MÖVQE

Akif Nağı: “20 Yanvar faciəsinə hüquqi qiymət vermək üçün Azərbaycanda da kifayət qədər istintaq materialları var” - MÖVQE

"20 Yanvar faciəsinə aparacaq hadisələri dayandırmaq o dövr üçün mümkün deyildi". SİA-ya açıqlamasında bu sözləri Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri, tarixçi Akif Nağı 20 Yanvar faciəsinin baş vermə səbəblərinə münasibət bildirərkən deyib.

 

Hadisələrin birbaşa iştirakçısı olduğunu söyləyən A.Nağı qeyd edib ki, həmin vaxt insanlarda əhval-ruhiyyə olduqca yüksək idi: "Xalq nəsə etməyə çalışırdı. Hesab edirəm ki, bu Azərbaycan xalqının Sovet rejiminə qarşı Azərbaycan xalqının etirazı idi. İnsanlar hər şeyi göz önünə alaraq barrikadalar yaratmışdılar. Bilirdilər ki, onlara atəş də açıla bilər, həyatlarını da itirə bilərlər. Hakimiyyətlə əlaqəsi olan adamlar, yüksək rütbəli səlahiyyətlilər gəlib bizə deyirdilər ki, "gələcəklər, öldürəcəklər, dağılmaq lazımdır". Hesab edirəm ki, bu Azərbaycanın müstəqilliyi uğrunda zəruri bir addım idi və insanlar imperiya öz etirazlarını bu şəkildə bildiriblər. Bu hadisə baş verməli idi".

 

Faciə nəticəsində verilən itkilərin azaldılmasına gəlincə, QAT sədri bildirib ki, hakimiyyət o dövrdə yox dərəcəsində idi. İnsanlar ancaq Xalq Cəbhəsinin nümayəndələrini eşidirdilər. Buna görə də hakimiyyətdən kimsə etiraz aksiyalarına qatılan insanlara tapşırıq verə bilmirdi, onları inandırmaq gücünüə malik deyildi. İnsanlar hakimiyyətin əmrlərini yerinə yetirmirdi. Buna görə də hakimiyyətin nəsə edəcəyi real deyildi. Mümkün idi ki, hakimiyyət Xalq Cəbhəsi ilə daha yaxın təmasda olsun və bununla xalqı kütləvi şəkildə yox, daha kiçik aksiyalar keçirməyə sövq edə bilsin. Bəzən elə bir situasiya yaranırdı ki, insanlar Xalq Cəbhəsinin rəhbərlərinə belə qulaq asmaq istəmirdilər".

 

Faciəyə indiyədək hüquqi qiymətin verilməməsinə də toxunan A.Nağı bildirib ki, bu məsələnin həlli istiqamətində Azərbaycan hakimiyyəti səylərini artırmalıdır. Oxşar hadisələrin həm Gürcüstanda, həm də Estoniyada baş verdiyini vurğulayan tarixçi alim bildirib ki, hadisələrin başında dayanan Mixail Qorbaçov hər iki dövlətdən üzr istəyib: "Sübut olunub ki, bu hadisələrə görə, SSRİ-nin o vaxtkı başçısı Qorbaçov birmənalı şəkildə günahkardır. O, həm gürcü, həm də eston xalqından üzr istəyib. Azərbaycanla bağlı belə bir yanaşmanı isə indiyə kimi sərgiləməyib. Bu birbaşa hakimiyyətin məsələsidir. Baxmayaraq ki, Qorbaçov hakimiyyətdə deyil, özünü SSRİ-nin varisi hesab edən Rusiya var. Vladimir Putin Azərbaycana gələndə Şəhidlər Xiyabanını ziyarət edib, amma heç bir açıqlama verməyib. Azərbaycan hakimiyyəti təkid etməlidir ki, istintaq materialları qaytarılsın. Bundan əlavə Azərbaycanın özündə də kifayət qədər istintaq materialları var. Azərbaycanın özündə də o zaman tədqiqat aparılıb və şahid ifadələri var. Həmin vaxt Ali Sovetin sədr müavini Tamerlan Qarayevin rəhbərliyi altında istintaq aparılıb. Düzdür, həmin istintaq materillarının bir hissəsi Moskvaya aparılıb, amma bildiyimə görə, materialların xeyli hissəsi də Azərbaycandadır. Bu materiallar əsasında Azərbaycanın hüquq-mühafizə orqanları və Ali Məhkəmə bu barədə öz qərarını çıxarmalıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə