O, instituta işləməyə gələndə, bu tədris ocağının yaradıcıları hələ də iş başında idilər. O vaxt müəllimlərin əksəriyyəti yaşlı nəslin nümayəndələri idi. Cavan kadrlara, demək olar ki, çox nadir halda rast gəlmək olardı. Onlar da 50-ci iilərdə ümumtəhsil fənləri üzrə ali təhsil almış adamlar idi. İxtisas fənlərindən dərs deyən gənc müəllimlərə rast gəlmək isə tamamilə mümkün olan iş deyildi. Bir sözlə, institutda onu yaradanlar və beşiyi başında durub, onu əsl təhsil müəssisəsi kimi, araya-ərsəyə, məhz belə bir vaxtda - 1969-cu ildə institutda işləməyə gəldi. 22 yaşında cavan bir qız idi.
Taisa Sarı qızı Cəfərova Ağstafa rayonunda 1 saylı orta məktəbi bitirib. M.F.Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutunu bitirdikdən sonra APİ-yə işləməyə gəlib. Bu institutun adı onun əmək kitabçasında yeganə iş yeri olaraq qalmaqdadır. O vaxt institutun rektoru özünün həssas və qayğıkeşliyi ilə xatirələrdə yaşayan Həşim Ağayev idi. Elə işə girmək üçün yazdığı ərizənin üstünə dərkənarı da o qoymuşdu. Həşim müəllimin gözəl insani keyfiyyətlərini onun dövründə işləyənlərin hamısı minnətdarlıqla yada salırlar.
Taisa müəllimə səmimi və qayğıkeş bir insan kimi tanınır. O, eyni zamanda, öz işinə məsuliyyətlə yanaşan, ciddi və tələbkar müəllimədir. Humanistliyindən sui-istifadə etmək istəyən tələbələrdən xoşu gəlmir. Belələri onun diqqətindən və qayğısından kənarda qala bilir. İlk baxışda, yorğun görünən Taisa müəllimə, əslində, yorğunluq nə olduğunu bilmir. Yaşına uyğun çevikliyi, ümumiləşdirmə bacarığı analiz və sintezin vəhdətindən düzgün nəticə çıxarmaq qabiliyyətinə görə çoxlarına nümunə ola bilər. Pedaqogika və psixologiya fənlərini tələbələrə dərindən və hərtərəfli öyrətmək üçün özünü oda-közə vuran müəllimə təbiət etibarilə sakit, təmkinli və təvazökardır. Özünü gözə soxmağı nə əvvəllər, nə də indi xoşlamayıb. Onun yazdığı elmi məqalələr həmişə maraqla qarşılanmışdır. Taisa müəllimə, həqiqətən, zəhmətkeş müəllimədir. Onun tələbələrinin əksəriyyəti hal-hazırda özü ilə yanaşı çalışırlar. Onların elmi dərəcələri, yüksək vəzifə postuna ucalmışları ilə, onlar öz müəllimlərinin əməyini həmişə yüksək qiymətləndirirlər. O, universitetin sayılıb-seçilən müəllimlərindəndir. Belə adamların əməyini, gec də olsa, qiymətləndirmək çox yerinə düşərdi. Bu, mənim yeganə arzumdur.
Günay Alıyeva,
ADPU-nun ingilis dili
kafedrasının müəllimi
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB