“Xocalıya Ədalət” adlı tədbir keçirilib - FOTOLAR-VİDEO

“Xocalıya Ədalət” adlı tədbir keçirilib - FOTOLAR-VİDEO

Bu gün Bakının Ramanı qəsəbəsində yerləşən Eynulla Ağayev adına 198 nömrəli tam orta məktəbdə Xocalı faciəsinə həsr olunmuş “Xocalıya Ədalət” adlı tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü Dilarə Cəbrayılova, məktəbin direktoru Şəlalə Nadirova, Xocalı rayon İcra Hakimiyyətinin nümayəndəsi Xəlil Vəliyev, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Sabunçu rayon şöbəsinin sədr müavini Şahin Bağırov, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Azərbaycan müəllimi” qəzetinin müxbiri İlham Hüseynov, Milli Hüquq Evinin rəhbəri, hüquqşünas, pedaqoq Nicat Gözəlov, Azərbaycan Rəssamlar İttifaqının üzvü, məktəbin 11-ci sinif şagirdinin valideyni Ceyhun Qurbanzadə, Beynəlxalq Tələbə Futbol Birliyinin baş katibi, Beynəlxalq Mini Futbol Federasiyasının Hakimlər Komitəsinin üzvü Əfqan Həmzəyev, Azərbaycan Futnet Federasiyasının İctimaiyyətlə əlaqələr və informasiya departamentinin rəhbəri İlkin Vidadioğlu və digərləri iştirak ediblər.

Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Məktəbin direktoru Ş.Nadirova çıxış edərək Xocalı soyqırımı haqqında geniş məlumat verib. O, bu faciənin bəşəriyyətin ən böyük insanlıq cinayətlərindən olduğunu vurğulayıb.

Daha sonra Azərbaycan Rəssamlar İttifaqının üzvü C.Qurbanzadənin hazırladığı “Xocalı fəryadı” adlı rəsm əsərinin təqdimatı olub. Müəllif sözügedən rəsm əsərini 4 ilə hazırladığını bildirib. O, bəzən 3-4 ay fasilə vermək məcburiyyətində qaldığını da vurğulayıb: “Çünki Xocalı faciəsinin iştirakçıları ilə bu haqda söhbət edəndən sonra bir müddət özümə gələ bilmirdim. Ona görə fasilə verib, özümü toparlayıb yenidən əsərin üzərində işləməyə başlayırdım”.

Millət vəkili D.Cəbrayılova, Xocalı rayon İcra Hakimiyyətinin nümayəndəsi X.Vəliyev, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Sabunçu rayon şöbəsinin sədr müavini Ş.Bağırov və Beynəlxalq Tələbə Futbol Birliyinin baş katibi, Beynəlxalq Mini Futbol Federasiyasının Hakimlər Komitəsinin üzvü Əfqan Həmzəyev çıxış edərək Xocalı soyqırımı haqqında danışıblar. Onlar bu qanlı hadisənin XX əsrin ən böyük faciəsi olduğunu vurğulayıblar. Qeyd olunub ki, Xocalı faicəsinin dünyada tanıdılması istiqamətində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən əvəzolunmaz işlər həyata keçirilir. Onun təşəbbüsü ilə 2008-ci ildə təsis edilmiş “Xocalıya Ədalət” Beynəlxalq Kampaniyası çərçivəsində Xocalı soyqırımının beynəlxalq səviyyədə tanıdılması, faciə zamanı zərərçəkmiş şəxslərə təzminat verilməsinə nail olunması, cinayətkarların məsuliyyətə cəlb olunması, soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi istiqamətində çox önəmli addımlar atılır.

Məktəbin direktoru Ş.Nadirova C.Qurbanzadəyə təşəkkürnamə təqdim edib. Direktor rəssama öz əsərini 198 nömrəli məktəbdə təqdim etdiyinə görə minnətdarlığını bildirib.

Sonda şagirdlərin ifasında Xocalı faciəsinə həsr olunmuş və bəşəriyyəti sülhə çağıran şerlər səsləndirilib.

Müəllif: Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə