Daşkəsəndə Xocalı soyqırımının 27-ci ildönümü dərin hüznlə qeyd edilib FOTOLAR

Daşkəsəndə Xocalı soyqırımının 27-ci ildönümü dərin hüznlə qeyd edilib FOTOLAR

Fevralın 26-da isə Daşkəsən rayon ictimaiyyətinin 4 mindən çox nümayəndəsinin iştirakı ilə rayonun Şəhidlər xiyabanında anım mərasimi keçirilib.

Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev rayon Şəhidlər xiyabanındakı əbədi məşəlin önünə gül dəstəsi qoyub.

Rayon rəhbərliyi, hərbçilər, ictimaiyyət nümayəndələri və sakinlər şəhid məzarlarını ziyarət edib, tər güllər və çiçəklər düzüblər.

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev ümumrayon anım mərasimində şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və iştirakçıları, rayon ağsaqqalları və veteranları ilə görüşüb, onların qayğıları ilə maraqlanıb.

Əhəd Abıyev ümumrayon anım mərasimində çıxış edərək bildirib ki, 27 il əvvəl – 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni təcavüzkarları Azərbaycanın Xocalı şəhərində bəşəriyyət tarixində ən qanlı faciələrlə bir sırada duran soyqırımı törədiblər. Xocalı faciəsi XX əsrin ən dəhşətli soyqırım hadisəsi və beynəlxalq cinayət kimi təsdiq olunmuşdur. Bu soyqırımı zamanı Azərbaycan xalqı minlərlə şəhid qurban verib.

Rayon rəhbəri qeyd edib ki, Azərbaycan xalqı 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq, etnik təmizləmə, soyqırımı siyasətinə məruz qalıb. Bunun nəticəsində də soydaşlarımız öz tarixi dədə-baba torpaqlarından qovulmuş, qaçqına, məcburi köçkünə çevrilib.

Erməni təcavüzkarlarının "dənizdən dənizə Ermənistan" adlı sərsəm bir ideyanı 1988-ci ildən yenidən reallaşdırmaq cəhdləri, Dağlıq Qarabağ ətrafında başlayan qanlı hadisələr kənd və şəhərlərimizin dağılması, on minlərə günahsız soydaşlarımızın ölümü, bir milyondan artıq azərbaycanlının didərgin düşməsi ilə nəticələndi. Bütün beynəlxalq hüquq normalarına zidd olaraq Ermənistan Dağlıq Qarabağı özünə birləşdirmək istəyir, bu yolda bütün cinayət və vəhşiliyə hazır olduqlarını bu gün də nümayiş etdirirlər. XX əsrin dəhşətli faciəsi olan Xocalı soyqırımı da bu aqressiv və cinayətkar erməni siyasətinin tərkib hissəsidir.

Çıxışında faciənin tarixinə bir daha nəzər salan icra başçısı diqqətə çatdırıb ki, 27 il bundan qabaq fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə 7 min əhalisi olan Xocalı şəhərində genosid aktı həyata keçirərkən burada yalnız 3 minə yaxın insan var idi. Çünki mühasirədə qaldığı 4 aydan artıq zaman ərzində blokadada olduğu üçün əhalinin xeyli hissəsi şəhərdən çıxmaq məcburiyyətində qalmışdı. Xocalı soyqırımı zamanı 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu. Bir neçə saat ərzində 613 nəfər soydaşımız, o cümlədən 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca xüsusi qəddarlıqla qətlə yetirilmiş, meyitlər üzərində təhqiredici hərəkətlərə yol verilmişdir. 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirmişdir. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürülmüş, onların 150-nin taleyi indi də naməlumdur.

Əhəd Abıyev onu da vurğulayıb ki, ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin apardığı uğurlu xarici siyasət sayəsində hazırda bu proses Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilib və Xocalı həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq aləmdə yayılması, eləcə də bu soyqırımına obyektiv qiymət verilməsi istiqamətində davamlı olaraq iş aparılır. Artıq Amerikada və dünyada Xocalı soyqırımını tanıyan və pisləyən ştatların və dövlətlərin sayı ildən-ilə artır.

Bu gün Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması hər bir azərbaycanlının borcudur. Xocalı faciəsi Azərbaycan xalqının heç vaxt unudulmayacaq və ibrət dərsi götürüləcək qan yaddaşıdır. Xalqımız, o cümlədən də biz daşkəsənlilər Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli, işğal olunmuş torpaqlarımızın azad edilərək ölkəmizin ərazi bütövlüyünün bərpası ümidi ilə yaşayır və bu günün uzaqda olmadığına inanırıq.

Bütün xəbərlər Facebook səhifəmizdə