Naxçıvan: inkişafı ilə bədxahları narahat edən möcüzə

Naxçıvan: inkişafı ilə bədxahları narahat edən möcüzə

Heç kəsə sirr deyil ki, bu gün ölkə iqtisadiyyatında özünəməxsus yeri olan Naxçıvan Muxtar Respublikası bütün sahələrdə sistemli şəkildə həyata keçirilən islahatlarla dinamik inkişaf dövrünü yaşayır. Həyata keçirilən digər mühüm tədbirlər nəticəsində muxtar respublikada bütün makroiqtisadi göstəricilərin artımı təmin edilib, dinamik inkişaf qorunub saxlanıb. Naxçıvanda müasir sənaye sahələrinin yaradılması, sənayenin infrastruktur təminatının yaxşılaşdırılması, özəl sektorun prioritet sahələrindən olan kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sahəsinin, elm, təhsil, mədəniyyət, turizm sektorlarının inkişafı istiqamətində çoxsaylı layihələr icra edilib. Bütün bunlarla yanaşı, əhalinin güzəranı daha da yaxşılaşıb, işsizlik əhəmiyyətli dərəcədə azaldılıb.

Naxçıvandakı inkişaf tendensiyası özünü muxtar respublikanın demoqrafiq vəziyyətində də büruzə verir. Hazırda Naxçıvanın əhalisinin sayı yarım milyon nəfərə çatıb, eyni zamanda əhali sağlamlığının və rifahının davamlı yüksəlişi, tibbi xidmətlərin keyfiyyətinin və əhatəliliyinin artırılması ölüm göstəricisini də aşağı salıb. Eləcə də muxtar respublikanın sosial-iqtisadi inkişafının məntiqi nəticəsi olaraq hər il ixracın həcmi idxalı üstələyir, xarici ticarət əlaqələri genişlənir. Məsələn, bu gün Naxçıvan Muxtar Respublikası dünyanın 60-dan çox ölkəsi ilə ticarət əməliyyatları aparır. Bütün bunlarla yanaşı muxtar respublikanda bütün infrastruk layihələri uğurlu bir şəkildə reallaşdırılıb. Yol, su, qaz, elektrik infrastrukturu, sosial xidmət obyektləri tamamilə müasir standartlar səviyyəsində qurulub. Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çıxışlarında deyib ki, “Naxçıvan uğurla, sürətlə inkişaf edir. Son illər ərzində muxtar respublikada böyük abadlıq-quruculuq işləri görülmüşdür. Naxçıvan Muxtar Respublikası bütün iqtisadi göstəricilərinə görə çox sürətlə inkişaf edən respublikadır. Son 15 il ərzində respublikanın ümumi daxili məhsulu on dəfəyə yaxın artıbdır. Bu, məncə, dünya miqyasında rekord göstəricidir”.

Məhz bu kontekstdə o da bildirilməlidir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədri olduğu və dünyanın 70 ölkəsinin 5 mindən artıq şirkət və təşkilatını birləşdirən “Caspian European Club” 2017-ci ildə ölkədə həyata keçirilən iqtisadi islahatların və sosial siyasətin nəticələrini əks etdirən Azərbaycan Respublikası regionlarının illik investisiya reytinqini müəyyənləşdirdiyi zaman Naxçıvan Muxtar Respublikası ən yüksək ümumi bal toplayaraq liderliyə yüksəlib.

Eyni zamanda Naxçıvanda hərbi sahədə əldə edilən uğurları qeyd etməmək olmaz. 2018-ci ilin may ayı ərzində Naxçıvan Muxtar Respublikasının 11 min hektardan artıq ərazisi və Şərur rayonunun Günnüt kəndi düşməndən azad edilərək dövlət sərhədi boyunca əlverişli mövqelər Azərbaycan Ordusunun nəzarəti altına keçib. Beləliklə də, Əlahiddə Ümumqoşun Ordunun müdafiə zolağının ön xəttinin dövlət sərhədi boyu əlverişli mövqelərə irəli çəkilməsi əməliyyatı uğurla nəticələnib, qarşıya qoyulan məqsədə nail olunub.

Müdafiə qüdrəti durmadan artan Naxçıvan Muxtar Respublikasında yeni hərbi hissələrin yaradılması, mövcud hərbi hissələrdə infrastrukturun müasirləşdirilməsi istiqamətində mühüm işlər görülür, böyük əhəmiyyətə malik layihələr icra olunur. Təlimlərdə tər tökərək daha da bərkiyən hərbi qulluqçularımız ötən il oktyabrın 18-də Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Günündə Naxçıvan Muxtar Respublikasında ilk milli hərbi hissənin yaradılmasının 25-ci ildönümünə həsr olunmuş hərbi paradda böyük iftixarla iştirak edərək xalqımıza qürur, düşmənlərimizə qorxu hissi yaşatdılar. 1992-ci ildən sonra 25 il ərzində daha da güclənən ordumuzun hərbi paradı Azərbaycan Ordusunun muxtar respublikadakı ordu, birləşmə və hərbi hissələrinin güc və qüdrətini bütün dünyaya bir daha nümayiş etdirdi.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin mayın 16-da Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Əlahiddə Ümumqoşun Ordunun "N" hərbi hissəsində yaradılan şəraitlə, silahlanmaya yeni qəbul edilən hərbi texnika ilə tanış olması və yeni hərbi xəstəxananın açılışında iştirak etməsi dövlət qayğısını hər zaman üzərlərində hiss edən hərbi qulluqçularımızda böyük ruh yüksəkliyi yaradıb. Ordu quruculuğu ilə bağlı görülən işləri yüksək qiymətləndirən Ali Baş Komandan Naxçıvan ictimaiyyətinin nümayəndələri ilə görüşdə deyib: "İlk növbədə, Naxçıvanın təhlükəsizliyi məsələləri ilə bağlı çox böyük işlər görülüb. Siz burada düşmənlə üz-üzə yaşayırsınız, yaradırsınız. Əlbəttə ki, Naxçıvan Muxtar Respublikasının uğurlu inkişafı üçün təhlükəsizlik tədbirləri ön planda və prioritet məsələ olmalıdır. Biz bunu belə də qəbul edirik. Naxçıvanın hərbi potensialının gücləndirilməsində böyük işlər görülüb. Azərbaycan Silahlı Qüvvələrinin tərkib hissəsi olan Naxçıvan Ordusu ən müasir silahlar, texnika ilə təchiz edilmişdir. Biz son illər ərzində Azərbaycan Ordusunu yüksək dərəcədə gücləndirə bilmişik. Alınan müasir texnikanın, demək olar ki, bütün növləri, yaxud da ki, əksər növləri Naxçıvana göndərilir... Bu gün Naxçıvan Ordusu böyük qüvvəyə malikdir və düşmənin istənilən təxribatının qarşısını ala bilər və eyni zamanda, uğurlu əks-hücum əməliyyatı keçirə bilər. Naxçıvanda yerləşdirilmiş müasir silahlar, o cümlədən uzaqmənzilli raketlər düşmənin istənilən hərbi hədəfini məhv edə bilər. Yəni, təhlükəsizlik məsələləri tam təmin olunub. Bu məsələ daim diqqət mərkəzindədir".

Bir sözlə, Naxçıvan Muxtar Respublikasının daxili resurslar hesabına yüksəlişini inamla davam etdirməsi, yeni-yeni nailiyyətlərə imza atması müstəqil Azərbaycan dövlətinin ən böyük uğurlarından biridir və bütün bunların başlıca səbəbi ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyevin əsasını qoyduğu inkişaf strategiyasının muxtar respublikada Naxçıvan Ali Məclisinin sədri cənab Vasif Talıbov tərəfindən uğurla davam etdirilməsidir. Lakin çox təəssüflər olsun ki, son günlər ərzində Naxçıvanın inkişafından narahat olan bəzi qüvvələr qarayaxma kampaniyasına başlayıblar.

Əlbəttə ki, bu gün baş verənlər mənə bu gün adları bəlli olan bədxahlar tərəfindən Naxçıvan Muxtar Respublikasının hüquqi statusuna, mövcudluğuna, hərtərəfli inkişafına, Naxçıvan MR Ali Məclisinin sədrinin səlahiyyətlərinə edilən hücumlar 1990-cı illərdə ulu öndər Heydər Əliyevin Naxçıvanı bəlalardan qorumaq üçün Ona qarşı təşkil olunan təxribatları xatırladır. Məhz, həmin dövrdə də Ümummilli Liderimiz Heydər Əliyev Naxçıvanı real təhdidlərdən və təhlükələrdən xilas etmək üçün tədbirlər gördüyü zamanlarda o zamanki AXC-Müsavat hakimiyyəti silahlı dəstələrlə hücumlar edirdilər. Məqsədləri isə Naxçıvanın dirçəlişinə mane olmaq idi. Bu gün isə kimlərinsə maraqlarına xidmət edən və bəzi Qüdrət Həsənquliyev kimi missionerlər tərəfindən reallaşdırılan hücumlar silahsız olsa da, məqsəd və təhdid baxımdan daha təhlükəli xarakter daşıyır. Bugünkü bədxahlar Naxçıvan və Azərbaycana qarşı Ulu Öndər Heydər Əliyevin miras qoyduğu dəyərlərə kölgə salmaq məqsədilə müxtəlif yalanlar uydurmaqla məşğuldurlar.

Ölkəmizin geosiyasi vəziyyətini, qanunvericiliyini bilmədən, təhlil etmədən blokada şəraitində yaşayan Naxçıvan Muxtar Respublikasının hərtərəfli və dayanıqlı inkişafına ləkə gətirməyə çalışanlar bu mövqeləri və fikirləri ilə Azərbaycan hakimiyyətinə qarşı ölkə daxilində və xaricdə təhqir kampaniyası təşkil edənlərdən heç də fərqlənmirlər. Naxçıvanın statusuna və rəhbərliyinə qarşı əsassız iddialar irəli sürmək, ittiham etmək, “cəlbedici təkliflərlə” muxtar respublikanı düşmənlərimizin açıq hədəfinə çevirmək yalnız “sapı özümüzdən olan baltaların"" işi ola bilərdi.

Unitar quruluşlu Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikasının tarixi statusu hər zaman düşmənlərimizi, xüsusilə də erməniləri ciddi narahat edib və fürsət düşdükcə də müxtəlif kanallar vasitəsilə hücumlarını həyata keçiriblər. Uzun müddət qanunvericilik orqanında təmsil olunan, partiya sədri kimi siyasətdə olan birinin məsuliyyətsiz fikirlər səsləndirib Naxçıvanla bağlı ictimai rəyi çaşdırmaq cəhdləri, eləcə də, Naxçıvan Muxtar Respublikasının hüquqi statusuna, mövcudluğuna, hərtərəfli inkişafına, Naxçıvan MR Ali Məclisinin sədrinin səlahiyyətlərinə edilən hücumlar ermənilərin təxribatları ilə sinxronluq təşkil etdiyindən sual ortaya çıxır ki, daxili bədxahlarımız da düşmənlərimizin çörəyinə yağ sürtənlərdəndirlərmi? Əlbəttə, tənqid olmalıdır. Amma bu tənqid təhqirə və milli təhlükəsizliyə təhdidə çevrilməməlidir.

Naxçıvanın timsalında Azərbaycanın dövlət quruluşuna, milli təhlükəsizliyinə hücum edənlər anlamalıdırlar ki, Vətənimizin ayrılmaz bir parçası olan, intibah dövrünü yaşayan möcüzələr diyarı Naxçıvanın əhalisi gələcəyə böyük inamla baxır və Cənab Prezident İlham Əliyevi və Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovu perspektiv müvəffəqiyyətlərin zəmanəti kimi görür. Bədxahların məsuliyyətsiz fikirləri və təxribat cəhdləri hər zaman olduğu kimi bundan sonra da nəticəsiz qalacaq...

"Səs" Analitik Qrupu

Bütün xəbərlər Facebook səhifəmizdə