Xocalı soyqırımında hər iki valideynini itirmiş uşaqların söylədikləri... ACI XATİRƏLƏR

Xocalı soyqırımında hər iki valideynini itirmiş uşaqların söylədikləri... ACI XATİRƏLƏR

Heç kimə sirr deyil ki, 1992-ci ilin 26 fevralında ermənilərin Xocalıda törətdikləri qətliamdır, soyqırımıdır. Bu günə qədər dünya tarixində heç bir insana və millətə qarşı edilməyən işgəncələr bizim xalqın yaşlı, qoca, uşaq, qadın və cavanlarının başlarına gətirilib. XX əsrin sonunda ermənilərin Xocalıda törətdikləri soyqırım indiyədək bəşəriyyətə qarşı yönəldilmiş ən ağır cinayətlərdən biri kimi qiymətləndirilir.

Xocalı faciəsi tarixin yaddaşından heç vaxt silinməyəcək. Bu gün Xocalıda həyatını itirənlərdən deyil, orada sağ qalan uşaqların xatirələrindən yazmaq istəyirəm. Bu faciənin bütün acısını görmüş, Xocalıda ata-anasını itirmiş, soyqırımın dəhşətini yaddaşlarına əbədi həkk etmiş həmin 25 uşağın yaşantıları, o dəhşətdən 27 il ötəndən sonra nəql etdikləri həyat hekayələridir. Onlar Xocalı dəhşətini yaşayanda onun acısını, miqyasını hələ tam dərk etmirdilər, çünki bu ağırlığı məsum uşaq qəlblərində yaşatmağa, körpə çiyinlərində daşımağa hazır deyildilər. Bəziləri üçün 27 ilin o tayında qalan Xocalının torpağı, daşı, meşəsi bəlkə də artıq uşaq yaddaşından silinib. Amma qan yaddaşı yaşayır. Onlar Xocalı soyqırımının canlı şahidləridirlər.

Artıq həyata öz baxışları olan, dünyagörüşü formalaşmış bu gənclərin Xocalı haqqında dedikləri, qan yaddaşlarında təzələnən ata-ana itkisi, doğma yurd həsrəti bir daha göstərir ki, Xocalı faciəsi davam edir, onun yarası qəlblərdədir.

Xocalı soyqırımında hər iki valideynini itirmiş uşaqların söylədikləri acı xatirələri dinləyəndə həyat hekayələri insanın bütün varlığını sarsıdır. İndi ömürlərinin gənclik dönəmini yaşayan bu insanlar - “böyüməyən uşaqlar” şahidi olduqları o dəhşətli gecə barədə danışdıqca insanın bütün varlığı nifrətdən gərilir, ürəyi sızlayır. 1992-ci ildəki həmin dəhşətli gecədə, qaranlıqda avtomatın ölüm saçan güllələrinin atəşi altında ayaqyalın, başıaçıq qarın üstü ilə qaçaraq erməni faşistlərin dən canını qurtarmağa çalışan bu körpələrin acı taleyi Azərbaycanın kəşməkəşli çağdaş tarixinin acı səhifəsidir. Dinc əhaliyə tutulan belə amansız divanın heç bir bəraəti ola bilməz. Gözləri önündə atası yandırılan balaca Xəzangülün, ölmüş anasının üstünü yun şalla örtərək “Sənə soyuq olar, ana” deyən, nə baş verdiyini anlamayan balaca qızcığazın yaddaş səhifəsini oxumaq ağırdır.

Xocalı faciəsində ata, ana və iki qardaşını itirən Mehdi Əliyev 4 yaşında ermənilərə əsir düşür. Amma bir neçə gün sonra əsirlikdən xilas edilir. Onun sağ qalması həqiqətən də Allahın bir möcüzəsidir. Amma o deyir ki,
“Yaşamaq çox çətindir! Hərdən öz-özümə deyirəm ki, yalandan yaşayırsan, Mehdi. Kimsəsizlik çox pis şeydi! Allah düşmənimə da qismət eləməsin. Nə dərdimi, nə də sevincimi bölüşə biləcəyim məhrəm adamım var. Başa düşürsünüz, mən hər iki valideynimi, həm də iki qardaşımı itirmişəm ... Bəzən mənə deyirlər ki, sən böyümüsən, yekə kişisən. Möhkəm ol! Bunu mənə deyənlər anlamırlar ki, mən böyüməmişəm. 4 yaşında olan Mehdiyəm. Atamı, anamı, qardaşlarımı axtarıram. Mənə onlar lazımdı. Bundan başqa mənə heç nə lazım deyil. Nə ev, nə iş, nə maşın. Heç nə, heç nə... Vallah, heç nə lazım deyil. Kaş mən də onlarla birlikdə öləydim.
Atamı, anamı, qardaşlarımı elə istəyirəm ki... Xocalının ən ağır dərdli sakini mənəm!”.

Mehdi indi Azərbaycanın Goranboy rayonunda dövlətimizin ona verdiyi evdə yaşayır.

Anar Orucov - Xocalı soyqrımında ana, ata və bacısını itirib. O vaxtı onun 7 yaşı olub. O deyir: Atam maddi baxımdan imkanlı idi. Yadımdadı ki, biz evdən tələm-tələsik çıxanda atam bir topa pulu masanın üstünə atdı. Dedi ki, nəzir qoyub gedirəm. Təki sağ-salamat Xocalıdan çıxa bilək. Ölsək də ailəlikcə ölək, əsir düşməyək. Amma sağ qala bilmədilər. Xocalı soyqrımında ölmüş anasının döşünü əmən körpə qız uşağı Anarın bacısı olub. Anarı isə bir traktorçu himayəyə götürüb. İki il Anarı yanında saxlayıb, öz balası kimi. Anarı qohumları meyidlərin içində axtarırlarmış, sonra harda olduğunu əmisinə xəbər veriblər. İndi Anar Bakıda yaşayır. O, 18 yaşında xalası qızı ilə ailə qurub. 10 ildən sonra oğlan övladları dünyaya gəlib.

O deyir: "İndi sanki hər şey yaddan çıxıb. Axı yaşımız artıb, az-çox firavan yaşayırıq. Amma o ağrıları unutmaq mümkün deyil. Qan yaddaşma hopub. 33 yaşım olsa da, valideyninin əlindən tutub gəzən uşaq görəndə çox pis oluram. Bilirəm ki, o uşaq “ata” dedikdə hönkürüb ağlayacağam.
.
Həmail Xəlilova - Xocalı soyqrımında ana, ata və bacısını itirib. Onun 6 yaşı var idi. O günləri yuxu kimi xatırlayır. Lakin atası ilə bağlı acı xatirələrini hələ də unutmayıb. Həmail deyir: "Atamla Ağdama sarı üz tutmuşduq. O biri doğmalarımdan tam ayrı, çünki onları itirmişdik. Ağdama çathaçatda atam gülləyə tuş gəldi, qarın boşluğundan dörd yara aldı. O, yerə yıxılanda yanında idim. Mən, altı yaşlı uşaq, hardan biləydim ki, ölüm nədi... Mənim əlim dən tutub aparırdılar. Ancaq gözüm arxada - atamda qalmışdı. Qəfildən atamın arxadan bizi hayladığını eşitdim. Atam zarıya-zarıya dedi ki, qızım, məni tək qoyub gedirsən... Təsəvvür edirsiniz? Dayım əlimdən tutub məni aparmaq istəyəndə, əlimi dayımın ovucundan çıxarıb var gücümlə atama tərəf qaçdım. Onu möhkəm qucaqladım, əllərindən, üzündən çoxlu-çoxlu öpdüm. Uşaq qollarımla atama sarılmışdım... Bizi bir-birimizdən ayırmağa çalışırdılar. Amma alınmırdı. O an hələ bilmirdim ki, bu, atamla son görüşümüzdü... Biz o yerdən uzaqlaşıb gedəndə atam hələ ölməmişdi. Ölərkən 27 yaşı vardı, elə anam da təxminən o yaşlarda idi, 25-26. O an heç yadımdan çıxmaz. Atam başını yerə qoydu. Ağlayırdı. Məni zorla atamdan ayırdılar. Ayaqlarım getsə də, gözüm arxada qalmışdı. Onu son anadək izləyirdim. Gördüm ki, papağı başından sürüşüb düşdü. Yenidən yanına qaçdım. Məni bir daha qucaqladı. Papağını ona verib dedim ki, başına qoy, sənə soyuq olar, bir az gözlə, gəlib səni aparacağıq. Sonunu nə biləydim... Bacımsa elə bilib ki, anam yatıb. Hardansa bir adyal tapıb anamın üstünə örtübmüş. Örtüb ki, anam üşüməsin. Sonra bu dəcəl qız da dizindən aldığı iki güllə yarasından ölüb. Ölmüş anasını yatmış zənn edib üstünə adyal örtərkən...

Həmayil və 23 günlük bacısı o gündən sonra nənəsinin yanında qalıblar. Nənəsi faciədən sonra havalanmışdı. Başqa bir ailə onları bir müddət himayəsinə götürmüş sonra yenidən nənələrinə qaytarmışdılar. Sonra Həmayil əmisigildə, bacısını isə yaxın qohumlarından biri övladlıq götürüb. İndi Həmayil öz xalası oğlu ilə evlidir. Xalası oğlu da Xocalı faciəsindən sağ çıxan adamlardan biridir.

Mübariz Həmidov - Xocalı soyqrımında 13 yaşında idi. O həmin faciədə ata və anasını itirib. Onun anası əsir düşüb. Bu günə qədər taleyi bəlli deyil. O deyir ki, faciə günü ailəmdən ayrı düşdüm: "10 gündən çox meşədə qaldım, o soyuq-qiyamətdə. Qar yağır, şaxta ülgüc kimi kəsirdi. Yeməyə də bir tikə yox. Yuxusuz, taqətsiz, ac-yalavac. Soyuqdan sağ ayağımı don vurmuş halda. Üstəlik, ayağımda və bədənimdə güllə yarası ilə. Meşədə qaldığım günlər heç yadımdan çıxmaz. Ətrafım meyitlə doluydu. Bircə nəfər sağ adam belə yoxuydu. Şaxtada donmuş meyitlər. Məni ayaqda saxlayan ancaq ətrafdakı cansız adamların özləriylə götürdüyü çörək oldu. Meyitlərin cibindən çörək tapıb yeyirdim. Susuzluğumu isə qarla yatırırdım".

Mübariz Həmidovun indi 39 yaşı var, Goranboy rayonunda yaşayır. Ailəlidir. İki övlad atasıdır.

Yasəmən Hüseynova - Xocalı soyqrımında ana və atasını itirib. O vaxt onun 12 yaşı var idi. O deyir: "Bugünkü kimi yadımdadı, Xocalı soyqırımı törədiləndə orda deyildik, atam bizi xalamgilə, Ağcabədiyə, Hindarx kəndinə aparmışdı. Amma anamı Xocalıda saxladı. Bizi xalamgildə qoyub sağollaşanda mənə dedi ki, Yasəmən, evin böyük uşağı sənsən, bacından, qardaşından muğayat ol".

Yasəmənin atası o gecə qəhrəmanlıqla döyüşüb, sonra ermənilərə əsir düşməmək üçün üstündəki qumbaranı partladıb. "Anamın aqibəti daha dəhşətli idi. Xocalıdan çıxan adamlardan onu çox soraqladım. Biri dedi, orada gördük, biri dedi, burda gördük. Kəsəsi, ha soraqlaşdıq, tapmadıq. Yalnız 16 il sonra internetə yerləşdirilmiş bir fotoda anamı tanıdım. Onu barmağındakı üzükdən və ayağındakı corabdan tanıdım. Yüz faiz oydu. Anamın ölməsinə sevindim... Axı o ermənilərə əsir də düşə bilərdi", deyir.

Yasəmən xanım, ailəlidir. Məktəbdə müəllimə işləyir. Onun sağ qalan bacı və qardaşı da təhsil alıb.

Xəzangül Əmirova - Xocalı soyqrımı baş verəndə onun 8 yaşı vardı. Xəzangül deyir ki: "Gözümün qabağında anam və bacımı güllələdilər, atamı isə diri-diri yandırdılar. Anam və bacım güllə yarasından ölmüşdülər".

Xəzangülü, atasını və digər Xocalı sakinlərini ermənilər mühasirəyə alıb əsir götürürlər: "Girov saxlanılırdıq. Kişilərlə qadınlar ayrı-ayrılıqda. Aqibətimizin necə olacağını bilmirdik. Ölüm qorxusu hamımıza bələnmişdi. Saxlandığımız yerdə soyuqdan tir-tir əsirdik. Ac-yalavac, susuz. Qadınlar və uşaqlar dayanmadan ağlaşırdı... Qəfildən bir erməni əsgəri qapını açdı. Ona sarı qaçdım. Dedim ki, atamı görmək istəyirəm, məni atamın yanına apar. Atamın adını, əlamətlərini dedim. Dedi ki, atanı görmək istəyirsən? Gözlə, səni onun yanına aparacağam. Az sonra yenidən gəldi və məni özüylə apardı. Qapıdan çıxanda gördüm ki, həyətdə atamı ağaca bağlayıblar. Atama tərəf qaçdım, amma erməni əsgəri məni tutub saxladı, atamı qucaqlamağıma imkan vermədi. Dedi ki, narahat olma, atanı öldürməyəcəyəm. Sadəcə atana suallarım var, o sualları cavablandırsın, sonra onu buraxacağam. Atama işgəncə verərək deyirdilər ki, sən deməlisən ki, Qarabağ erməni torpağıdır. Atam isə deyirdi ki, məni öldürsəniz də, bunu deməyəcəyəm. Sonra atamın üstünə benzin tökdülər. Bir daha atama tərəf qaçmaq istədim. Erməninin qarşısında diz çökdüm. Onun ayaqlarını qucaqladım, yalvarıb-yaxardım ki, atamı buraxsın. Erməni əsgəri çəkməsinin ucu ilə məni kənara tulladı. “Atanı öldürmürəm , qorxma”, -dedi. Bir daha təkrar olaraq, atamdan “Azərbaycan torpaqları ermənilərindir” sözünü deməsini istədilər. Atama bildirdi ki, bu sözü desə, onu azad edəcəklər ki, heç olmasa uşaqlarını saxlasın. Amma o, hətta ölməyimizə belə, razı idi, amma bu sözü dilinə gətirmədi və əsla öz torpağını satmayacağını söylədi. Atamın üstünə yenidən benzin töküb kibriti onun üstünə atdılar. Alovlar içində idi. Mən bir də qışqırdım ki, atamı öldürməyin. Atamsa dediyindən dönmürdü. Atamı gözümün qarşısında diri-diri yandırdılar. 8 yaşlı uşağın gözü önündə anası, bacısı güllələndi, atası diri-diri yandırıldı... Bu hadisə heç vaxt mənim gözlərimin önündən getmir. Bunu unutmaq mümkün deyil. Bu, unudulası hadisədirmi!?".

Xəzangülün indi 29 yaşı var, Bakıda yaşayır. Ailəlidir. 8 yaşında oğlu var. Qardaşı Vüsal polis əməkdaşıdır. Bacısı da ailəlidir, 2 övladı var.

Hər iki valideynini itirən 25 nəfər uşağın hamsının acı xatirələrini yazsaq, onları oxumağa saatlarla vaxt lazımdır. Lakin onu deyə bilərəm ki, bu uşaqların taleyi oxşardır. Acı xatirələri bir-birinə bənzəyir. Bu 25 nəfər indi də uşaqdırlar. Onların yaşına baxmayın. Onlarla bir dəqiqəlik söhbət etsəniz, bunu hiss edərsiniz. O dəhşətlərin üstündən 27 il ötsə də, o uşaqlar sanki heç böyüməyiblər. Bəlkə də heç böyümək istəməyiblər. O dəhşətlərdən sonra necə böyümək olardı ki... Vacib olan odur ki, bu gün onlar dövlətimizin qayğısı ilə əhatə olunurlar. Hər birinin evi, ailəsi, uşaqları var. Keçmiş xatirələri yada salanda acı çəksələr də, indi öz ailələri ilə xoşbəxtdirlər.

Lakin haqq-ədalət yerini tapmalıdır! İllərdir xalqımız bütün dünyadan “Xocalıya Ədalət” istəyir. Və bu gün də biz bu tribunadan dünya xalqlarına, beynəlxalq təşkilatlara səslənərək Xocalımıza ədalət istəyirik. Hamımız bir olub çalışaq ki, bütün dünya bu soyqrımı tanısın. Ermənistanın hərbi-siyasi təcavüzü dünya ictimaiyyəti tərəfindən ittiham edilməlidir. Beynəlxalq təşkilatlar, dünya dövlətlərinin parlamentləri Ermənistan Respublikasının Azərbaycan torpaqlarında törətdiyi hərbi cinayətə - Xocalı soyqırımına, əsl soyqırımı hadisəsi kimi beynəlxalq siyasi-hüquqi qiymət verməlidirlər. Bəlkə ondan sonra Xocalıda həyatını itirmiş insanların, günahsız körpələrin ruhu şad olacaq, məzarlarında rahat uyuyacaqlar.

Lamiyə İsazadə,

"Kimsəsiz Uşaqların Sosial Müdafiəsi" İctimai Birliyinin sədri,

şair-publisist, Prezident təqaüdçüsü

Bütün xəbərlər Facebook səhifəmizdə