Dünya ölkələrində XOCALI SOYQIRIMI anılıb FOTOLAR

Dünya ölkələrində XOCALI SOYQIRIMI anılıb FOTOLAR

Bu gün dünyanın əksər ölkələrində Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın qədim Xocalı şəhərinin işğal edilməsi və orada yaşayan azərbaycanlılara qarşı soyqırımı törədilməsi dərin hüzn və kədərlə yad edilir. SİA-nın verdiyi məlumata görə, təkcə Azərbaycan diaspor təşkilatlarının nümayəndələri yox, eyni zamanda yerli sakinlər bu amansız terror aksiyasına, tək günahları azərbaycanlı olduqları üçün qətlə yetirilən yüzlərlə xocalılının qətlə yetirilməsini kəskin qınayır və cinayətkarların ədalət məhkəməsinə çıxarılmasını, onların sərt cəzalandırılmasını tələb edirlər.

Moskvadakı Yəhudi muzeyi və Tolerantlıq Mərkəzində Xocalı faciəsi qurbanlarına həsr olunmuş xatirə axşamı keçirilib. Tədbir Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya ədalət!” kampaniyası çərçivəsində təşkil edilib.

Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi, Azərbaycanın Rusiyadakı səfirliyi və Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) təşkil etdikləri xatirə axşamında tanınmış ictimai-siyasi xadimlər, Moskvada akkreditə olunmuş diplomatik korpusun və Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.

Əvvəlcə rejissor Vaqif Mustafayevin “Ağrını içimizdən çəkək” sənədli filmi göstərilib.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu çıxış edərək həmin dəhşətli gecədə baş vermiş hadisələrdən danışıb. O qeyd edib ki, erməni silahlı dəstələrinin MDB-nin 366-cı motoatıcı alayının dəstəyi ilə Xocalı şəhərinə hücum etməsindən 27 il ötür. Həmin hücumdan əvvəl hərbi əməliyyat hazırlanıb, məhv ediləcək bütün əsas nöqtələr düşünülüb, bu şəhərə giriş yolları müəyyən edilib. “Cinayətkarlar öz cəzalarına çatmayana qədər biz hamımız özümüzü Xocalı qurbanı hesab etməli və dünya ictimaiyyətinin Xocalı soyqırımını tanımasına nail olmalıyıq. Bugünədək 16 ölkənin parlamenti və ABŞ-ın 19 ştatı bu terror aktını pisləyib. Xocalı soyqırımının bütün dünyada tanınması istiqamətində “Xocalıya ədalət!” kampaniyası təşəbbüsünü irəli sürən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva böyük işlər görür. Bugünkü tədbirimizi də Heydər Əliyev Fondunun dəstəyi ilə keçiririk. Buna görə mən Leyla xanıma, həmçinin Fondun Rusiya nümayəndəliyinin əməkdaşlarına xüsusilə təşəkkür etmək istəyirəm. Mən, həmçinin bu ağır gündə bizim yanımızda olduqlarına görə rusiyalı dostlarımıza, həmkarlarıma, səfirlərə, diplomatik korpusun təmsilçilərinə artıq dərəcədə minnətdaram”, -deyə P. Bülbüloğlu qeyd edib.

Milli Məclisin deputatı Rasim Musabəyovun sözlərinə görə, bu kədərli tarix təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkələrində qeyd olunur. O, bu yaxınlarda İsrailə səfərindən, oradakı Akko şəhərində Xocalı soyqırımının 27-ci ildönümü münasibətilə keçirilən tədbirdən bəhs edib.

Deputat xatırladıb ki, həmin vaxt Dağlıq Qarabağda cəmi 130 min erməni vardı və Dağlıq Qarabağ və ona bitişik rayonlarda yaşayan 700 min azərbaycanlı işgəncə və ölüm qorxusu altında evlərini tərk etməli olublar. R.Musabəyov deyib: “Bu qanlı qırğını törədənlər münaqişənin sülh yolu ilə nizamlanmasına istəmirdilər. Onlara çoxlu qan tökülməsi lazım idi. Bu müharibəni başladanlar Ermənistanda yüksək vəzifələrə təyin olundular. Məsələn, Robert Koçaryan, onun ardınca Serj Sarkisyan Ermənistan prezidenti oldular. Ermənistan prezidenti olan Sarkisyan jurnalistlərə bəyan etmişdi: “ Xocalı faciəsinə qədər azərbaycanlılar düşünürdülər ki, bizimlə zarafat etmək olar. Onlar elə bilirdilər ki, ermənilər mülki vətəndaşlara əl qaldırmazlar. Biz isə bu stereotipi sındıra bildik”. 366-cı alayında batalyon komandiri olmuş və Xocalıya hücumu təşkil etmiş Seyran Oqanyan Ermənistanın müdafiə naziri oldu. Bəziləri generala, digərləri milyarderə çevrildilər. Hamısı da azərbaycanlıların qanı bahasına. Azərbaycan qisas gününü gözləmir. Biz ədalət gözləyir və ona ümid edirik”.

Milli Məclis Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin müdiri, beynəlxalq hüquq üzrə ekspert Nizami Səfərov çıxışında diqqəti beynəlxalq ictimaiyyətin soyqırımı faktını siyasi müstəvidə tanımasının vacibliyinə yönəldib. Onun sözlərinə görə, bu problemin əsas komponentlərindən biri soyqırımı, hərbi cinayətlər və insanlıq əleyhinə qarşı cinayət kimi hərəkətlərə görə cəzasızlığa son qoyulmasıdır. O, Xocalı faciəsini törədənlərin heç birinin müttəhimlər kürsüsündə oturmadığı faktını ikili standartların göstəricisi adlandırıb. N. Səfərov vurğulayıb: “Bu soyqırımı aktı Azərbaycan xalqına qarşı aparılan ardıcıl etnik təmizləmə siyasətinin davam idi. Çox təəssüf ki, biz bugünədək günahkarların cəzalandırılmasına nail ola bilməmişik. Dünya ictimaiyyəti Ruanda, Livan və digər ölkələrlə bağlı xüsusi tribunallar təsis edib. Lakin Azərbaycanda kütləvi qırğınların günahkarları barəsində heç bir cəza tədbiri görülməyib. Tam əminliklə deyə bilərəm ki, bu cinayəti törədənlər müttəhimlər kürsüsündə oturacaqlar, çünki bu cür cinayət işlərinin qapadılması qanunla mümkün deyil. Beynəlxalq hüquqda bir sıra hüquq alətləri mövcuddur və tez və ya gec qatillər öz cəzalarını alacaqlar”.

Rusiya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, Rusiya Dövlət Humanitar Universitetinin prezidenti Yefim Pivovar çıxışında deyib “Mən heç nədən və heç bir səbəb olmadan, sadəcə orada yaşadıqları üçün qətlə yetirilən, heç nədən xəbəri olmayan və heç kimin əleyhinə çıxmayan, heç bir qanunları pozmayan, silahı olmayan, hətta onlara nədən işgəncə verildiyini başa düşməyən uşaqların, qocaların, qızların, gənc oğlanların, qadınların xatirəsi önündə baş əymək istəyirəm”. O qeyd edib ki, Xocalı faciəsinin sülh prosesi üçün heç bir imkan yeri qoymamaq, təşviş yaratmaq və insanları öz doğma yerlərindən didərgin salmaq məqsədilə əvvəlcədən planlaşdırılmış aksiya olduğuna heç bir şübhə yoxdur. Bu hadisənin təfərrüatlarını indiki gənc nəslə, Azərbaycan, Rusiya və Ermənistan, habelə digər ölkələrin gənclərinə çatdırmaq mühümdür. Bu cinayətin unudulmaması və heç bir zaman təkrar olunmaması zəruridir. “Düşünürəm ki, biz bu cinayətin yaddaşlardan silinməməsi, cinayətkarların cəzalandırılması üçün hər şeyi edəcəyik”, deyə o vurğulayıb.

“Vestnik Kavkaza” informasiya agentliyinin baş direktorunun müavini Andrey Petrov qeyd edib ki, “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının ingilis dilində tərcüməsi çox dəqiq alınıb – “Justice for Khojaly”, çünki “justice” kəlməsi təkcə ədalət deyil, həm də ədalət məhkəməsi mənasındadır. Bu isə Azərbaycanın nail olmaq istədiyi məqsəddir. O əlavə edib: “Bu hadisənin faciə adlandırılması təsadüfi deyil, biz olmuş faciəni aradan qaldıra bilmərik, lakin özümüzü və yaxınlarımızı bu cür faciələrin təkrar olunmasından qoruya bilərik. Birincisi, mümkün qədər çox insanı bu faciənin təfərrüatları barədə məlumatlandırmalıyıq, ikincisi, həqiqəti təhrif etmək və kiçiltmək cəhdlərinin qarşısını almalıyıq, üçüncüsü isə, xocalıların qətlinə görə qatillərin mühakimə olunması uğrunda mübarizə aparmalıyıq”.

RAGB-nin fəalı Orxan Kərimov gənclərin adından beynəlxalq ictimaiyyəti Xocalıya ədalətə çağırıb. O deyib: “Gənclərin bu faciəni xatırlaması mühümdür. Əminəm ki, ədalət zəfər çalacaq və xocalılar öz doğma yurdlarına qayıdacaqlar”.

Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar Aşqabadda anım tədbiri təşkil olunub

Azərbaycanın Türkmənistandakı səfirliyi tərəfindən Xocalı soyqırımının 27-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib. SİA xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycanın Türkmənistandakı səfiri Həsən Zeynalov 1992-ci il fevralın 26-na keçən gecə Xocalı şəhərinə ermənilər tərəfindən bütün istiqamətlərdən hücum edildiyini, nəticədə erməni silahlı birləşmələrinin keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının köməyi ilə Xocalının işğalını həyata keçirdiyini qeyd edib. İşğalçıların Xocalını viran etdiklərini, onun dinc əhalisini xüsusi amansızlıqla qırdıqlarını deyən səfir 106-sı qadın, 63-ü uşaq və 70-i ahıl olmaqla, 613 mülki şəxsin qətlə yetirildiyini, 8 ailənin tamamilə məhv edildiyini, 25 uşağın hər iki valideynini itirdiyini, mindən çox sakinin yaralandığını, 1275 şəxsin əsir götürüldüyünü, 150 sakinin itkin düşdüyünü və sadəcə azərbaycanlı olduqları üçün onlara qarşı bu qırğının həyata keçirildiyini diqqətə çatdırıb.

Erməni silahlı birləşmələri tərəfindən dinc sakinlərin kütləvi şəkildə öldürülməsinin, əsirlərin və meyitlərin təhqir edilməsinin dünya üçün sirr olmadığını qeyd edən səfir bunun Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan tərəfindən də fəxrlə etiraf edildiyini bildirib.

Xocalıda mülki əhalinin qırğınının Ermənistanın mənfur və amansız etnik təmizləmə siyasətinin tərkib hissəsi olduğunu bildirən səfir bu qətliamın beynəlxalq cinayət hesab olunduğunu, bu əməlləri törədən, onlarla əlbir olanların hər birinin məsuliyyət daşıdığını qeyd edib.

Xocalı qırğınının soyqırımı kimi tanıdılmasının Azərbaycanın xarici siyasətinin vacib məsələlərindən olduğunu bildirən səfir bir sıra ölkələrin, həmçinin İslam Əməkdaşlıq Təşkilatının Xocalıda dinc əhalinin qırğınının pislənilməsinə və Xocalı faciəsinin soyqırımı və insanlıq əleyhinə cinayət əməli kimi tanınmasına dair qərarlar qəbul etdiklərini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Həsən Zeynalov “Xocalıya ədalət!” aksiyası çərçivəsində atılan addımların əhəmiyyətini qeyd edərək, beynəlxalq hüquq çərçivəsində görülən tədbirlərin cəzasızlığa son qoyulmasına və Ermənistanın Azərbaycana qarşı təcavüzü fonunda törədilmiş ağır cinayətlərə görə məsuliyyət daşıyan şəxslərin ədalət mühakiməsinə cəlb edilməsinə xidmət edəcəyinə əminliyini bildirib.

26 fevral tarixinin həm də Sumqayıt hadisələri ilə xarakterizə olunduğunu bildirən diplomat Sumqayıtda baş verənlərin Dağlıq Qarabağ münaqişəsinin alovlandırılması istiqamətində ermənilərin sovet rəhbərliyi və təhlükəsizlik orqanları ilə birgə təşkil etdiyi xüsusi hazırlanmış ssenari olduğunu qeyd edib. Təsadüfi deyil ki, Sumqayıt hadisələrinin ildönümü günü Xocalı soyqırımını törədən ermənilər Sumqayıtın “intiqamı”nı aldıqlarını bildirirdilər.

Böyük bir hissəsinin uşaq, qadın və qocalardan ibarət olduğu dinc mülki əhaliyə qarşı onların milli mənsubiyyətinə görə edilən bu hərəkətlərin heç bir izahının, bəraətinin olmadığını, bu soyqırımını törədənlərin ən ağır şəkildə cəzalanmalı olduqlarını ifadə edən tədbir iştirakçıları soyqırımı qurbanlarının xatirəsinin hər bir azərbaycanlının qəlbində daim yaşayacağını bildiriblər.

Çıxışlardan sonra tədbir iştirakçıları Xocalı soyqırımını əks etdirən fotosərgiyə və videomateriallara baxıblar.

Hindistanda Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb

Azərbaycanın Hindistandakı səfirliyi xalqımızın tarixində ən dəhşətli faciə olan Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar Aqra şəhərində yerləşən Kendriya Hindi Sansthan Universitetində anım mərasimi təşkil edib.

Səfirlikdən SİA-ya bildiriblər ki, tədbirdə universitetin yerli tələbələri ilə yanaşı, Azərbaycan, Türkiyə, Özbəkistan, Misirdən olan əcnəbi tələbələr də iştirak ediblər. Səfirliyin əməkdaşı çıxış edərək Xocalı faciəsi haqqında ətraflı məlumat verib, bu soyqırımının bəşəriyyətə qarşı cinayət olduğunu diqqətə çatdırıb.

Əcnəbi tələbələr adından çıxış edən türkiyəli gənc bu soyqırımının təkcə Azərbaycan deyil, həm də bütün türk dünyası üçün çox ağır faciə olduğunu vurğulayıb. O, Xocalı soyqırımını törədən cinayətkarların ədalət məhkəməsi qarşısına çıxarılaraq onlara layiq olduqları cəzanın verilməsini tələb etdiklərini söyləyib.

Tədbir iştirakçıları Xocalı faciəsi qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad edib, ruhlarına dualar oxuyublar. Sonda ehsan süfrəsi açılıb.

Sofiyada Xocalı soyqırımı anılıb

Sofiya şəhərinin tarixi məkanlarından olan Mərkəzi Hərbi Klubda Azərbaycanın Bolqarıstandakı səfirliyi və Bakı Slavyan Universitetinin Müqəddəs Kliment Oxridski adına Sofiya Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin birgə təşkilatçılığı və Azərbaycan Dövlət Pantomima Teatrının iştirakı ilə Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunan anım mərasimi keçirilib.

Anım mərasimində Bolqarıstanın dövlət qurumlarının və ölkədə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, Azərbaycan diasporunun təmsilçiləri, həmvətənlərimiz, tələbələr, “Azərbaycanın Dostları” Bolqarıstan-Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri, ictimai, mədəni xadimlər iştirak ediblər.

Tədbirdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan-Bolqarıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rauf Əliyev xüsusi qonaq qismində iştirak edib.

Xocalı soyqırımı haqqında iştirakçılara ətraflı məlumat verən Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova 27 il bundan öncə - 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin keçmiş sovet ordusunun əsasən ermənilərdən ibarət 366-cı motoatıcı alayının köməyi ilə Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində yerləşən Xocalı şəhərinə xaincəsinə hücum edərək şəhərin dinc sakinlərini qəddarcasına qətlə yetirdiklərini bildirib. Bu qanlı hadisələr nəticəsində 106 qadın, 63 uşaq və 70 qoca daxil olmaqla 613 günahsız azərbaycanlının öldürüldüyü, 487 nəfərin yaralandığı, 1275 nəfərin girov götürüldüyü, 150 nəfərin taleyinin naməlum qaldığı, 8 ailənin tamamilə məhv edildiyi, 25 uşağın hər iki valideynini, 130 uşağın isə bir valideynini itirdiyi, ölənlərdən 56 nəfərin ifrat qəddarlıqla qətlə yetirildiyi barədə tədbir iştirakçılarına məlumat verilib.

