Xocalı soyqırımı dünyanın əksər ölkəsində anıldı. Dünya ictimaiyyəti ermənilərin mənfur üzlərini bir daha gördülər. Bir gecədə yalnız azərbaycanlı olduqları üçün öldürülən yüzlərlə Azərbaycan vətəndaşı öz ölümləri ilə mənfur düşmənə vətən, torpaq qeyrətini bir daha göstərdilər. Dünya erməni faşizminin bir daha şahidi oldu...
Azərbaycanın Fransadakı səfirliyinin və UNESCO yanında daimi nümayəndəliyinin birgə təşkilatçılığı ilə Parisdə Sen-Östaş kilsəsində Xocalı soyqırımının 27-ci ildönümünə həsr edilmiş anım tədbiri keçirilib. Əvvəlcə Azərbaycanın dövlət himni səsləndirilib. SİA xəbər verir ki, mərasimdə Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev çıxış edərək, 1992-ci il fevralın 25-dən 26-a keçən gecə Xocalı şəhərində erməni silahlı qüvvələrinin 613 dinc azərbaycanlı sakini amansızlıqla qətlə yetirdiyini bildirib. Səfir deyib: “Tarixdə nadir faciədir ki, onun müəllifi - Serj Sarkisyan açıq şəkildə bu soyqırımının törədilməsində birbaşa əli olduğunu britaniyalı jurnalist Tomas dö Vala müsahibəsində etiraf edib”.
Rəhman Mustafayev Xocalı faciəsinin Ermənistanın Azərbaycana qarşı apardığı təcavüzün ən qanlı səhifəsi olduğunu vurğulayıb. Bildirib ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının əsas məqsədi dünya birliyini Xocalı faciəsi haqqında məlumatlandırmaq, erməni silahlı qüvvələrinin cinayətini pisləmək və bu faciənin siyasi və hüquqi qiymətləndirilməsinə nail olmaqdır. Xocalı soyqırımının qurbanlarının xatirəsi üçün bu beynəlxalq kampaniya böyük əhəmiyyət kəsb edir. Bənzər faciələrin təkrar olunmaması üçün belə cinayətlər cəzasız qalmamalıdır.
Səfir insan hüquqlarından bəhs edən Avropanı bir milyon azərbaycanlı qaçqın və məcburi köçkünün hüququna laqeyd qalmamağa çağırıb.
***
Ankarada Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar konfrans keçirilib. Azərbaycanın Türkiyədəki səfirliyi və Türkiyənin Vəkillər Kollegiyasının (TVK) birgə keçirdiyi tədbirdə iki ölkənin dövlət himnləri səsləndirilib. Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. SİA xəbər verir ki, konfransın rəsmi hissəsində Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim və Türkiyənin Vəkillər Kollegiyasının sədri, professor Mətin Feyzioğlu Xocalı faciəsinin siyasi səbəbləri və dünya birliyi tərəfindən soyqırımı aktı kimi tanınması barədə görülən işlərdən danışıblar.
Konfransın panel hissəsində TVK-nin sədr müavini Hüseyn Özbək bildirib ki, ermənilər bu soyqırımını törətməklə XIX əsrin sonlarından başlayan daşnak terrorçuluğunun ötən əsrin sonunda da davam etdiyini ortaya qoyublar. Türkiyənin Vəkillər Kollegiyası bu faciənin dünya birliyinə, xüsusilə hüquq ictimaiyyətinə çatdırılması üçün səylərini səfərbər edəcək.

Ankara Universitetinin hüquq fakültəsinin dosenti Cavid Abdullahzadə diqqətə çatdırıb ki, Xocalı qırğınının soyqırımı aktı olması beynəlxalq hüquq tərəfindən qəbul edilməlidir. Bu qırğını törədən Ermənistan dövləti beynəlxalq hüquqa görə, məsuliyyət daşıyır. Dövlətlərin məsuliyyəti haqqında beynəlxalq müqavilə və insan haqları məhkəmələrinin qərarları da Xocalı faciəsini bir soyqırımı kimi qiymətləndirməyə əsas verir.

Xocalı soyqırımının XX əsrin insanlıq dramı olduğunu diqqətə çatdıran TVK-nin İnsan Haqları Komissiyasının üzvü Saidə Ekmən bu cinayətin səbəb və nəticələrindən danışıb. O deyib ki, soyqırımını təşkil edənlərin və törədənlərin beynəlxalq ədalət məhkəməsinə çıxarılması üçün sistemli şəkildə hüquqi iş aparılmasına ehtiyac var.
Çıxışlardan sonra Xocalı faciəsinin dünya birliyi tərəfindən soyqırımı aktı kimi tanınmasına dair təkliflər irəli sürülüb, beynəlxalq hüququn imkanları ətrafında fikir mübadiləsi aparılıb.
***
Strasburqda Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəliyinin təşkilatçılığı ilə “Xocalıya ədalət!” beynəlxalq təbliğat kampaniyası çərçivəsində Xocalı qətilamının 27-ci ildönümünə həsr olunan tədbir keçirilib. Strasburqun tarixi məkanı olan “Motsart” konsert salonunda təşkil olunan tədbirdə Avropa Şurası yanında akkreditasiya olunmuş diplomatik korpusun, Strasburqun akademik dairələrinin və yerli ictimaiyyətin nümayəndələri, Strasburq Universitetində təhsil alan tələbələrimiz və diasporumuzun təmsilçiləri iştirak ediblər.
Xocalı soyqırımının günahsız qurbanlarının əziz xatirəsi tədbir iştirakçıları tərəfindən bir dəqiqəlik sükutla yad edilib. Ölkəmizin Avropa Şurası yanında daimi nümayəndəliyinin rəhbəri, səfir Fəxrəddin İsmayılov insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri olan Xocalı faciəsinin müasir Azərbaycan tarixində, eləcə də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində ən qanlı səhifələrindən biri olduğunu diqqətə çatdırıb. O, Azərbaycan ərazisinin 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalı nəticəsində yüz minlərlə azərbaycanlının doğma yurdlarından didərgin salındığını vurğulayıb. Dağlıq Qarabağ bölgəsinin Xocalı şəhərində 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbçiləri tərəfindən günahsız sakinlərə qarşı soyqırımı aktının törədildiyini bəyan edən Fəxrəddin İsmayılov qadın, uşaq və qoca olmaqla 613 azərbaycanlının bir gecədə amansızlıqla qətlə yetirildiyini qeyd edib.
Tədbir iştirakçılarına Xocalı qətilamı və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında ətraflı məlumat verən broşürlər paylanılıb.
***
ABŞ-ın Boston şəhərində Xocalı faciəsinin 27-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Mərasim Nyu-İnqland regionu və Massaçusets ştatında yaşayan Azərbaycan icmasının təşkilatçılığı və Azərbaycanın ABŞ-dakı səfirliyinin dəstəyi ilə baş tutub. Azərbaycanın dövlət himninin oxunması ilə başlanan tədbirdə Bostonda yaşayan Azərbaycan icmasının aparıcı simalarından olan Mirkamran Abdullayev çıxış edib. O, Xocalı faciəsinin xalqımızın tarixində unudulmaz iz buraxdığını və erməni silahlı qüvvələri tərəfindən qətlə yetirilmiş günahsız insanların xatirəsinin əbədi yaşayacağını bildirib.
Azərbaycanın ABŞ-dakı səfirliyinin müşaviri Orxan Zeynalov Xocalı soyqırımının xalqımızın qan yaddaşında hər zaman qalacağını, dünya ictimaiyyətinin sözügedən faciəyə düzgün hüquqi və siyasi qiymət verməsinin vacibliyini diqqətə çatdırıb. Bu xüsusda ABŞ-da yaşayan Azərbaycan icmasının da Amerika ictimaiyyəti üçün müvafiq maarifləndirici fəaliyyətinin xüsusi əhəmiyyəti vurğulanaraq, tədbirin təşkilinə görə Azərbaycan icmasına, həmçinin tədbirə dəstəyə görə Türkiyə tərəfinə minnətdarlıq edilib.
Türkiyə Respublikasının Boston şəhərindəki baş konsulu Ceylan Ərişən Xocalı faciəsi zamanı ermənilərin törətdiyi vəhşiliklərin heç vaxt unudulmayacağını, Türkiyə xalqının bu ağrılı gündə həmişə Azərbaycan xalqının yanında olacağını vurğulayıb.
***
Avstriyanın Zalsburq şəhərində Avstriya Azərbaycanlıları Cəmiyyəti Xocalı soyqırımının ildönümünə həsr olunan anım tədbiri keçirib. Mərasimi açan Avstriya Azərbaycanlıları Cəmiyyətinin rəhbəri Fərid Əzizov Azərbaycan xalqının tarixində ən faciəvi səhifələrdən biri olan Xocalı hadisələri barədə danışıb. Qeyd edilib ki, 27 il əvvəl törədilmiş soyqırımına hələ də beynəlxalq hüquqi qiymət verilməyib.
Fərid Əzizov tədbirin təşkilində əməkdaşlığa görə Zalsburq Əlibəy Məscidi və Mədəniyyət Cəmiyyətinə və onun rəhbəri Cəfər Oruca təşəkkür edib.
Avstriya Azərbaycanlıları Cəmiyyətinin rəhbəri bildirib ki, Xocalıda törədilən cinayət bəşəriyyət tarixinin gördüyü ən utancverici bir ləkədir. Tarix heç bir hadisəni unutmur. Azərbaycana qarşı törədilən bu cinayətə görə Ermənistan hakimiyyəti öz hüquqi cəzasını alacaq.
***
Azərbaycanın Efiopiyadakı səfirliyinin təşkilatçılığı ilə Beynəlxalq Liderlik İnstitutunda Xocalı soyqırımının 27-ci ildönümünə həsr edilmiş tədbir keçirilib. Tədbirdə çıxış edən səfir Elman Abdullayev Xocalı soyqırımının XX əsrdə bəşəriyyət və insanlıq əleyhinə törədilmiş ən ağır və qanlı cinayətlərdən biri olduğunu deyib. O, Xocalı faciəsi barədə iştirakçılara ətraflı məlumat verib. Bildirib ki, Xocalı soyqırımı işğalçı və cinayətkar erməni siyasətinin nəticəsi və ermənilərin mənfurluğunu, aqressivliyini, şovinizmini nümayiş etdirən tarixi gerçəklikdir.
Səfir Elman Abdullayev Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılması üçün 2008-ci ildən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində geniş və əhatəli iş aparıldığını diqqətə çatdırıb. Nəticədə İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının, Meksika, Pakistan, Çexiya, Peru, Kolumbiya, Panama, Honduras, Sudan, Qvatemala və Cibuti parlamentlərinin müvafiq sənədlərində Xocalıda törədilmiş kütləvi qətllərin soyqırımı aktı olduğu təsdiq edilib. Rumıniya, Bosniya və Herseqovina, Serbiya, İordaniya, Sloveniya, Şotlandiya parlamentləri, eləcə də ABŞ-ın 22 ştatının icra və qanunvericilik orqanları Xocalı faciəsini qətliam kimi qiymətləndirərək qətiyyətlə pisləyiblər.
***
Rusiya Federasiyasının Nijni Novqorod şəhərində Azərbaycanlıların Milli-Mədəni Muxtariyyətinin sədri Məhəmməd Əhmədovun təşkilatçılığı ilə Xocalı soyqırımının 27 ildönümünə həsr olunan tədbir keçirilib. Tədbiri açan gənc fəal Rasim Quliyev 1992-ci ildə Xocalı şəhərində törədilən qətliamdan danışıb. Azərbaycan Respublikası Milli Məclisinin deputatı Çingiz Qənizadə soyqırımının dünya ictimaiyyətinə çatdırılmasında ölkə rəhbərinin, dövlət qurumlarının gördüyü işlər haqqında ətraflı məlumat verib.
Tədbirdə, həmçinin Milli-Mədəni Muxtariyyətin sədri Məhəmməd Əhmədov, jurnalist Saleh Şükürlü və başqaları çıxış ediblər. Çıxışlarda Nijni Novqorod şəhərində yaşayan azərbaycanlıların daha da təşkilatlandırılması, görüləcək işlər müzakirə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB