Söz, fikir azadlığından azad mediaya qədər

Söz, fikir azadlığından azad mediaya qədər

Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi

Demokratik vətəndaş cəmiyyəti quruculuğu prosesində kütləvi informasiya vasitələrinin xüsusi yeri və rolu var. Azərbaycan ikinci dəfə müstəqillik qazandıqdan sonra senzura ləğv edildi, azad söz, azad fikir bərqərar oldu. 1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikası Konstitusiyasının 50-ci maddəsində "Məlumat azadlığı" bölümündə göstərilir ki, hər kəsin istədiyi məlumatı qanuni yolla əldə etmək, ötürmək, yaymaq azadlığı vardır. Kütləvi informasiya vasitələrinin azadlığına təminat verilir, kütləvi informasiya vasitələrində, o cümlədən, mətbuatda dövlət senzurası qadağandır.

Demokratiyanın əsas göstəricilərindən sayılan söz və məlumat azadlığı prinsipi dövlətlərin, xalqların hərtərəfli inkişafında, cəmiyyətlərin formalaşmasında müstəsna rol oynayır. Azərbaycan da söz azadlığının qorunduğu, mətbuat azadlığı prinsipinə hörmətlə yanaşılan ölkələrdəndir. Söz azadlığı dünyada bəlkə də ən əvəzolunmaz nemətlərdəndir. Bəşər övladının azad mühitdə yaşayıb, öz fikrini sərbəst ifadə etməsindən yaxşı heç nə ola bilməz. Fikir, söz və məlumat azadlığı, sərbəst düşüncənin ifadə olunması üçün hüquqların təmin olunması kütləvi informasiya vasitələrinin, bütövlükdə müasir informasiya cəmiyyətinin söykəndiyi əsas dəyər və məqsəd olmaqla bərabər, ölkənin demokratik inkişaf səviyyəsini müəyyənləşdirməyə imkan verən əsas elementlərdəndir. İnsan hüquq və azadlıqlarının ayrılmaz hissəsi olan söz, fikir və ifadə azadlığı, eləcə də bunların təminatı hər bir ölkədə demokratiyanın nə dərəcədə inkişaf etdiyinin, demokratik təsisatların nə dərəcədə uğurlu işləməsinin əsasını təşkil edir.

Ölkədə azad medianın, insan hüquq və azadlıqlarının müdafiəsi demokratik mexanizmlərinin mövcudluğunun əsas şərtlərindən biri kimi qəbul edilir. Kütləvi informasiya vasitələri - qəzetlər, jurnallar, teleradiolar, informasiya agentlikləri və informasiyanın müntəzəm formada yayıldığı digər vasitələr cəmiyyətin inkişafına ciddi təsir göstərən, onun vəziyyətini, mahiyyətini müəyyənləşdirən siyasi sistemin tərkib hissəsidir. KİV-lər cəmiyyətdə ictimai fikri, dövlətə inamı və sosial fəallığı formalaşdırmaqla yanaşı, həm də onları istiqamətləndirir. Bu mənada dördüncü hakimiyyət hesab olunan kütləvi informasiya vasitələri dünyada demokratiya və informasiya azadlığının mühüm vasitəsi hesab edilir. Bu gün ölkəmizdə kütləvi informasiya vasitələrinin azad fəaliyyəti və inkişafı üçün zəruri tədbirlər görülür. Milli mətbuatımızın uğurlu inkişafı onun zəngin keçmişinin mirasıdır. "Əkinçi" qəzeti ilə əsası qoyulan Azərbaycan milli mətbuatı ötən müddət ərzində mühüm inkişaf yolu keçib. Azərbaycan milli mətbuatı 1918-ci ildə dinamik inkişaf üçün şans qazanıb. Həmin dövrdə müstəqil mətbuatın, söz, fikir azadlığının inkişafına ziyalıların göstərdiyi xidmətlər gələcək illərdə də bu sahədə yaranan peşəkarlığın, rəngarəngliyin əsasını qoyub.

Ümummilli lider Heydər Əliyevin mətbuat azadlığının təminində tarixi rolu inkarolunmaz faktdır. Azərbaycan mətbuatının sözün həqiqi mənasında, müstəqilliyini əldə etməsi, ölkəmizdə söz və mətbuat azadlığının bərpa olunması Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.

Bu mövzu ilə bağlı fikirlərini bölüşən "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadəyə görə, Ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkid və tələbi ilə hakimiyyətə qayıdışı mətbuatımızın inkişaf tarixində yeni mərhələnin əsasını qoyub: "Ümummilli lider Heydər Əliyev müstəqil mətbuatın inkişafını demokratiyanın tələbi kimi dəyərləndirərək bu sahəyə diqqətini əsirgəmədi. Mətbuat nümayəndəsi olaraq bu fikri böyük fəxr hissi ilə qeyd edə bilərəm ki, Azərbaycanda azad medianın inkişafı ilə bağlı çox önəmli qərarlar qəbul edilib. Ulu Öndərin bu sahə ilə bağlı sərəncamları, fərmanları saysız-hesabsızdır. İlk gündən demokratik dövlət quruculuğu yolunu tutan Azərbaycanın bu istiqamətdə atdığı addımlar və onların uğurlu nəticələri göz qabağındadır. Azad mətbuatın inkişafına əngəl yaradan süni məhdudiyyətlərin, o cümlədən, senzuranın aradan qaldırılması, qanunvericiliyin təkmilləşdirilməsi və müasir dünya standartlarına uyğunlaşdırılması, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, onlar üçün çox saylı güzəştlərin müəyyənləşdirilməsi, bu istiqamətdə verilmiş bir sıra fərman və sərəncamlar, mətbuat işçiləri ilə mütəmadi görüşlər ənənəsinin yaradılması, KİV-lə bağlı problemlərə operativ müdaxilə və digərləri Ümummilli lider Heydər Əliyevin azad sözə və onun daşıyıcılarına münasibətini səciyyələndirən faktlardır.

Xüsusilə vurğulanmalıdır ki, məhz Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra ölkədə hüquqi islahatlar aparılmağa başlanıldı. Konstitusiyanın qəbulundan sonra ölkədə medianın fəaliyyətinin tənzimlənməsi və media sahəsində mükəmməl qanunvericilik bazasına nail olmaq üçün bir sıra addımlar atıldı. Ulu öndər Heydər Əliyevin mətbuata münasibəti daim demokratik inkişafın zəruri tələblərinə söykənirdi. Təsadüfi deyil ki, 1998-ci il avqustun 6-da Ulu öndər Heydər Əliyev "Ölkədə söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında" fərman imzaladı. Bu fərmanın bir bəndi ilə mətbuatda dövlət sirlərini mühafizə edən baş idarənin ləğvi elə senzuranın ləğvi demək idi”.

Ölkəmizdə 1998-ci ildə rəsmi senzuranın ləğv edilməsi ilə başlanan mətbuat sahəsində liberallaşdırma prosesi 2003-cü ildə Prezident İlham Əliyevin hakimiyyətə gəlişindən sonra daha da təkmilləşdirilərək medianın inkişafı istiqamətində çox böyük nailiyyətlərin əldə olunmasına səbəb oldu.

Azərbaycanda müasir mətbuatın inkişafından danışan Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli bildirib ki, Prezident İlham Əliyev söz və fikir azadlığına, mətbuatın inkişafına, bu sahədə yaranan problemlərin həllinə daim xüsusi diqqət və qayğı göstərir: “Məhz bu diqqət və qayğının nəticəsidir ki, hazırda Azərbaycanda yüzlərlə mətbuat orqanı, informasiya agentliyi, teleradio şirkətləri, sürətlə inkişaf edən internet resursları fəaliyyət göstərir, onlar vətəndaş cəmiyyəti quruculuğunun fəal iştirakçısına çevrilərək cəmiyyətimizin informasiyaya olan ehtiyacının ödənilməsində əhəmiyyətli rol oynayırlar. Mətbuatın, eləcə də digər media vasitələrinin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində atılan addımlar isə ölkəmizdə kütləvi informasiya vasitələrinin müstəqilliyini daha möhkəm özüllər üzərində bərqərar edir. Real həqiqətdir ki, Azərbaycan dövlətinin artan imkanları milli mətbuatın inkişafı yolunda çətinliklərin aradan qaldırılması, onun aktual problemlərinin həlli məqsədilə kompleks tədbirlərin həyata keçirilməsinə geniş şərait yaradıb. Hazırda mətbuatda müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin stimullaşdırılması, dövlət orqanları ilə mətbuat arasında səmərəli əməkdaşlığın inkişafı, jurnalistlərin peşəkarlığının və məsuliyyətinin artmasına daha münbit şəraitin yaradılması, onların sosial müdafiəsinin gücləndirilməsi Azərbaycan dövləti və cəmiyyətinin qarşısında duran mühüm vəzifələrdən biridir”.

Müşfiq Ələsgərlinin sözlərinə görə, dünya təcrübəsi aydın şəkildə göstərir ki, mətbuatın müstəqilliyinin ən mühüm şərtlərindən biri onun iqtisadi cəhətdən özünü təmin etməsidir: “Ümumilikdə Avropa media məkanı ilə müqayisədə Azərbaycanda medianın durumu tamam fərqlidir. Azərbaycanda dövlət mətbuatın inkişafı üçün üzərinə düşən bütün addımları atır.

Rəsmi senzuranın ləğvindən sonra 1999-cu ildə KİV haqqında qanunun qəbul olunması, 2001-ci ildə bu qanuna əlavə və dəyişikliklərin edilməsi, onun daha da liberallaşdırılması, həmçinin mətbuat üzərində dövlətin nəzarətedici qurumunun ləğv edilməsi, əvəzində mətbuata özünütənzimləmə statusunun verilməsi və Mətbuat Şurasının yaradılması kimi tədbirlər həyata keçirildi. Bu gün mətbuat orqanları üzərində heç bir rəsmi dövlət nəzarəti yoxdur və mətbuat özünü tənzimləyən quruma çevrilib. Bu da bütün dünya praktikasında tətbiq edilən modeldir. Qanunvericilik normasına baxmayaraq, əksər ölkələrdə, xüsusilə də postsovet məkanında hələ də bu cür standartlar tətbiq olunmayıb. Ən böyük dövlətlərdən biri olan Rusiyada belə mətbuata nəzarəti və lisenziyalaşma işini həyata keçirən Mətbuat və İnformasiya Nazirliyi fəaliyyət göstərir. Azərbaycan isə postsovet məkanında ilk dəfə olaraq bu addımı atan ölkələrdən biridir. Bununla da mətbuata özünütənzimləmə statusu verildi. Bu istiqamətdə atılan addımlar sırasında Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunu qeyd etmək olar. Mətbuatın inkişafına yönələn bu üsul praktikada çox geniş yayılıb. Möhtərəm Prezidentimizin mətbuata davamlı və ardıcıl xarakter daşıyan qayğı siyasəti hər birimizdə razılıq hissi doğurmaqla yanaşı, həm də üzərimizə böyük məsuliyyət qoyur, qarşımızda yeni vəzifələr müəyyənləşdirir. İnanıram ki, peşəsini uca tutan, sağlam əqidəli, peşəkar jurnalistlərimiz cəmiyyət qarşısındakı sosial öhdəliklərini bundan sonra da layiqincə həyata keçirəcək, dövlət başçısının reallığı əks etdirən dəyərli tövsiyələrini fəaliyyətlərində rəhbər tutacaqlar”.

Yeri gəlmişkən, qeyd edək ki, 2008-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradıldı. Fondun əsas vəzifəsi fikir, söz və məlumat azadlığını, plüralizmi inkişaf etdirmək, kütləvi informasiya vasitələri ilə cəmiyyət və dövlət arasında münasibətlərin tənzimlənməsi məqsədi ilə qanunvericiliyi təkmilləşdirmək, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasını möhkəmləndirməkdir. Təqdirəlayiq haldır ki, fond dövlət, cəmiyyət üçün əhəmiyyət kəsb edən, habelə kütləvi informasiya vasitələrinin fəaliyyətinin təkmilləşməsini nəzərdə tutan və inkişafını dəstəkləyən proqramları, layihələri maliyyələşdirir. Bu dəstəyin nəticəsi olaraq Azərbaycanın aparıcı qəzet və jurnalları, radio və televiziya kanalları cəmiyyəti maraqlandıran məsələlərə daha çox diqqət yetirir. Fond ayrı-ayrı istiqamətlər üzrə jurnalistlər arasında yazı müsabiqələri təşkil edir ki, bu da mətbuat işçilərini öz üzərində daha çox işləməyə, peşəkarlıqlarını artırmağa sövq edir.

Bu gün Azərbaycan liderinin əsas məqsədlərindən biri ölkə mediasını ən yüksək beynəlxalq standartlar səviyyəsinə yüksəldilməsinə nail olmaqdır. Bu səbəbdən də Azərbaycan mediasının qarşısında duran əsas vəzifələrdən biri Dağlıq Qarabağ həqiqətlərini bütün dünyaya çatdırmaq, Ermənistanın təcavüzkar siyasətini ifşa etməkdir. Ölkə jurnalistləri, ziyalılarımız həm yerli, həm də qlobal mediada ermənilərin hər cür dezinformasiya və yalanlarını ifşa etmək üçün əllərindən gələni əsirgəmirlər. İnanırıq ki, doğru söz yerdə qalmayacaq, beynəlxalq ictimaiyyət təcavüzkarın iç üzünü yaxından tanıyacaq!

Minarə Hacıveya

"Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçündür"

Bütün xəbərlər Facebook səhifəmizdə