Həmin gecə baş vermiş dəhşətli insan haqları pozuntularının “Memorial” hüquq müdafiə mərkəzi (Rusiya) və “Human Rights Watch” (keçmiş Helsinki Watch) təşkilatının müstəqil hesabatlarında təsdiqləndiyini ifadə edən səfir o zaman qlobal mediada ermənimeyilli təbliğatın üstünlük təşkil etməsinə baxmayaraq, ermənilər tərəfindən Xocalıda törədilən inkarolunmaz vəhşiliklər barədə xəbərlərin dünyanın bütün aparıcı KİV-ləri tərəfindən yayıldığını qeyd edib. Bu xüsusda o, Fransanın nüfuzlu “Le Monde” qəzetinin 1992-ci il 14 mart tarixli buraxılışında xarici jurnalistlərə istinadən Xocalıda törədilmiş cinayətlər haqqında məlumatın “Azərbaycan təbliğatı deyil, həqiqət olduğu”nun xüsusi vurğulandığını tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Xocalı şəhərinin Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın qeyri-qanuni separatçı rejimin qondarma “ozünümüdafiə qüvvələri komitəsi”nin başçısı olduğu zamanı işğal edildiyini qeyd edən N.Qurbanova S.Sarkisyanın Ermənistanın müdafiə naziri olduğu dövrdə Böyük Britaniyadan olan jurnalist Tomas de Vala verdiyi müsahibədə dinc əhalinin məhv edilməsində ermənilərin rolunu etiraf edən məlum açıqlaması (“Xocalıdan əvvəl azərbaycanlılar düşünürdülər ki, ermənilər mülki insanlara qarşı əl qaldıra bilməzlər. Amma biz bu stereotipi sındıra bildik”) haqqında məlumat verib.

Səfirin çıxışından sonra mərasim Azərbaycan Dövlət Pantomima Teatrının Xocalı soyqırımına həsr olunmuş “Xocalı – bu olub” tamaşası ilə davam etdirilib. Səhnə əsərində Xocalı həqiqətləri, 1992-ci ilin 26 fevralında erməni işğalçılarının dinc azərbaycanlı əhaliyə qarşı həyata keçirdikləri soyqırımı pantomima teatrı estetikasında nümayiş olunub.

Mərasimin sonunda Azərbaycan milli ənənələrinə uyğun olaraq, Xocalı soyqırımına məruz qalmış soydaşlarımızın xatirəsinə ehsan süfrəsi açılıb. Eyni zamanda, Sofiya şəhərindəki “Banya Başı” məscidində Xocalı şəhidlərinin ruhuna “Quranı-Kərim”dən ayələr oxunub və dualar edilib.

Şimali Kipr parlamentində Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar müzakirələr aparılıb. Azərbaycan-Kipr Dostluq Cəmiyyətindən SİA-ya verilən məlumata görə, Yenidən Doğuş Partiyasının sədri, deputat Ərhan Arıqlı Şimali Kipr parlamentinin iclasında Xocalı soyqırımı mövzusunda çıxış edib. O deyib: “Milli və dini mənsubiyyətinə görə insanları kütləvi halda və amansızlıqla qətlə yetirmək, başqasının torpağını işğal etmək məqsədilə həyata keçirilən Xocalı soyqırımı insanlıq tarixinin ən dəhşətli cinayətidir. Xocalı soyqırımı Azərbaycanın və bizlərin ortaq acısıdır. Xocalıda 613 günahsız insan vəhşicəsinə qətlə yetirilib, meyitlər təhqir olunub, əsirlərlə amansız davranılıb”.

Erməni yazıçı Zori Balayanın həkim adına ləkə gətirən cinayətlərindən danışan deputat Azərbaycan torpaqlarının 20 faizinin işğal altında saxlanılmasının davam etməsini yolverilməz hadisə kimi dəyərləndirib. O qeyd edib ki, Ermənistan beynəlxalq hüquqa əməl etməli, Xocalı faciəsi dünya dövlətləri tərəfindən soyqırımı aktı kimi tanınmalıdır.

Dünyadakı ikili standartların sülhə və əmin-ənamlığa böyük təhlükə yaratdığını bildirən deputat qeyd edib ki, Şimali Kipr parlamenti tezliklə Xocalı soyqırımına münasibət bildirməli, dünya ictimaiyyətinə çağırış etməlidir.

İndoneziyanın aparıcı ali təhsil müəssisələrindən biri olan İndoneziya Universitetində Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş “İnsanlıq: sülh şəraitində birgəyaşayış naminə ədalət axtarışında” (Humanity: in search of justice for peaceful coexistence) mövzusunda seminar təşkil edilib. Bu barədə Azərbaycanın İndoneziyadakı səfirliyindən məlumat verilib.

İndoneziya Universitetinin, digər ali təhsil ocaqlarının professor və tələbələrinin, Türkiyə səfirliyinin nümayəndələrinin, ölkənin aparıcı KİV-lərinin təmsilçilərinin qatıldıqları tədbirdə Azərbaycanın İndoneziyadakı müvəqqəti işlər vəkili Ruslan Nəsibov “Xocalıya ədalət!” adlı xüsusi təqdimatla çıxış edib. O, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və ermənilərin tarixi Azərbaycan torpaqlarına köçürülməsi haqqında geniş məlumat verib. Münaqişə nəticəsində Azərbaycan ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğal edildiyini və bir milyondan çox soydaşımızın etnik təmizlənməyə məruz qalaraq qaçqın və məcburi köçkünə çevrildiyini qeyd edən R.Nəsibov BMT Təhlükəsizlık Şurasının Ermənistan qoşunlarının işğal edilmiş Azərbaycan torpaqlarından tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələrinin bu günədək yerinə yetirilmədiyini vurğulayıb.

Xocalı soyqırımı barədə iştirakçılara məlumat verən R.Nəsibov bildirib ki, 1992-ci il fevralın 25-dən 26-a keçən gecə Ermənistan silahlı qüvvələri əhalisi tamamilə azərbaycanlılardan ibarət olan Xocalı şəhərinə hücum edərək, 106-sı qadın, 63-ü uşaq və 70-i qoca olmaqla, 613 dinc sakini misli görünməmiş vəhşiliklə qətlə yetirib. O, həmçinin 487 nəfərin ağır yaralandığını, 1275 nəfərin girov götürüldüyünü və 150 nəfərin itkin düşdüyünü deyib. R.Nəsibov erməni xalqının milli qəhrəman səviyyəsinə qaldırdığı, beynəlxalq terrorçu Monte Melkonyanın qardaşı Markar Melkonyanın “Qardaşımın yolu” kitabında Melkonyanın komandanlığı altında erməni silahlılarının Xocalının işğalı zamanı mülki azərbaycanlıları kütləvi şəkildə qətlə yetirərkən törətdikləri vəhşilikləri necə təsvir etdiyini qonaqların diqqətinə çatdırıb.

Bundan əlavə R.Nəsibov Tomas de Vaalın “Qara Bağ” kitabından Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın “azərbaycanlılar düşünürdülər ki, ermənilər dinc əhaliyə əl qaldırmayacaq, lakin (Xocalıda törətdiklərimizlə) biz bu stereotipi qıra bildik” sözlərini tədbir iştirakçılarının diqqətinə çatdıraraq, Xocalı soyqırımının məsuliyyətinin birbaşa dövlət və fərdi olaraq Ermənistan hakimiyyətinin üzərinə düşdüyünü, lakin günahkarların hələ də cəzalandırılmadığını təəssüf hissi ilə qeyd edib.

Bununla yanaşı, R.Nəsibov Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanan “Xocalıya ədalət!” beynəlxalq təbliğat kampaniyası barədə danışaraq, kampaniyanın strateji hədəflərindən birinin də Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması olduğunu deyib. O, “Xocalıya ədalət!” kampaniyasının fəaliyyəti nəticəsində bu günədək 16 ölkənin, o cümlədən ABŞ-ın 22 ştatının qanunverici orqanının, eləcə də İslam Əməkdaşlıq Təşkilatının Xocalıda törədilmiş cinayəti soyqırımı kimi tanıdığını bildirib.

Sonra tədbirin moderatoru, Cakarta Universitetinin kitabxanasının rəhbəri Fuad Qani də Xocalı soyqırımı haqqında geniş məlumat verib.

Daha sonra iştirakçıların çoxsaylı sualları cavablandırılıb.

Sonda Xocalı Soyqırımının dəhşətlərindən bəhs edən “Zülmətdən qaçarkən” (Running from Darkness) sənədli filmi nümayiş etdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə