İlham Əliyevin dayanmaq fikri yoxdur

İlham Əliyevin dayanmaq fikri yoxdur

Prezident İlham Əliyev görünməmiş islahatlar həyata keçirməkdədir. Biz bu islahatları əvvəllər də görürdük, amma 2019-cu ilin ilk günlərindən etibarən, sosial sahədə islahatların baş verməsi insanları sevindirir. Əlbəttə, insanlar bunun yüz milyonlarla manata başa gəldiyini yaxşı anlayırlar. Başa düşürlər ki, təqaüd və məvaciblərin artması uzun illərin iqtisadi platformasının nəticəsidir. Dövlətin sosial sfera ilə bağlı atdığı qətiyyətli addımlar miqyasına görə o qədər genişdir ki, bu kimi dəyişikliklər qonşu ölkələrdə müşahidə olunmur. Adamlar inanmağa başlayıb ki, bundan sonra daha da yaxşı olacaq. Söhbət təkcə maddi rifah halının yaxşılaşmasından getmir. Söhbət ondan gedir ki, adamlar arxasında dayaq və güvən hiss edirlər. İnsan öz rəhbərinə o halda güvənir ki, sel-su içində çabalayanda, zəlzələ vaxtı evi dağılanda, şəhidi düşmən arasında qalanda rəhbəri əl uzadır. Belə olan təqdirdə güvən artır.

İndi “Dövlətin sosial siyasətinin mərkəzində Azərbaycan vətəndaşı və onun maraqları dayanır” tezisini uğurla reallaşdıran ölkə başçısının son fərman və sərəncamlarının təsir dairəsi hakimiyyətin yürütdüyü sosial siyasətin həqiqətən də inqilabi səciyyə daşıdığını söyləməyə əsas verir. Ölkədə aparılan iqtisadi islahatlar, qeyri-neft sektorunun inkişafı, habelə, şəffaflaşdırma siyasəti büdcə gəlirlərinin xeyli dərəcədə artması ilə nəticələnib. Bu gün Azərbaycan regionda ən böyük büdcəyə malik olan respublikadır. Baxmayaraq ki, Ermənistanla müharibə vəziyyəti hələ də davam edir, bununla belə, yerli xammal və resurslara əsaslanan milli iqtisadiyyatın artım dinamikası bir çox sahələrdə cəsarətli addımlar atmağa imkan verir. Prezident İlham Əliyevin maliyyə vəsaitlərinin artmasını nəzərə alaraq büdcə vəsaitinin bir hissəsini sosial sahəyə, ölkə vətəndaşının maddi rifahının yaxşılaşdırılmasına istiqamətləndirməsi bu günə qədər görülən işlərin məntiqi yekunu kimi qiymətləndirmək olar.

Fevralın 25-də Prezident İlham Əliyevin yanında keçirilən iqtisadi və sosial məsələlərlə bağlı müşavirədə Azərbaycanın bugünkü iqtisadi uğurlarının başlıca səbəbləri ondan ibarət oldu ki, ölkəmiz unikal platforma ilə çıxış edib. O platformanın maliyyə böhranından yan keçməsi uğurun əsas məziyyətinə çevrilib. Bu ilin yanvar ayının yekunlarına əsasən, ölkədə iqtisadi artım, yəni, ümumi daxili məhsulun artımı təxminən 3 faiz təşkil edir. Son 2-3 il ərzində bu, ən yüksək göstəricidir. Eyni zamanda həmin inkişaf tempinin 2019-cu ildə də davam etdiriləcəyi gözlənilir. Şübhəsiz, respublikamızın sosial sahədə həyata keçirdiyi islahatlar proqramı Ermənistandan fərqli olaraq dünya miqyasında yüksək qiymətləndirilir və Azərbaycanın iqtisadi perspektivlərinə inam hər ötən gün bir qədər də artır. Məhz bu inamın nəticəsi olaraq Davos İqtisadi Forumunda ölkə iqtisadiyyatına böyük biznes tərəfindən çox böyük marağın olduğu ortaya çıxdı. Azərbaycana investisiya qoymaq istəyən şirkətlərin sayı sürətlə artır, ona görə də növbəti illər üçün xarici sərmayəni qeyri-neft sektoruna cəlbetmə məsələləri prioritet təşkil edəcək.

Prezident İlham Əliyevin sosial siyasətinin ana xəttini əhalinin aztəminatlı hissəsi, əlillər, pensiya yaşına çatmış insanlar, habelə, şəhid ailələri, müharibə veteranları, qaçqın və məcburi köçkünlərin həyat şəraitini yaxşılaşdırmaq, onların rifah halını yüksəltmək təşkil edir. Bu baxımdan ölkə başçısının imzaladığı “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” 2019-cu il 25 fevral tarixli sərəncam daha bir humanist təşəbbüsün nəticəsidir. Bu sərəncam əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində mühüm tədbirlərin ardıcıl xarakter aldığını göstərir.

2019-cu ilin sonrakı mərhələsində görüləcək işlərin anonsu onu göstərdi ki, dövlət başçısının son islahatları müvəqqəti xarakter daşımır. Hərçənd müxalifətçilər və onların ətrafındakılar elə düşünürdü ki, bütün bunlar 19 yanvar mitinqindən sonra baş verməkdədir və müvəqqətidir. Amma anonsdan məlum oldu ki, prezidentin dayanmaq fikri yoxdur. 2018-ci ilin dekabrın 31-də xalqa təbrikində söylədiyi sözləri yerinə yetirməkdədir. Prezident bildirmişdi ki, 2019-cu il xalqımızın taleyində müsbət il olacaq. Budur, nəticəsi görünür. Və dövlət başçısı bunu müxalifətin mitinqindən əvvəl demişdi. Sosial sahədə islahatların aparılacağına dair etdiyi anonsların real icrası hələ çox davam edəcək. Belə ki,

-12 200-dən çox şəhid ailəsinə dövlət tərəfindən 11 min manat ödəniş edilir və cari ilin sonuna qədər bu proqram tam icra olunacaq;

-şəhid ailələrinin müavinətləri 242 manatdan 300 manata çatdırıldı, o cümlədən, Əfqanıstanda həlak olanların ailələrinə verilən müavinət 220 manatdan 300 manata qaldırıldı;

-keçən il 5 900 köçkün ailəsi üçün mənzillər, evlər tikilmişdisə, bu il 6 mindən 7 minə qədər köçkün ailəsi yeni mənzillərlə təmin ediləcək;

-bu günə qədər 6 500-dən çox şəhid ailəsi dövlət tərəfindən mənzillərlə, evlərlə təmin edilib, bu il şəhid ailələrinə daha 800 mənzilin verilməsi nəzərdə tutulur;

-60 minə yaxın ailənin yaşadığı 400 çoxmənzilli bina dövlət qeydiyyatına alındı;

-təqribən 100 minə yaxın tələbənin təqaüdü artırıldı;

-minimum əmək haqqı 38 faiz artaraq 130 manatdan 180 manata qaldırıldı və 600 min insanı əhatə etdi;

-minimum pensiyaların məbləği də təxminən 38 faiz artaraq 116 manatdan 160 manata qədər yüksəldildi.

Xatırladaq ki, hazırda minimum pensiyanın səviyyəsinə görə Azərbaycan MDB məkanında ikinci yerdədir. Lakin bu da son hədd deyil və dövlət gələcəkdə ölkənin maddi imkanlarının artmasına adekvat olaraq minimum pensiya məbləğini də qaldırmaq niyyətindədir. Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycan hökuməti daha bir unikal sosial layihəni həyata keçirməyə hazırlaşır. Bu, vətəndaşları uzun müddətdən bəri narahat edən problemli kreditlərlə bağlı məsələdir. Ötən ildən başlayaraq adıçəkilən problemin həlli üzrə fəal iş aparılır, təkliflər paketi hazırlanır. Problem sadə olmasa da, ölkə başçısının dediyi kimi, əsas məsələ vətəndaşların rifah halının yaxşılaşması, onların maliyyə yükünün azaldılmasıdır. Bir neçə ay ərzində aparılan ciddi müzakirələr artıq bəzi nəticələrə gəlməyə şərait yaradır. Hər zaman öz vətəndaşının yanında olan, ona diqqət və qayğı göstərən Prezident İlham Əliyev yaxın gələcəkdə sözügedən problemin öz həllini tapacağını və Azərbaycanın bu məsələnin həlli sahəsində də öz liderliyini göstərəcəyini vurğuladı.

Beləliklə, Azərbaycan yeni uğurlar, yeni islahatlar ərəfəsindədir. Bu islahatlar ölkənin büdcə gəlirlərini də artırır. Əlbəttə, iqtisadi inkişaf sosial məsələlərin həlli ilə birbaşa bağlıdır. Çünki Prezident İlham Əliyev bu məsələlərlə bağlı güclü iradə ortaya qoyur. Bu gün elan edilmiş və icra edilən iqtisadi və sosial islahatlar imkan verir ki, əlavə maliyyə resursları bundan sonra da məhz vətəndaşların rifah halının yaxşılaşdırılmasına yönəldilsin. Müxalifət isə hələ də heç bir konsepsiya irəli sürə bilmir. İllərlə oturduqları otaqlardan xalqın taleyinə hesablanan heç bir platforma çıxmır. Çıxmayacaq da. Çünki boş vədlər vermək, pafoslu çıxışlar etmək daha asandır. Nə vaxta qədər ki, ətraflarında heç bir işıqlı elm adamı, ziyalı görünməyəcək, qocalıb qart hala düşəcəklər. Və heç bir ziyalı boş danışıqlarla məşğul olanların ətrafına toplaşmaz. İnsan o adamın ətrafında olar ki, o insan konkret iş görür. Konkret iş görənsə Prezident İlham Əliyevdir.

Azər QISMƏT

Bütün xəbərlər Facebook səhifəmizdə