İlham Əliyev: "...Müsəlman Şərqində qadınlar arasında incəsənətin, elmin və texnikanın bir çox sahələri üzrə ilk addımı, məhz mənəviyyatında milliliklə müasirliyin əsl vəhdətini yaratmış Azərbaycan qadını atmışdır"
Bu gün 8 Mart Beynəlxalq Qadınlar Günüdür. Tarixə nəzər salsaq, görərik ki, qadın hərəkatının tarixi 1857-ci ildə Nyu-York qadınlarının 12 saatlıq iş gününə etirazı ilə başlayıb. 1910-cu ildə alman sosialist qadın Klara Setkin 8 martın Dünya Qadınlar Günü kimi qeyd edilməsinə nail olub. Dünya ölkələrində olduğu kimi, 8 Mart Beynəlxalq Qadınlar Günü Azərbaycanda da geniş qeyd olunur. Azərbaycan qadını bütün dövrlərdə gözəllik örnəyi olub. Bunu hər şeyi öz yaddaşında qoruyub-saxlayan tarixi salnamələr deyir. Ağıllı, cəsur sələflərimiz ən çətin məqamlarda belə ayıq-sayıqlığı, çevikliyi və düzgün qərar qəbul etmək bacarığı ilə hamını heyrətləndiriblər. Tariximizin ayrı-ayrı dövrlərində yaşayıb fəaliyyət göstərmiş qadınlar müdrikliyi və işgüzarlığı ilə keçmişimizə parlaq səhifələr yazıblar. Sözünün bütövlüyü, ictimai fəallığı, zəhməti, isməti və zəkası ilə.
"TARİXİMİZİN MÜRƏKKƏB SOSİAL-SİYASİ DƏYİŞİKLİKLƏRLƏ MÜŞAYİƏT OLUNDUĞU DÖVRLƏRDƏ ONLAR CƏMİYYƏTİN SARSILMAZ MƏNƏVİ DAYAĞINA ÇEVRİLMİŞLƏR"
Ölkənin ictimai-siyasi və mədəni həyatında aparıcı qüvvəyə malik olan Azərbaycan qadını cəmiyyətdə böyük nüfuza malik olduğunu əməllərilə təsdiqləyib. Azərbaycan Prezidenti İlham Əliyevin 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına təbrikində bildirilir ki, milli varlığımızın ifadəsi olan zəngin mədəni-mənəvi irsimizin, ana dilimizin və adət-ənənələrimizin əsrlərdən bəri qorunub-saxlanmasında Azərbaycan qadınlarının müstəsna xidmətləri vardır: "Tariximizin mürəkkəb sosial-siyasi dəyişikliklərlə müşayiət olunduğu dövrlərdə onlar cəmiyyətin sarsılmaz mənəvi dayağına çevrilmişlər. XX yüzilliyin ilk onilliklərində, bəzi qabaqcıl ölkələrin qadınlarından daha əvvəl seçki hüququ qazanaraq, ictimai və mədəni həyatın müxtəlif sahələrində fəal iştirak etmələri onların gələcək uğurlarının da rəhni olmuşdur. Qürurverici haldır ki, müsəlman Şərqində qadınlar arasında incəsənətin, elmin və texnikanın bir çox sahələri üzrə ilk addımı, məhz mənəviyyatında milliliklə müasirliyin əsl vəhdətini yaratmış Azərbaycan qadını atmışdır".
Prezident İlham Əliyev təbrikində Azərbaycan qadınlarının maarifpərvər sələflərinin davamçıları olaraq son yüz ildə ölkəmizin, xüsusən, təhsil, səhiyyə və mədəniyyət sistemlərinin yeni əsaslar üzərində qurulması işində əzmkarlıq göstərdiyini və nailiyyətlərlə dolu parlaq bir yol keçdiklərini bildirib: "Onlar müstəqilliyin bərpasından sonra istiqlal ideallarına sədaqətlə milli dövlətçiliyin təməlinin möhkəmləndirilməsi və ölkəmizin hazırkı simasının müəyyənləşməsində mühüm rol oynamış, bu gün də bilik və bacarıqlarını dinamik inkişaf yolunda inamla irəliləyən respublikamızın iqtisadi, mədəni və elmi potensialının artırılmasına sərf edirlər. Yüksək ictimai mövqe və nüfuzları Azərbaycan qadınlarının hüquq və azadlıqlarının tam təmin edilməsinin nəticəsi olub, müasir həyatımızın ən əlamətdar hadisələrindəndir".
Dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycan qadını milli dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrildi. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan qadın siyasəti nəticəsində Azərbaycan qadını elm və təhsil, səhiyyə və mədəniyyət, eləcə də, digər sahələrdə qazandığı uğurları ilə öz nüfuzunu ilbəil artırmağa nail oldu. Vətəndaş cəmiyyəti quruculuğu istiqamətində qadınlarımızın nailiyyətləri göz önündədir. Ölkəmizdəki sabitlik və demokratik mühit fitri istedadlarını və yaradıcılıq imkanlarını tam gerçəkləşdirməyə imkan verir. Təbii ki, mövcud mühitin formalaşmasında Azərbaycan qadınlarının böyük rolu danılmazdır. Azərbaycan qadını milli məfkurəyə sadiq qalaraq, bu gün də müstəqil Azərbaycanın güclənməsi naminə töhfələr verir.
