Aydın Mirzəzadə: "Barrozunun bəyanatla çıxış etməsini Ermənistanın ünvanına müəyyən ciddi mesajlar kimi də qəbul etmək olar"-MÜSAHİBƏ

Aydın Mirzəzadə: "Barrozunun bəyanatla çıxış etməsini Ermənistanın ünvanına müəyyən ciddi mesajlar kimi də qəbul etmək olar"-MÜSAHİBƏ
Millət vəkili Aydın Mirzəzadənin SİA-ya müsahibəsi

- Ötən həftə Avropa Komissiyasının sədri Joze Manuel Barrozunun ölkəmizə səfəri zamanı Dağlıq Qarabağla əlaqədar fikirlərin səsləndirməsi nədən xəbər verir?


- Sadə dillə desək, Avropa Komissiyası Avropa hökuməti funksiyasını yerinə yetirir. Ümumən kollegial və xüsusi səlahiyyət verilən bir orqan kimi Avropa Birliyinə daxil olan ölkələr adından qərar qəbul edib, bəyanat vermək hüququ var. Onun səfəri Azərbaycan üçün böyük əhəmiyyət daşıyır. Onun səfəri ölkəmizdə gedən inkişafa, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində roluna verilən yüksək qiymətdir. Avropa Birliyi iqtisadi bir qurum olduğuna görə, bir qayda olaraq siyasi məsələlərə, dövlətlərarası münaqişələrə qatılmırlar. Ancaq onun Azərbaycanda səfəri zamanı keçirdiyi mətbuat konfransında Dağlıq Qarabağla bağlı səsləndirdiyi bir neçə fikir bu problemin Avropa üçün böyük əhəmiyyət daşıdığını sübut edir. Onun məsələnin həllinə Avropa Birliyi tərəfindən də siyasi dəstək veriləcəyinə dair bəyanatı hesab edirəm ki, Avropa dövlətlərinin birgə mövqeyi kimi götürülə bilər. Bu gün dünyada Dağlıq Qarabağ məsələsi kimi dövlətlər arasında onlarla məsələ var. Lakin onların heç biri Dağlıq Qarabağ məsələsi kimi beynəlxalq siyasətin gündəliyində durmur. Avropa Birliyi onların həllinə bu və ya digər dərəcədə maraq göstərmir. Bunu Azərbaycan neft qaz çoxluğu ilə izah etmək düzgün olmazdı. Bunu regionda gedən proseslərə bəzi halda Avropanın maraq göstərməsi ilə əlaqələndirmək olar. Barozzu çıxışı zamanı ərazi bütövlüyü məsələsini ortaya qoydu. İş burasındadır ki, ikinci dünya müharibəsindən sonra Avropada sülh məhz ərazi bütövlüyü və toxunulmazlığı prinsipinin ortaya qoyulması ilə mümkün oldu. Avropa sənədlərin dəyişdirilməsinə edilən cəhdlərin yolverilməzliyini ikinci dünya müharibəsinin dəhşətlərindən sonra bir daha dərk etdi. Bu gün Ermənistan adlı dünyaya heç bir maraq doğurmayan ölkə dünyanın qoyduğu qaydalara meydan oxumaq istəyir. O ərazi bütövlüyü tanımır, qonşu dövlətlərin torpaqlarını işğal edir. Onun üçün qonşu dövlətlər, normal yaşamaq siyasəti yoxdur. Bu baxımdan Avropa Birliyi bu gün siyasi bəyanatını ortaya qoyaraq məsələnin ərazi bütövlüyü ilə həll edilməsinin vacib olduğunu vurğuladı. Azərbaycanla əlaqədar bir çox məsələlər kimi siyasi məsələlər də artıq Avropa Birliyi üçün ön plana çıxır.


- Avropa Birliyinin münaqişənin sülh yolu ilə həll edilməsinə tərəfdar olması müharibə variantına mane ola bilərmi?


- Avropa Birliyi məsələnin iki həllindən birinin daha prioritet olduğunu ortaya qoyur. O sülh yolu ilə həll olunmasını istəyir. Çünki müharibə itkilər, insan ölümləri, maddi sərvətlərin məhv olmasıdır. Ona görə də nüfuzlu beynəlxalq təşkilatın belə bir istəyini bildirməsi normaldır. Ancaq bir məsələdə var ki, biz Avropa Birliyindən Azərbaycanın ərazi bütövlüyünü tanıması ilə yanaşı Avropa qaydalarını tanımaq istəməyən Ermənistana sərt mesajlarının olmasını, Ermənistana sanksiyalar tətbiq etməsini istəyirik. Bu mümkün olan şey deyil ki, kimsə Avropa dəyərlərini həm qəbul etsin, eyni zamanda orta əsr təfəkkürü ilə qonşu dövlətin torpağını işğal etsin. Bu baxımdan Avropa Birliyinin məsələnin sülh yolu ilə həllini istəməsi normaldır və Azərbaycanın istəyi ilə üst-üstə düşür. Lakin münaqişə sülh yolu ilə həll olunmazsa, Azərbaycanın hərb yoluna əl atması istisna deyil.


- Avropa Komissiyasının sədri bəyanatında münaqişənin həllinin gecikməsinə də toxunub sizin buna münasibətiniz?


- Dağlıq Qarabağ münaqişəsinin həllinin yetişməsinə gəldikdə, əlbəttə ki, məsələ çoxdan yetişib. Problemin mövcudluğu artıq Cənubi Qafqaz regionunun sərhədlərindən çoxdan çıxıb. Dağlıq Qarabağ problemi dünyanın normal inkişafına mane olan bir problemə çevrilib. Hesab edirəm ki, Avropa Komissiyasının sədri Joze Manuel Barrozunun belə bir bəyanatla çıxış etməsini ad çəkməsə də Ermənistanın ünvanına müəyyən ciddi mesajlar kimi də qəbul etmək olar.


- Regionda gedən proseslərə nəzər yetirsək cari ili münaqişənin həll olunacağı il kimi hesab edə bilərikmi?


- 2010-cu ildə gedən proseslər Dağlıq Qarabağ münaqişəsinin həllinə çox yaxınlaşdırdı. Hətta ATƏT-in Astana sammiti ərəfəsində ciddi şəkildə problemin həll ediləcəyini deyən bəyanatlar da var idi. Ancaq görünür, problemin hələ bir sıra vacib məsələlərdə yenidən işlənməsinə böyük ehtiyac var. İl yeni başlayıb, amma artıq yanvarın 24-də Moskvada Azərbaycan Rusiya Ermənistan xarici işlər nazirlərinin Dağalıq Qarabağ məsələsi ilə bağlı müzakirələri olacaq. Bunun özü onu göstərir ki, baş tutacaq görüşün ardınca ya Rusiya prezidentinin iştirakı ilə ya da prezidentlərin ayrıca görüşlərinin keçirilməsi mümkündür. Görüşlər tez- tez keçirilir, məsələnin açıq şəkildə müzakirəsi, mövqelərin aydınlaşdırılması problemin həllinə yaxınlaşdırır. 2011-ci ildə bunun həlli üçün çox böyük perspektivlər var. Ancaq onun nə dərəcə real olacağını gələcək göstərəcək.


-Necə düşünürsüz nazirlərin görüşündən sonra prezidentlərin görüşü baş tuta bilərmi?

- Bir qayda olaraq xarici işlər nazirlərinin görüşündən sonra prezidentlərin görüşünü təklif etmək olur. Bu mümkündür. Amma Azərbaycan sadəcə görüş xatirinə görüş prinsipini heç vaxt qəbul etməyib. Hər zaman olduğu kimi bu dəfə də belə bir təklif olarsa, görüşün baş tutması bu məsələdə Ermənistanın nə dərəcədə konstruktiv mövqeyindən asılı olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə