"Xocalı soyqırımını törədənlər uzun illər Ermənistana rəhbərlik etdilər" Əli Həsənov

"Xocalı soyqırımını törədənlər uzun illər Ermənistana rəhbərlik etdilər" Əli Həsənov

Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun Xocalı soyqırımı, faciənin səbəbləri, günahkarlar barədə açıqlaması Türkiyənin Anadolu Agentliyində dərc edilib. SİA-nın verdiyi məlumata görə, Prezidentin köməkçisi 1992-ci il 26 fevral tarixində Azərbaycanın Xocalı şəhərində ermənilər tərəfindən törədilmiş qətliam nəticəsində 613 azərbaycanlının öldürüldüyünü, 150 nəfərin taleyinin hələ də naməlum qaldığını bildirib: "Erməni silahlı birləşmələri Soyvet Ordusunun Xankəndindəki 366-cı motoatıcı alayının hərbi dəstəyi ilə Xocalı şəhərinə basqın etdi. Xocalı bir gecədə yer üzündən silindi. Qaçmağa imkanı olmayan, əksəriyyəti qadın, uşaq və yaşlılardan ibarət 613 adam vəhşicəsinə qətl edildi. 1300-dən çox adam əsir alındı ki, onlardan 150-dən çoxunun harada olduğu hələ də müəyyən deyil. Ermənilər minlərlə azərbaycanlının yaşadığı bu qəsəbədə insanlıqdan kənar qətliam törətdilər. Xocalı soyqırımına imza atanlar sonradan Ermənistana illərlə baş nazir və prezident olaraq rəhbərlik etdilər. Hətta Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan Xocalıdakı qırğına haqq qazandıraraq, o gecə etdiklərini etiraf etdi".

27 il əvvəl törədilmiş Xocalı soyqırımının ermənilərin son 200 ildə etdiyi soyqırımlardan yalnız biri olduğunu vurğulayan Ə.Həsənov qeyd edib ki, əslində etnik təmizləmə siyasətinin kökündə ermənilərin Qafqaza yerləşdirilməsi olub.

Prezidentin köməkçisi bildirib ki, ermənilərin etnik təmizləmə siyasətlərinin kulminasiyası olan soyqırımı cinayətlərinə əl atmaları tarixdə bir neçə dəfə təkrarlanıb: "Tarixi həqiqətlər azərbaycanlıların davamlı olaraq ermənilərin soyqırımı və işğal siyasətlərə məruz qalaraq öz tarixi torpaqlarından sürgün olunduğunu izah edir. Böyük Ermənistan xəyalı ilə yaşayan ermənilər azərbaycanlılara xarici havadarlarının dəstəyi müxtəlif zamanlarda soyqırımı törədiblər. Yalnız XX əsrdə azərbaycanlılar 1905-1906, 1918-1920, 1948-1953 və 1988-1993-cü illərdə dörd dəfə soyqırımına və etnik təmizlənməyə məruz qalıb.

1915-1918-ci illər arasında ermənilər Bakı, Quba və Azərbaycanın digər bölgələrində Xocalı qırğınından daha qanlı və daha çox insanın həyatına son qoyan qırğınlar ediblər. Həmin vaxt Bakıda təxminən 20 min nəfər həlak olmuşdu. 1948-1953-cü illərdə Sovet İttifaqı tərəfindən 150 min azərbaycanlı Ermənistandan zorla köçürüldü. Bu immiqrasiya ilə türklər və müsəlmanlar olmadan bir erməni layihəsi istiqamətində böyük bir addım atıldı".

1988-ci ildən başlayaraq Sovet İttifaqının dağılmasına qədər davam edən müddətdə ermənilərin azərbaycanlılara qarşı açıq bir şəkildə torpaq iddiasında olduğunu deyən Ə.Həsənov bu işğal siyasəti nəticəsində 1988-1994-ci illər arasında Dağlıq Qarabağ bölgəsi və ətrafındakı Azərbaycan torpaqlarına hücumlar olduğunu xatırladıb. Bildirib ki, işğal zamanı tarixin unuda bilmədiyi hadisələr olub: "Ermənilər işğal etdikləri bölgələrdən 1 milyon insanı məcburi qaydada köçürüb, ata-baba yurdlarını əlllərindən alıblar. Bunların ən qanlısı isə Xocalı soyqırımıdır".

Azərbaycan Prezidentinin köməkçisi Xocalıda yaşananların bütün dünyaya çatdırılmasında medianın və lobbi fəaliyyətlərinin əhəmiyyətinə işarə edərək bildirib ki, Xocalı qırğınından sonra bütün dünya mediası törədilmiş vəhşiliyi manşetlərdə dərc etdilər: "Azərbaycan o zaman informasiya blokadasında idi. Anadolu Agentliyinin dəstəyi ilə bu mühasirəni qıraraq soyqırımı həqiqətlərini dünya ictimaiyyətinə çatdıra bildik. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqının təkidli tələbi ilə hakimiyyətə gəlişindən sonra ölkədə sürətli inkişaf başlandı. Bütün sahələrdə olduğu kimi media sahəsində də yeni mərhələ başlandı. İndi Azərbaycan mediası dünyanın ən güclü media qurumları ilə rəqabət aparacaq səviyyədədir".

Ermənistanın işğalçılıq siyasətini bu gün də davam etdirdiyini bildirən Əli Həsənov BMT, Avropa İttifaqı, Avropa Şurası və NATO kimi beynəlxalq qurumların qərar və qətnamələrinin tələblərinin yerinə yetirilmədiyini diqqətə çatdıraraq, Ermənistanın işğal etdiyi əraziləri qeyd-şərtsiz tərk etməsinin vacibliyini vurğulayıb.

“Ermənistanın işğalçılıq siyasətini davam etdirməsi hər an qanlı müharibəni alovlandıra bilər”, - deyən Əli Həsənov 2016-cı ilin Aprel döyüşlərinin yeni bir müharibənin necə ağır nəticələr doğura biləcəyini göstərdiyini bildirib: “2016-cı ilin Aprel döyüşləri Azərbaycan Ordusunun qısa müddətdə öz torpaqlarını işğaldan azad etmək gücündə olduğunu Ermənistana və bu ölkənin himayədarlarına göstərdi. Bu gün müasir silahlara sahib olan Azərbaycan Ordusu dünyanın ən güclü və hazırlıqlı ordularından biridir. Ermənistanın işğalçılıq siyasətinin davam etməsi hər an qanlı müharibənin fitilini alovlandıra bilər. Bu müharibədə on, bəlkə də yüz minlərlə insan həlak ola bilər. Amma biz münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında sülh yolu ilə həllinin tərəfdarıyıq. BMT, Avropa İttifaqı, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı kimi mötəbər beynəlxalq təşkilatlar Ermənistanı işğalçı dövlət olaraq tanıyıb, işğal altındakı torpaqların azad olunmasını tələb ediblər. Lakin ermənilər beynəlxalq hüquq normalarına, bu qərar və qətnamələrə hörmətsizlik göstərirlər”.

Türkiyə ilə Azərbaycan arasında sarsılmaz əməkdaşlığın olduğunu vurğulayan Əli Həsənov 2007-ci ildə Bakıda keçirilən qurultayın bunun konkret göstəricisi olduğunu bildirib. İkitərəfli əlaqələrin dövlətlərimizin başçılarının birgə səyləri ilə daha da gücləndiyini qeyd edən Prezidentin köməkçisi deyib: “Azərbaycan dövləti ulu öndər Heydər Əliyevin hakimiyyəti dövründə, indi isə Prezident İlham Əliyevin rəhbərliyi ilə Xocalı soyqırımının dünyada tanıdılması, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün bütün lazımi addımları atıb və atmağa davam edir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev “Bir millət, iki dövlət” olduğumuz kimi, “iki dövlət, bir lobbi”, “iki dövlət, bir diaspor” istiqamətində qəti iradə nümayiş etdirirlər.

2007-ci ildən etibarən bütün dünyada Türkiyə və Azərbaycanı təmsil edən lobbi və diasporlar həm Ermənistanın uydurma soyqırımı iddialarına qarşı, həm də Xocalı soyqırımının dünyaya çatdırılması məsələsində birlikdə mübarizə aparır. Buna dövlətlərimiz, ziyalılarımız, universitetlərimiz, tələbələrimiz, bütün sosial media vasitələrimiz və dövlət təşkilatlarımız dəstək verir. Erməni diasporu və dövləti, qondarma soyqırımı iddialarını davamlı olaraq gündəmdə saxlamaqla, əslində, Xocalı soyqırımını unutdurmağa çalışır. Hər il beynəlxalq platformalarda ermənilərin soyqırımı iddialarının yalan olduğunu, əslində ermənilərin Anadolu türklərinə və azərbaycanlılara qarşı qırğınlar törətdikləri ilə bağlı bütün həqiqətləri dünyaya çatdırırıq. Dünya artıq bir virtual informasiya şəbəkəsinə çevrilib. Türkiyə və Azərbaycan sosial şəbəkələrdəki mübarizədə birgə hərəkət etməlidir. Biz, iki qardaş dövlət olaraq, birlikdə fəaliyyət göstərməyin gücümüzə güc qatacağına inanırıq”.

Əli Həsənov qondarma soyqırımı iddialarını qəbul edən ölkələrdə ermənilərin lobbiçilik fəaliyyəti barədə danışaraq deyib: “Bəzi Avropa dövlətləri Ermənistanın heç bir sübutu olmayan qondarma soyqırımı iddialarını tanıyır. Lakin 27 il əvvəl bütün dünyanın gözləri qarşısında törədilən Xocalı qətliamını hansı səbəbdən görmür? Amma biz burada da işləri dayandırmamalıyıq. Bu dövlətlərin ictimaiyyəti, parlamenti, vətəndaş təşkilatları və xalqı ilə çalışmalıyıq. Biz konfranslar təşkil edərək onlara faktları çatdırmalıyıq. Biz ermənilərin soyqırımı iddialarının yalan olduğunu və 27 il əvvəl Xocalıda baş verənlərin həqiqət olduğunu anlatmalıyıq. Bunu hamımız birlikdə etməliyik. Azərbaycan diasporunun güclü olduğu yerdə azərbaycanlılar, türk diasporu güclü olan yerdə türklər bu məsələni gündəmdə saxlamalıdırlar”.

İslam dünyasına çağırış edən Əli Həsənov söhbətini bu sözlərlə yekunlaşdırıb: “Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev beynəlxalq platformalarda Türk-İslam dünyasının maraqlarının qorunması və mövcud problemlərin həlli üçün birlikdə hərəkət edir. Bütün dünyada müsəlmanlara qarşı təzyiqlərə ən çox sinə gərən ölkələrin Türkiyə və Azərbaycan olması inkar edilə bilməz bir həqiqətdir. İslam dünyasının mövcud problemlərinə qarşı da heç bir zaman laqeyd qalmadıq. İslam dünyasındakı dövlətlər də bizim problemlərimizə biganə qalmamalı, həm Xocalı soyqırımının tanınmasında, həm də ermənilərin qondarma soyqırımı iddialarına qarşı mübarizədə iştirak etməlidir. Unutmamalıyıq ki, ermənilər işğal etdikləri Azərbaycan torpaqlarında həm müsəlman qırğını törədib, həm də müsəlmanların müqəddəs yerlərini dağıdıblar”.

Bütün xəbərlər Facebook səhifəmizdə