Bu, bir həqiqətdir ki, 2000-ci ilin mart ayının 6-da Ulu Öndər Heydər Əliyevin "Azərbaycan Respublikasında dövlət-qadın siyasətinin həyata keçirilməsi haqqında" Fərmanı ölkədə qadın siyasətinin gerçəkləşməsinə xidmət edən məsələlərdəndir. Təqdirəlayiq haldır ki, həmin sənəd 2001-ci ildə bütün dünya dövlətlərinə paylanılıb və bu sahədə ən yaxşı sənəd kimi qəbul olunub.
ZİYALILIĞIN ALİ ZİRVƏSİ
Bütün bunlarla yanaşı, Azərbaycanda qadın, ilk növbədə, ailə ocağının qoruyucusudur. Azərbaycan qadınına milli mənliyimizdə dərin kök salmış ənənələr məxsusdur ki, bu amil özünü tarix boyu göstərib. Nəciblik, xeyirxahlıq, fədakarlıq, mətinlik, qayğıkeşlik və insanpərvərlik. Bu keyfiyyətlər Azərbaycan qadınına xas xüsusiyyətlərdir. Zərifliyi və gözəlliyi ilə seçilən Azərbaycan qadını milli dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrilib, ölkəmizin sosial-iqtisadi, intellektual-mədəni potensialının artırılması üçün dəyərli töhfələr verir. Azərbaycan qadınının əzəməti bu gün dünya ictimaiyyətinə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın simasında daha qabarıq təqdim olunur. Müasir dövrümüzdə ziyalılığın ali zirvəsində olan ölkənin Birinci Xanımı, YUNESKO və İSESKO-nun Xoşməramlı Səfiri Mehriban xanım Əliyevanın Azərbaycan üçün gördüyü işlər ölkəmizin ictimai-siyasi və mədəni həyatında danılmaz amillərdir. Yaşadığımız qloballaşma dövründə, Azərbaycanın dünyaya inteqrasiya etdiyi bir zamanda, milli-mənəvi dəyərlərin üzə çıxarılması, Azərbaycanın bir dövlət olaraq, məxsusiliyinin dünyəviləşməsi istiqamətində Mehriban xanım Əliyevanın gördüyü işlər tarixin bu günü üçün deyil, əsrlərin yaddaşında iz buraxacaq hadisələrlə bağlıdır. Belə ki, Mehriban xanım Əliyeva milli-mənəvi dəyərlərin qorunması, mədəniyyətimizin geniş təbliği, elm, təhsil, səhiyyə və idmanın inkişafını təmin edən layihələrin dəstəklənməsi, uşaq və gənclərin sağlam, milli-mənəvi dəyərlərə sadiq, hərtərəfli biliklərə malik vətəndaş kimi yetişməsi və Azərbaycanın beynəlxalq nüfuzunun artmasına yönələn tədbirləri həyata keçirməklə böyük layihələrin müəllifinə çevrilib.
Yaradıcı düşüncə geniş layihələrin gerçəkləşməsi Qərb və Şərq sivilizasiyalarının kəsişməsində yerləşən Qədim Azərbaycanın mədəniyyətinə və milli dəyərlərinə yanaşmada yetişən nəsildə mövcud dəyərlərə məhəbbət yaradır. Mehriban xanım Əliyeva Azərbaycan qadını obrazını, artıq dünyada yarada bilib. Dünyanın ən nüfuzlu mükafatlarının daşıyıcısı olan Mehriban xanım Əliyeva gördüyü şərəfli işlərin müqabilində bu nüfuza malikdir.
PREZİDENTİN SƏRƏNCAMI İLƏ TƏLTİF OLUNAN BİR QRUP QADIN İKİQAT BAYRAM SEVİNCİNİ YAŞADI
Bu gün Azərbaycan qadını öz əməli fəaliyyəti, dəyərləri ilə yüksəkdə dayanır və bu dəyərləri müqabilində alnıaçıq və fəxrlə 8 Mart Beynəlxalq Qadınlar Gününü qeyd edir. Hər zaman dövlətin diqqəti ilə əhatə olunan Azərbaycan qadını 8 Mart Beynəlxalq Qadınlar Günü ərəfəsində də bu qayğını bir daha üzərlərində hiss etmiş oldu. Ölkə başçısının Sərəncamı ilə 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycanın ictimai-mədəni həyatında səmərəli fəaliyyətlərinə görə, bir qrup qadın fəxri adlara layiq görülüblər. "Tərəqqi", "Əməkdar müəllim", "Əməkdar mədəniyyət işçisi", "Əməkdar həkim" kimi fəxri adına layiq görülən qadınlar, göründüyü kimi, müxtəlif sahələrdə çalışır, öz peşələri ilə xalqa xidmət edirlər. Bu, dövlətin Azərbaycan xanımına verdiyi qiymətin daha bir bariz nümunəsidir. Bu diqqəti üzərində görən Azərbaycan qadını öz işinin - peşəsinin məsuliyyətini daha çox dərk edəcəkdir.
Heç şübhəsiz, Azərbaycan qadınları ölkəmizin inkişafı, qlobal dünyada mədəni-mənəvi zənginliklərimizin yaşadılması, gənc nəslin milli məfkurə və dövlətçilik ideallarına sədaqət ruhunda tərbiyəsi üçün bundan sonra da fəallıq nümayiş etdirəcək.
Bayramınız mübarək olsun, ƏZİZ QADINLAR!
Nəzakət ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB