Gorun çatlamadımı, İmadəddin Nəsimi?

Gorun çatlamadımı, İmadəddin Nəsimi?

Son illər Azərbaycanda “müğənni”lərlə, “şair”lərlə yanaşı, “bəstəkar”ların da sayı durmadan artmaqdadır. Yazdıqları dünya ədəbiyyatının ən qiymətli xəzinəsinə daxil olan şairlərimizin nəvələrinin cızma-qaraları, nəinki dünya, heç öz xalqının da malına çevrilə bilmir. Son illər bir nümunə də olsun sanballı musiqi əsərinin meydana gəlməməsi, gecə-gündüz özlərini tərifləyən və təriflədən müğənnilərin ciddi beynəlxalq nailliyyət əldə edə bilməməsi nədən bizləri düşündürmür? Üzeyir Hacıbəyovun, Qara Qarayevin, Fikrət Əmirovun, Arif Məlikovun müstəmləkə altında yaşayan bir xalqın bəstəkarları olmalarına rəğmən, Kremlin divarlarını darmadağın edib dünya arenasına çıxmaları, Müslüm Maqamayevin, Rəşid Behbudovun, Zeynəb Xanlarovanın bütün sədləri aşaraq sənətləri ilə dünyada xalqımızı layiqincə təmsil etmələri müqabilində, indiki müğənnilərimizin və özünü bəstəkar adlandıranların Azərbaycan televiziyalarının efirlərində özlərini reklam etməkdən o yana çıxa bilməmələri, hesab edirəm ki, hər kəsi ciddi düşündürməlidir. Nəsimi, Füzuli, Vaqif və Sabir nəvələrinin isə çayxana səviyyəli “şeir”lərindən danışmağa dəyməz. Görəsən, bunun səbəbi və yaxud səbəbləri nədir və yaxud nələrdir? Bir həqiqəti, ədalət naminə deməliyik ki, dünyanın heç bir ölkəsində sənət adamlarına bizim ölkədəki qədər dəyər verilmir. Sənət adamlarının hər bir problemi dövlət səviyyəsində həll olunur, müxtəlif adlarda təqaüdlər, fəxri adlar, sosaial təminatlar və s. ən yüksək səviyyədə həllini tapır! O zaman nədən inkişaf əvəzinə geriləyir, cılızlaşır, səviyyəsiz əsərlərlə yeni nəslin mənəviyyatına qənim kəsilməyi davam etdirirlər “sənət” adamları? Mənim şəxsi qənaətimə görə, bunun səbəblər toplusunun önündə laqeydlik deyilən bəla dayanır. O qədər laqeydik ki, gözlərimiz qarşısında sənət və inkişafımızın meyarına çevrilmək əvəzinə, mənəviyyatımızın bəlasına çevrilir, bizlər isə, bunu seyr edib susuruq. Bilmirəm gələcək nəsillər Nəsimini, Füzulini oxuyub, müasir yazarlarımıza üz tutanda, təkcə onu yazanları qınayacaq, yoxsa bütövlükdə, indiki nəsli? Dediyimin təstiqi üçün çox misallar gətirə bilərəm. Amma son günlər hər bir ziyalını narahat etməli olan bir fakta diqqətləri cəlb etməklə, nə demək istədiyimi anlatmağa çalışacağam. Bilirik ki, 2019-cu il Azərbaycan Respublikası Prezidentinin qərarı ilə "NƏSİMİ İLİ" elan edilmişdir. Bu fakt Azərbaycan Dövlətinin mənəvi dəyərlərimizə, onun mühüm qolu olan klassik ədəbiyyatımıza qayğısının bariz nümunəsidir. Gözləmək olar ki, Nəsimi ili təkcə şairin yubileyinin keçirilməsi ilə müşahidə olunmayacaq, həm də bu poetik fəlsəfə dühasının əsərlərinin gənclərə öyrədilməsində, onun yaradıcılığının beynəlxalq aləmə daha geniş yayılmasında yeni və ciddi addımlar atılacaq. Ancaq ilin ilk aylarından ortaya qoyulan mövqe, belə gedərsə yanıldığımıza işarə vurur. Konkret olaraq, böyük şairin hələ də fəlsəfi yükü tam açılmayan məşhur “Məndə sığar iki cahan...” mətləli şeirinə “bəstələnən” musiqi bunu deməyə bizləri vadar edir. Klassik poeziyaya “Leyli və Məcnun” operası, “Yeddi gözəl” baleti,“Sənsiz” romansı, “Şəbi-hicran” kantatası və s. kimi əzəmətli musiqilər bəstələyən xalqın övladları Nəsiminin bütün bəşəri varlığın fəlsəfi yükünü daşıyan, dünya poeziyasının şah əsərlərindən olan qitəsinin rep üslubunda bayağı, səviyyəsiz bir “bəstə” ilə xalqa təqdim edilməsi həm Nəsimiyə, həm də ümumən Azərbaycan sənət dünyasına, yumşaq desək, hörmətsizlikdir. Klassik poeziyaya müraciət edən bəstəkar, ən azı, müraciət etdiyi şeirin əruz vəzninin hansı bəhrinin hansı təfiləsində yazıldığını və həmin bəhrin, təfilənin mahiyyətini öyrənməli, sonra şeirə müraciət etməlidir. Bu “rep”i yazan (Deyilənə görə Afər Fərmanqızı adlı bir müğənnidir), ümumiyyətlə, bilirmi, həmin şeir hansı vəzndə yazılıb? Bunları yazmaqda məqsədim belə “bəstəkar”lara dərs vermək deyil (Onsuz da, onlar öyrənməkdən çox, cılız biliklərini öyrətməklə məşğuldurlar və bizim dediklərimizi heç veclərinə də almayacaqlar). AMEA-nın Dilçilik İnstitutunun, Ədəbiyyat İnstitunun, eləcə də, Yazıçılar Birliyinin, Bəstəkarlar İttifaqının belə bir fakta qəribə bir susqunluq nümayiş etdirmələri anlaşılmazdır və bu yazını da yazmaqda məqsədim cəmiyyəti, ziyalıları belə məqamlarda susqunluğun xalqımıza vurduğu mənəvi zərəri xatırlatmaqdan ibarətdir. Xatırlatdım da! Nəticəsini gözləyək. Xocalı faciəsinin ildönümü ərəfəsində olduğumuza görə, mövzunu da bu qətliamla bağlamaq yerinə düşər. Belə faciələri tarix boyu bizə yaşadanlar düşmənlərimiz olub. Məqsəd də xalqımızı mənən sındırmaq, kölə etmək, yurdumuza sahib çıxmaqdan ibarət olub. Belə faciələrə hüquqi qiymət verilməsi üçün kar-kor dünyanın zorla eşitməsinə, görməsinə çalışırıq. Bəs öz içimizdə bizim milli dəyərlərimizi heçə sayan, milləti soyundan ayırmağa çalışanların dərdini kimə deyək? Onu da bəlkə BMT-dən, AŞPA-dan, ATƏT-dən umaq?..

Mövzuya qayıdacağıq!

Təhmasib Novruzov

Bütün xəbərlər Facebook səhifəmizdə