Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Xocalı soyqırımı zamanı hər iki valideynini itirmiş şakinlərlə görüş keçirilib. Görüşdə soyqırım zamanı həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Nazirlikdən SİA-ya verilən məlumata görə, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev 27 il əvvəl erməni quldurlarının Xankəndidəki 366-cı motoatıcı alayın köməyi ilə Xocalı şəhərində törətdikləri soyqırımın bəşər tarixinə böyük qanlı faciə, insanlığa qarşı tarixi cinayət kimi daxil olduğunu bildirib.
Nazir qeyd edib ki, Xocalı soyqırımı zamanı Ermənistan silahlı qüvvələri dinc şəhər sakinləri olan 613 azərbaycanlınıı, o cümlədən 106 qadını, 63 uşağı, 70 qocanı xüsusi qəddarlıqla qətlə yetirib. 8 ailə bütünlüklə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərinin birini itirib. 1275 nəfər girov götürülüb, yüzlərlə dinc sakin ağır xəsarətlər alıb. Xocalının çoxlu sakini əsir və girov götürülərək amansız işgəncələrə məruz qalıb. Şəhərin infrastrukturu tamamilə dağıdılıb və yandırılıb.
S.Babayev xalqımızın ümummilli lideri Heydər Əliyevin xüsusi müraciəti əsasında 1994-cü ilin fevralında Milli Məclisin Xocalı soyqırımına hüquqi-siyasi qiymət verdiyini deyib. O, bildirib ki, Azərbaycan bu gün güclü orduya malik olsa da, Prezident İlham Əliyev münaqişənin beynəlxalq hüquq müstəvisində sülh yolu ilə nizamlanması üçün məqsədyönlü siyasət aparır, ardıcıl səylər göstərir.
2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə "Xocalıya ədalət" beynəlxalq kampaniyası başlanılıb. “Xocalıya ədalət!” beynəlxalq təbliğat kampaniyasından bəhs edən nazir onun əhəmiyyətindən danışaraq diqqətə çatdırıb ki, bu kampaniyanın əhatə etdiyi ölkələrin sayı daim artır. Xocalı faciəsinin dünyada soyqırımı aktı kimi beynəlxalq aləmdə tanınmasında bu təbliğat kampaniyası çox mühüm rola malikdir. İslam Əməkdaşlıq Təşkilatı Ermənistanı təcavüzkar kimi tanımaqla bərabər, Xocalı faciəsini də soyqırımı kimi tanıyan ilk beynəlxalq təşkilatdır.
Nazir ötən dövrdə artıq bir çox ölkələrin - Meksika, Kolumbiya, Peru, Pakistan, Bosniya və Herseqovina, Rumıniya, Çexiya, Sudan, İordaniya, Honduras, Qvatemala, Panama, Sloveniya, Cibuti və Paraqvay parlamentlərinin Xocalı soyqırımını beynəlxalq hüquq normalarına əsaslanaraq tanıdıqlarını bildiriblər. Nazir qeyd edib ki, həmçinin ABŞ-ın 22 ştatının qanunverici orqanları Xocalı soyqırımının tanınması barədə qətnamələr qəbul edib.
Görüş zamanı “Erməni təcavüzünün tanıdılması” İctimai Birliyinin sədri Səriyyə Cəfərova, “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai birliyinin sədri Emin Həsənli, “Dünyada Xocalı soyqırımının tanıdılması” İctimai Birliyinin sədr müavini, canlı şahid Mürvət Məmmədov, Xocalı şəhəri 2 nömrəli tam orta məktəbin direktoru, Milli Qəhrəman Füzuli Rüstəmovun bacısı Fiqurə Rüstəmova, Xocalı sakinləri Murad Hüseynov və Həmayıl Xəlilova şahidi olduqları Xocalı soyqırımından, erməni qəsbkarlarının Xocalı sakinlərinə, ümumən insanlığa qarşı törətdikləri vəhşiliklərdən bəhs ediblər. Onlar xocalılara, xüsusilə Xocalı soyqırımı zamanı yaxınlarını, o cümlədən hər iki valideynini itirmiş şəxslərə ötən dövrdə göstərilən dövlət qayğısından razılıqlarını bildiriblər.
Görüşdə xocalıların sosial müdafiəsi sahəsində görülən tədbirlər qeyd edilib, bu sahədə, həmçinin onların səmərəli məşğulluğunun təminatı istiqamətində aparılan işlər müzakirə edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB