Göygöl rayonunda 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunan müşavirə keçirilib. Müşavirədə Rayon İcra hakimiyyətinin başçısı Arif Seyidov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri, İcra Hakimiyyəti başçısının yerli nümayəndələri, bələdiyyə sədrləri, qeyri-hökumət təşkilatlarının, ağsaqqallar, ziyalılar, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan icra başçısı Arif Seyidov bildirib ki, 2018-ci ildə Göygöl rayonunda istehsal və xidmət sahələrinin genişləndirilməsi, sosial obyektlərin tikilməsi, abadlıq quruculuq işlərinin aparılması istiqamətində həyata keçirilən tədbirlər davam etdirilib, iqtisadiyyatın dinamik inkişafı təmin olunub.
“Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda nəzərdə tutulmuş tədbirlərin icrasının nəticəsi olaraq 15 il ərzində rayonun iqtisadiyyatı dinamik inkişaf edib, 85 xidmət, 203 istehsal, 5 emal obyektləri istifadəyə verilib. 2018-ci il ərzində iqtisadiyyatın əsas sahələrində istehsal olunan məhsul və xidmətlərin ümumi həcmi 174 milyon 60,2 min manat olub.
Diqqətə çatdırılıb ki, hesabat ili ərzində rayonda 822 yeni iş yerləri açılıb, bunun da 562-si daimidir.
Rayonda sahibkarlığın inkişafına yaradılan münbit şəraitin nəticəsi olaraq hüquqi şəxslərin sayı 576 vahidə çatıb, hesabat dövründə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 26 sahibkara 270 min manat məbləğində güzəştli kredit verilib.
Aparılmış profilaktiki baytarlıq tədbirlər nəticəsində 2018-ci il ərzində rayon ərazisində heyvanlar və quşlar arasında kütləvi yoluxucu xəstəliklər baş verməmiş, epizodik vəziyyət sabitdir.
Diqqətə çatdırılıb ki, İcra Hakimiyyətində vətəndaşların təsdiq edilmiş cədvəl əsasında elan edilmiş günlərdə və saatlarda qəbul edilməsi müntəzəm təşkil olunaraq 898, o cümlədən İcra Hakimiyyətinin başçısı tərəfindən 697 vətəndaş qəbul edilib.
Göygöl Rayon İcra Hakimiyyəti başçısının il ərzində yerlərdə 44 səyyar qəbulu keçirilib, vətəndaşlar tərəfindən 119 təklif irəli sürülüb, bunlardan 76-sı icra olunub, qalan təkliflərin icrası ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.
Sonda o vurğulanıb ki, rayonda əhalinin rifah halının yaxşılaşdırılması, ictimai-siyasi fəallığının daha da yüksəldilməsi, rayonun sosial-iqtisadi cəhətdən yüksək inkişaf etmiş bir bölgəyə çevrilməsi istiqamətində həyata keçirilən tədbirləri daha da sürətləndiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB