Ötən il Daşkəsən üçün uğurlu olub HESABAT - FOTOLAR

Ötən il Daşkəsən üçün uğurlu olub HESABAT - FOTOLAR

Fevralın 27-də Daşkəsən rayonunda 2018-ci ilin sosial-iqtisadi inkişafın yekunlarına və 2019-cu ildə qarşıda duran vəzifələrə həsr olunmuş ümumrayon hesabat yığıncağı keçirilib.

Yığıncaqda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Arif Novruzov, Daşkəsən rayonundan Milli Məclisə deputat seçilmiş millət vəkili Kamran Bayramov, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyət nümayəndələri və KİV mənsubları iştirak ediblər.

Yığıncaq iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsi önünə gül dəstələri qoyub, Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla anıblar.

Sonra Daşkəsən Rayon İcra Hakimiyyətinin inzibati binasında yığıncaq öz işinə başlayıb.

Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev yığıncağı giriş sözü ilə açaraq hesabat məruzəsi ilə çıxış edib.

Diqqətə çatdırılıb ki, 2018-ci il də əvvəlki illər kimi sosial-iqtisadi cəhətdən respublikamız üçün uğurlu illərdən biri olub. Ötən il rayonda faktiki qiymətlərlə ümumi məhsul buraxılışının həcmi 191 milyon 918 min manat olub, əvvəlki ilə nisbətən 0,1%, bəzi sahələr üzrə isə xeyli artıb.

Hesabat ilində rayonda ümumi məhsul buraxılışında qeyri-dövlət sektorunun xüsusi çəkisi 95 faiz təşkil edib. Əhalinin sayı əvvəlki ilə nisbətən 211 nəfər artaraq 35 min 213 nəfər olub.

Daşkəsəndə 820 qaçqın ailəsi (3540 nəfər) və 304 məcburi köçkün ailəsi (915 nəfər) yerləşir. Onlara bir qayda olaraq daim qayğı və diqqət göstərilir.

2018-ci ildə rayonda sənaye müəssisələrində çalışan bir işçiyə düşən orta aylıq nominal əmək haqqı 447,4 manat, dövlət mülkiyyətində 384,0 manat, qeyri-dövlət mülkiyyətində isə 1036,1 manat təşkil edib.

Bu göstəricilər əvvəlki ilə nisbətən daha yüksək olub.

İcra başçısı diqqətə çatdırıb ki, hesabat ilində rayon üzrə iqtisadi fəal əhali 20 min 289 nəfər olub, onlardan məşğul əhali 19 min 390 nəfərdir.

Cari ildə də rayonda müxtəlif qurumlarda olan müddətli müqavilələrlə müvəqqəti iş yerləri saxlanılaraq müqavilələrin vaxtı uzadılıb. Azərbaycan Hökuməti ilə İslam İnkişaf Bankı tərəfindən maliyyələşən “Daşkəsən şəhərinin su və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsinin həyata keçirilməsində son tamamlama işləri yerinə yetirilir. Artıq Daşkəsən şəhəri ekoloji cəhətdən təmiz və fasiləsiz olaraq içməli su ilə təmin olunur.

Hesabat ilində rayon ərazisində meşə mühafizəsi bərpası və yaşıllaşdırma sahələri üzrə 0,3 ha tinglik sahəsində səpin işləri aparılıb, 4000 ədəd bəzək və gül kolları əkilib. Daşkəsən Meşə Mühafizəsi və Bərpası Müəssisəsi ləğv olunaraq Meşələrin İnkişafı Departamenti Şəmkir Regional Meşə Təsərrüfatı Mərkəzi Daşkəsən Meşəbəylikləri yaradılıb.

Diqqətə çatdırılıb ki, əhalinin elektrik enerjisi, qaz və içməli su ilə təchizatı vəziyyətinin yaxşılaşdırılması məqsədilə bir sıra təmir-bərpa, yenidənqurma işləri həyata keçirilib.

24 mart 2018-ci il tarixdə Daşkəsən rayonu ərazisində baş vermiş təbii fəlakət, güclü külək əsməsi-qasırğa nəticəsində bina və evlərə, o cümlədən Daşkəsən şəhərinin qəsəbə və kəndlərinin yaşayış, sosial və inzibati binalarının dam örtüklərinə və rayonun elektrik, rabitə təsərrüfatlarına şəxsi minik avtomobillərinə ziyan dəymişdir. Dəymiş ziyanın nəticələri əsasən aradan qaldırılıb.

2017-2018-ci tədris ilində rayonun ümumtəhsil məktəblərinin IX sinfində təhsil alan 269 şagirddən 243-ü ümumi orta təhsil haqqında attestat və XI siniflər üzrə isə 188 şagirdin hər biri tam orta təhsil haqqında attestat alıb. Onlardan 2 nəfər IX sinif üzrə, 8 nəfər isə XI sinif üzrə fərqlənmə attestatına layiq görülüb. Rayonun orta məktəb məzunlarından 95 nəfəri respublikanın ali və orta ixtisas məktəblərinə qəbul olunmaq üçün ərizə verib. Onlardan 55 nəfəri ölkənin müxtəlif nüfuzlu ali, 17 nəfəri isə orta ixtisas məktəblərinə qəbul olunublar. Ali məktəblərə qəbul olunan məzunlarımızdan 1 nəfəri 600-dən, 8 nəfəri isə 500-dən yuxarı bal toplayıb.

Daha sonra məruzə ətrafında Daşkəsən rayonu üzrə Maliyyə idarəsinin rəisi Natiq Zeynalov, Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Nüsrət Vəliyev və Daşkəsən rayon Gənclər və İdman idarəsinin rəisi Samir Həsənov çıxış ediblər, daşkəsənlilərə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirib, qarşıda duran vəzifələrin icrasından danışıblar.

Məruzə ətrafında çıxışlardan sonra açıq mikrofon qarşısında səsləndirilən müraciət və təkliflər dinlənilib, qaldırılmış məsələlər barədə tədbirlər görülməsi üçün aidiyyəti üzrə tapşırıqlar verilib.

Yığıncaqda həmçinin millət vəkili Kamran Bayramov və Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Arif Novruzov da çıxış ediblər.

Hesabat yığıncağının sonunda qərar layihəsi qəbul olunub, toplantı iştirakçıları adından ölkə Prezidenti cənab İlham Əliyevə müraciət qəbul edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə